Xocalı soyqırımının 20-ci ildönümü Almaniyada geniş qeyd olunacaq

Xocalı soyqırımının 20-ci ildönümü Almaniyada geniş qeyd olunacaq

Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar tədbirlər Avropanın ayrı-ayrı ölkələrində, o cümlədən Almaniya, Fransa, İtaliya, habelə Danimarka, İsveç, Niderland Krallıqlarında, Polşa, Rumıniya, Macarıstan, Finlandiya, Çexiyada keçiriləcək.

Tədbirlərdə bu ölkələrin parlamentlərinin, ictimai-siyasi təşkilatlarının, Azərbaycan diasporunun, türk, yəhudi icmalarının nümayəndələri iştirak edəcəklər.

Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası fevralın 10-dan başlayaraq Berlin şəhərində "Biz sülh istəyirik" adlı silsilə rəsm müsabiqələrinə start verib. Fevralın 11-də Almaniyanın Hamburq şəhərində Saksen-Anhalt Əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş boks turniri keçirilmiş, yarışı izləyən 600-dən artıq tamaşaçıya Xocalı soyqırımı haqqında məlumat verilib. Maqdeburq şəhərində fevralın 17-də Almaniya Sosial Demokrat Partiyasının toplantısında Xocalı soyqırımına dair məruzə təqdim olunacaq, fevralın 18-də Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş avtomobil yürüşü, fevralın 26-da isə alman yazıçısı Rolf Kunşun alman dilində nəşr olunmuş "Xocalı" kitabının təqdimat mərasimi keçiriləcək. Fevralın 24-də Berlində Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin və Atatürkçü Düşüncə Dərnəyi Berlin-Brandenburq Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş "Qafqazda sülhün qorunması və Türk-Azərbaycan münasibətləri" mövzusunda konfransa keçiriləcək. Fevralın 25-də Berlin-Bakı Qalereyası Bakı Pantomima teatrı ilə birgə Berlində Xocalı soyqırımına həsr olunmuş foto və rəsm sərgisi təşkil edəcək, tamaşaçıların diqqətinə Xocalı soyqırımından bəhs edən ədəbi-bədii kompozisiya təqdim edəcək. Fevralın 25-də Berlində Azərbaycan Evi, Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti, Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə etiraz aksiyası təşkil olunacaqdır. Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbirlər Almaniyanın Drezden, Kassel, Hannover və Mayns şəhərlərində də keçiriləcək.



Bütün xəbərlər Facebook səhifəmizdə