Ukraynada fevral ayı “Xocalı ayı” elan olunub

Ukraynada fevral ayı “Xocalı ayı” elan olunub

Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar dünyanın bir çox ölkəsində tədbirlər, soyqırımı qurbanlarının anma mərasimləri, aksiyalar keçiriləcək. SİA-nın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi məlumata görə, fevralın 26-da Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı tərəfindən Moskvada "Xocalıya ədalət" kampaniyası çərçivəsində Rusiyanın ayrı-ayrı regionlarında Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbirlər təşkil olunacaq.


Xocalı faciəsinin ildönümü ilə əlaqədar tədbirlər Ukrayna, Belarus, Estoniya, Litva, Latviya və Kişinyovda da keçiriləcəkdir. İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Ukraynada fevral ayı "Xocalı ayı" elan olunub. "Xocalı ayı" tədbirlərinə Xarkovda start verilib. Xarkov vilayət administrasiyası rəsmilərinin, Azərbaycan diasporunun fəallarının, yerli KİV nümayəndələrinin iştirak etdikləri ilk anma mərasimində 20 ilin keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımına hüquqi siyasi qiymətin verilməməsi tarixi ədalətsizlik kimi qiymətləndirilib. Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə fevralın 25-də Kiyev şəhərində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anma mərasimi keçiriləcək.

Fevralın 26-da Minskdə Belarus, fevralın 27-də Kişineu şəhərində Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər keçiriləcək. Vülnüsdə Litva Azərbaycanlıları Cəmiyyəti fevralın 24-də, Tallində "Aydan" Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzi isə fevralın 25-də Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi ilə birgə Xocalı soyqırımı qurbanlarının xatirəsini anacaqlar.


Bütün xəbərlər Facebook səhifəmizdə