Ölkənin qərb bölgəsində həkim qıtlığı var

Ölkənin qərb bölgəsində həkim qıtlığı var

Ölkənin qərb bölgəsində həkim qıtlığı hökm sürür. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, xüsusən dağ rayonları və kəndlərində bu məsələ aktuallığını qorumaqdadır. Təkcə Göygöl rayonunda 30-a yaxın tibb işçisinə ehtiyac yaranıb. Əsasən də kənd xəstəxanaları və tibb məntəqələrində həkimə ehtiyac artmaqdadır. Rəsmi statistikaya əsasən Göygöl rayonun 10 tibb məntəqəsi var ki, bunların cəmi ikisində ixtisaslı, ali təhsilli həkimlər çalışır. Digər 8 tibb ocağında isə orta ixtisaslı tibb işçiləri işləyir.

Bəs, görəsən ağ xələtlilər niyə şəhər və ya rayon mərkəzlərindən kənarda çalışmaq istəmir? Bu sualın cavabını bir sıra amillərlə izah etmək olar. Müsahibimiz Eldar Muradov SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə həkimlərin kəndlərdə işləməməsi onların mühitə alışa bilməmələri ilə əlaqəlidir. Məsələnin qəribə tərəfi ondan ibarətdir ki, kənd yerlərində yaşayan, buradan ali məktəbə qəbul olub həkim ixtisası alan gənclər də sonradan kəndə qayıtmaq istəmir. Bütün bunlar isə son nəticədə kənd yerlərində tibbi xidmətin keyfiyyətini aşağı salan əsas amillərdən biridir. Məhz bu amil bu gün ucqar ərazilərdə yüksək keyfiyyətdə tibbi xidmətin olmamasında başlıca rol oynayır. Analoji vəziyyət təkcə Göygöl rayonu ilə məhdudlaşmır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə