Teatrlarda Xocalı \"tamaşası\"

Azərbaycan xalqının yaddaşına qara hərflərlə yazılan "Xocalı soyqırımı"ndan 20 il ötür. 1992-ci il fevralın 26-dan 27-nə keçən gecə erməni ordusu öz iyrənc əməllərini yenə də amansız insanların üzərində sınadı. Ermənistan Silahlı Qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırımı xarakteri daşıyan kütləvi qırğın nəticəsində çoxlu sayda insan həyatını itirib və evlərindən didərgin düşüb.

Azərbaycan prezidenti İlham Əliyev Xocalı soyqırımının 20-ci ildönümü haqqında sərəncam imzalayıb. Sərəncamdan irəli gələn tələblərə əsasən, Xocalı soyqırımının iyirminci ildönümünün keçirilməsi ilə bağlı şəhər, rayon kitabxanalarında Xocalı soyqırımı ilə əlaqədar anım tədbirləri, "dəyirmi masalar" və görüşlər keçiriləcək, kitab və fotosərgilər təşkil olunacaq.

SİA-nın məlumatına görə, istər siyasi, istərsə də mədəni baxımdan soyqırımın cəmiyyətə və beynəlxalq qurumlara çatdırılması və tanıdılması baxımdan müəyyən işlər görülür.

Mədəni baxımdan bu hadisənin bir daha gündəmə gətirilməsi teatrlarda da özünü büruzə verir. Belə ki, dövlət teatrlarında məhz 26 fevral üçün nəzərdə tutulan tamaşalar nümayiş olunacaq. Fevralın 26-da Akademik Milli Dram və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı soyqırımına həsr olunan əsərlər tamaşaçıların ixtiyarına veriləcək.

Belə ki, Akademik Milli Dram Teatrında həmin gün günorta və axşam seansları üçün 2 tamaşa göstəriləcək. Fevralin 26 saat 12.00-da yazıçı-dramaturq, xalq yazıçısı İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında hazırlanan "Qarabağnamə" tamaşası nümayiş olunacaq.

Mərahim Fərzəlibəyovun quruluş verdiyi tamaşasında rolları İlham Əsgərov, Kazım Abdullayev, Məsmə Aslanqızı, Rafiq Əzimov, Firəngiz Mütəllimova, Vəfa Rzayeva və başqaları ifa edəcək.

19.00-da axşam seansında yazıçı-dramaturq Hüseynbala Mirələmovun Qarabağ hadisələrinin əks olunduğu \"Xəcalət\" pyesi əsasında hazırlanan eyniadlı tamaşa izləyicələrə təqdim olunacaq. Bu əsər beynəlxalq teatr festivalının rəsmi saytında \"müasir dünyanın reallıqları ilə səsləşən\" əsər kimi qiymətləndirilib. Kollektiv bu tamaşa ilə Qarabağ müharibəsi ilə bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması niyyətini gerçəkləşdirmək istəyirlər. Bəhram Osmanovun quruluşunda göstərilən tamaşada baş rollarda xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruzov, əməkdar artistlər Mətanət Atakişiyeva, Əsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov və Xədicə Novruzlu çıxış edəcəklər.

Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı qurbanları Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında da anılacaq. Belə ki, fevralın 26-da teatrda yazıçı-publisist Vaqif Əlixanlının "Hardasan oğul" əsəri əsasında səhnələşdirilən "Əcəl atı" tamaşası nümayiş etdiriləcək. Yüksək vətənpərvərlik ruhunda qələmə alınaraq xalqımızın başına gətirilən müsibətləri əks etdirən tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı əməkdar incəsənət xadimi Sərdar Fərəcov, rejissoru Sərvər Əliyevdir. Səhnə əsərində rolları əməkdar artistlər Qəmər Məmmədova, Rahib Əliyev, Lətifə Əliyeva, Gülər Nəbiyeva, Vahid Əliyev, aktyorlar Şəfəq Əliyeva, Xalidə Şərifova, Yasəmən Məmmədova, Hüsniyyə Əhmədova, Natiq Fərzəliyev, Kərəm Hadızadə, Nuriyə Əliyeva canlandıracaqlar.

Bununla yanaşı, Şuşa Dövlət Musiqili Komediya Teatrı da Xocalı soyqırımı ilə bağlı bır sıra silsilə tədbirlər həyata keçirəcək. Teatrdan aldığımız məlumata görə, tədbirlər fevralın 23-ü və 24-də baş tutacaq. Belə ki, tədbirlərdə Xocalı soyqırımı haqqında hazırlanan qısa metrajlı filmlər, ədəbi bədii kompozisiyalar nümayiş olunacaq. Tədbirdə həmçinin Hüseyn Cavidin, Mehmed Arif Ersoyun, xalq şairi Zəlimxan Yaqubun şeirləri səsləndiriləcək. Bununla yanaşı, bəstəkarlar Qara Qarayev, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadənin əsərləri ifa olunacaq.

Xocalı soyqırımı hadisələrinə həsr olunan tamaşa nümayiş etdirəcək teatrlardan biri də İrəvan Dram Teatrıdır. Teatrın direktoru İftixar Piriyevin verdiyi məlumata görə, fevralın 26-da teatrda türk yazıçısı İlmi Papağçının "Soyqırım abidəsinin dastanı" nümayiş olunacaq. Həmin gün teatrda açıq qapı elan olunacaq.

Yuğ Dövlət və Musiqili Komediya Teatrının repertuarında isə fevralın 26-da nümayiş olunacaq heç bir tamaşa müəyyən edilməyib.

Onu da qeyd edək ki, şəhərimizdə mövcud olan bir sıra muzeylərimizdə də açıq qapı günü elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə