Prezident İlham Əliyev NATO-nun baş katibi ilə görüşündən sonra brifinq keçirib

Prezident İlham Əliyev NATO-nun baş katibi ilə görüşündən sonra brifinq keçirib
Azərbaycan prezidenti İlham Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussen ilə keçirdiyi görüşdən sonra Alyansın Brüsseldəki mənzil-qərargahında mətbuat nümayəndələri qarşısında çıxış edib. "Biz Silahlı Qüvvələrimiz daxilində islahatlar aparırıq və mən çalışıram onları NATO standartlarına uyğunlaşdırım. Buna görə də əməkdaşlığımızın bu hissəsinin Silahlı Qüvvələrimizə çox böyük təsiri var. Eyni zamanda, NATO-nun dünyanın müxtəlif yerlərində aparılan əməliyyatlarındakı iştirak hərbi qulluqçularımıza öz bacarıqlarını artırmaqda yardımçı olub və onlar NATO-dakı həmkarlarından bir çox məsələləri öyrəniblər", deyə prezident vurğulayıb. Prezident Əliyev NATO baş katibi ilə regional təhlükəsizlik məsələləri, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqları müzakirə etdiklərini bildirib: "Mən cənab baş katibi bu danışıqların hazırkı durumu ilə tanış etdim və bir daha ümidvar olduğumuzu bəyan etdik ki, bu münaqişə mümkün qədər tez həll olunacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Bunun üçün yaxşı hüquqi əsas var. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Biz gözləyirik ki, erməni tərəfi bu qətnamələrə əməl edəcək".Azərbaycan dövlət başçısı müzakirələrin müəyyən hissəsi enerji təhlükəsizliyinə həsr olunduğunu qeyd edib. "Bu, bütün ölkələrin – həm hasilatçı, həm istehlakçı ölkələrin milli təhlükəsizliyinin olduqca mühüm elementidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkəyə çevrilir və əminəm ki, çevriləcək. Avropadakı istehlakçılarımız, həmçinin NATO-nun üzvü olan dövlətlərdir. Bu mövzu müzakirələrimizin və məsləhətləşmələrimizin bir hissəsidir", deyə prezident əlavə edib.NATO baş katibinə etdiyi dəvətə görə minnətdarlığını bildirən prezident Əliyev NATO-Azərbaycan əlaqələrinin uğurla inkişaf edəcəyinə, qarşılıqlı maraqlara və ortaq dəyərlərə əsaslanacağına ümidvar olduğunu bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə