Azərbaycanda son səkkiz ildə yoxsulluq səviyyəsi 5,2 dəfə azalıb - TƏHLİL
Azərbaycan iqtisadi tərəqqi tempinə görə dünyada lider mövqeyini ilbəil qoruyub saxlayan və dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunduğu bir ölkədir. Bu yüksək nailiyyət ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və ölkənin hərtərəfli inkişafını stimullaşdıran strategiyanın prezident İlham Əliyev tərəfindən zamanın çağırışlarına, dünyada gedən siyasi-iqtisadi proseslərə uyğun tərzdə zənginləşdirilərək davam etdirilməsi, yüksək praqmatizmə əsaslanan məqsədyönlü siyasətin həyata keçirilməsi sayəsində mümkün olub.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosialyönümlü iqtisadi siyasət insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini nəzərdə tutur. Azərbaycan dövlət siyasətində sosialyönümlülük prinsipinə xüsusi önəm verildiyi, daim artan iqtisadi qüdrətin rifahlı cəmiyyət quruculuğuna səfərbər edildiyi, iqtisadi imkanların insanların yaşayışında real ifadəsini tapdığı, nəticə etibarilə dünya birliyində sosial dövlət statusunu getdikcə gücləndirən bir ölkədir.
Nazirlər Kabinetinin 2011-ci ilin yekunları ilə bağlı iclasında prezident İlham Əliyevin bildirdiyi kimi, ötən il ölkəmizin qarşısında duran bütün sosial və iqtisadi vəzifələr uğurla icra edilib, ölkəmizin uğurlu inkişafı davam edib. Belə ki, yoxsulluğun azaldılmasında mühüm amillərdən biri yeni iş yerlərinin açılması, insanların səmərəli məşğulluğunun təmin edilməsidir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov isə deyib ki, 2011-ci ildə 73 mini daimi olan 94 min yeni iş yeri açılıb və bu vaxtadək açılan iş yerlərinin sayı isə bir milyonu ötüb. Onun sözlərinə görə, bunun nəticəsində respublikamızda işsizliyin səviyyəsi ötən il daha da azalaraq 5,4 faizə enib. Bununla yanaşı, əhalinin gəlirlərində ilbəil artım özünü göstərir və ötən il ərzində bu artım 19,6 faiz olaraq, 7,9 faizlik inflyasiya göstəricisini 2,5 dəfə üstələnib. Deməli, insanların öz gəlirlərindən səmərəli istifadəsinə imkanlar mövcüddur.
Digər tərəfdən, 900 min pensiyaçının pensiyası orta hesabla 40 faiz artırılmaqla, ölkədə orta pensiya səviyyəsi 180-190 dollara yüksəlib. Ölkədə əmək haqlarının orta aylıq məbləği 460 dollara yaxındır. Ümumən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə iqtisadi inkişaf və yoxsulluğun azaldılması prosesləri paralel şəkildə özünü göstərir və bu gün Cənubi Qafqaz iqtisadiyyatinda 80 faizdən artıq paya malik olan, iqtisadi gücü daim artmaqda olan Azərbaycanda son səkkiz ildə yoxsulluq səviyyəsi 5,2 dəfə azalaraq 7,6 faizə düşüb.
Ötən il həyata keçirilən tədbirlər ilk növbədə bazar iqtisadiyyatı şəraitində sosial ədalət, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sisteminin təkmilləşdirilməsinə, vətəndaşların səmərəli məşğulluğunun təminatına, aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə və belə insanların rifahının yüksəldilməsi üçün onların aktiv tədbirlərə cəlb olunmasına, sosial müdafiə sisteminin qabaqcıl beynəlxalq təcrübənin tətbiqi nəticəsində daha mükəmməl bir sistemə çevrilməsinə xidmət edib. Artıq 2006-cı ilin ortalarından etibarən ölkəmizdə ünvanlı dövlət sosial yardımı sistemi tətbiq olunur. Ötən dövr ərzində bu mexanizm da da təkmilləşdirilib, onun əhatə dairəsi genişləndirilməklə, yoxsul ailələrin bu yardım növündən yararlanmaq imkanları daha da artırılıb. 2011-ci ilin sonuna olan məlumata əsasən, 120 478 ailə ünvanlı yardım alır ki, 541989 nəfər ailə üzvünü əhatə edən bu ailələrin hər birinə ayda orta hesabla 106,45 manat ödənilir. Yardım alan ailələrin 40,8 faizi tərkibində üç və daha çox uşaq olan ailələrdir. Ünvanlı yardımın hesablanması üçün ehtiyac meyarının məbləği 84 manata qaldırılıb. Ünvanlı yardımların təyinatında ictimai nəzarətin gücləndirilməsi məqsədilə "Ünvanlı sosial yardım təyin edən komissiya haqqında Əsasnamə"yə əlavə və dəyişikliklər edilərək, həmin komissiyanın üzvləri siyahısına təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəsissə və təşkilatların nümayəndələri də daxil edilib.
2011-ci il ərzində aktiv məşğulluq tədbirləri uğurla davam etdirilib. Qeyd olunan müddətdə nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 29299 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub. Müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilənlərin sayı ötən il 4299 nəfər təşkil edib. Ötən il 1568 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub. Bakı, Sumqayıt , Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən "Əmək Birjaları" tərəfindən 3938 nəfər müvəqqəti xarakterli iş yerlərinə göndərilib. Gənclərin gələcək peşə seçiminə kömək məqsədilə 108922 nəfər peşəyönümü məşğələlərinə cəlb edilib.
Nazir onu da deyib ki, son illərdə Bakıda, Naxçıvanda və Göyçayda yaradılan Regional Peşə Tədrisi Mərkəzləri peşə hazırlığının təşkili sahəsində əsas maddi-texniki baza kimi geniş imkanlara malikdirlər və ölkənin digər regionlarında da belə mərkəzlərin yaradılması nəzərdə tutulur. İqtisadi tərəqqinin yeni inkişaf mərhələsində olduğu, istehsalatda müasir texnologiyaların tətbiq edildiyi, yeni infrastruktur layihələrinin icra olunduğu bir şəraitdəəmək bazarında iqtisadi inkişafa uyğun, beynəlxalq tələblər səviyyəsində ixtisaslı kadların yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bununla bağlı olaraq, Dünya Bankı ilə birgə həyata keçirilən Sosial Müdafiənin İnkişafı Layihəsi çərçivəsində İSCO88/08-ə uyğun Təkmilləşdirilmiş Peşə Standartları və Əlaqədar Təlim Standartları hazırlanmaqdadır. Layihə çərçivəsində 3 il ərzində 200 peşə və 100 təlim standartı, həmçinin 200 standart üzrə qiymətləndirmə forması, peşə təsnifatının müasir tələblərə uyğunlaşdırılması məqsədilə təkliflər və Peşə Standartları Mərkəzinin yaradılması üçün hüquqi-institusional baza hazırlanacaq.
İşçi hüquqlarının etibarlı müdafiəsi nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən biridir və iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti daim gücləndirilir. 2011-ci ildə 6457müəssisədə əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti nəticəsində14896 halda qanun pozuntusu aşkar olunub. Yol verilmiş qanun pozuntuları ilə bağlı müvafiq tədbirlər həyata keçirilib. Eyni zamanda 1229 775 manat gecikdirilən ödəmələrin, o cümlədən 627541 manat gecikdirilən əmək haqqının işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Həmçinin qeyri-qanuni işdən azad edilən 152 nəfər öz əvvəlki işinə bərpa etdirilib. Nazirlik fəaliyyətinin bütün istiqamətlərində məqsədyönlü tədbirlər həyata keçirilib. Bunlar onu deməyə əsas verir ki, 2011-ci il ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial müdafiə sahəsində də irəliyə doğru yeni addımların atıldığı bir il olub.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov isə vurğulayıb ki, prezident İlham Əliyevin uğurla gerçəkləşdirdiyi sosialyönümlü iqtisadi siyasət və çevik islahatlar nəticəsində 2011-ci ildə ölkə vətəndaşlarının yaşayış səviyyəsi yüksəlib, ölkəmiz öz iqtisadi inkişaf tempinə görə öncül mövqeyini qoruyub saxlayıb, bütün proqramlar icra olunub, pensiyaçıların sosial müdafiəsi sahəsində mühüm addımlar atılıb. "16 yanvar 2012-ci ildə möhtərəm Prezidentimiz İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Həmin iclasda prezidentin bəyan etdiyi kimi, sosial sahədə bizim siyasətimiz uğurla davam edib, 2011-ci ildə maaşlar, pensiyalar artırılıb. 900 minə yaxın pensiyaçının təqaüdü təxminən 40 faiz artıb və bu da sosial siyasətimizin əsas istiqamətlərindən biridir. Azərbaycanda orta pensiyanın səviyyəsi hazırda təqribən 180-190 dollar səviyyəsindədir. Orta maaş 460 dollara yaxındır.
S.Müslümov bildirib ki, DSMF-nin gəlir və xərcləri üzrə proqnozların icrasının təmin olunması, sığorta-pensiya sisteminin inkişaf etdirilməsi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi 2011-ci ildə Fondun fəaliyyətinin əsas istiqamətlərini təşkil edib. İlkin məlumatlara əsasən, 2011-ci ildə Fondun gəlirləri 2119,1 mln. manat olmuşdur ki, bu da 2011-ci ilə nisbətən 354,0 mln. manat və ya 20,1 faiz çoxdur. 2011-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2010-cu ilə nisbətən 10,8 faiz və ya 119,4 mln. manat artaraq 1228,7 mln. manat təşkil edib: "2011-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 58,6 faizi və ya 719,4 mln. manatı qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqlarının payına düşür. Həmin təşkilatların ödədikləri məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 12,5 faiz və ya 79,9 mln. manat artıb, proqnoz 102,0 faiz icra olunub. Hesabat dövrü ərzində həm fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, fiziki şəxslərdən və torpaq mülkiyyətçilərindən daxilolmalar 13,3 faiz artıb. Hesabat dövründə büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 509,2 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilə nisbətən 8,4 faiz və ya 39,5 mln. manat artıb".
Fondun sədri nəzərə çatdırıb ki, daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. 2011-ci ildə Fondun xərcləri 2118,0 mln. manat olub. S.Müslümov qeyd edib ki, ölkə üzrə əmək pensiyaçılarının sayı ilkin məlumatlara görə, ilin sonuna 1278,3 min nəfər təşkil edib: "Gəlirlərin icrası, maliyyə dayanıqlıgının qorunması son nəticədə pensiyaçıların sosial müdafiəsinə xidmət edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2011-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 5,7 faizlik artım tətbiq olunub. Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, yeni sığorta-pensiya sistemi fəaliyyətə başladıqdan əvvəl və sonra pensiyaya çıxmış şəxslərin pensiya təminatındakı fərqlərin aradan qaldırılması məqsədilə "Əmək pensiyaları haqqında" Qanuna edilmiş dəyişikliyin tətbiqi nəticəsində 2011-ci ilin iyulun 1-dən əvvəlki sistemlə təyin olunmuş pensiyalar yenidən hesablanıb və 900 min nəfərə yaxın əmək pensiyaçısının pensiyası orta hesabla 40 faiz artırılıb. Eyni zamanda, 25 il elmi-pedaqoji fəaliyyət göstərərək işləməyən elmlər doktorunun pensiyasına 200 manat, elmlər namizədinin pensiyasına isə 120 manat əlavə edilib. Nəticədə, 2011-ci ilin əvvəli ilə müqayisədə ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 28,7 faiz artaraq 145,2 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 36,4 faiz artaraq 160,4 manata çatıb. Ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyaları üzrə isə 45 faiz təşkil edib".
S.Müslümov vurğulayıb ki, aparılan islahatlar nəticəsində qurulmuş sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi tədbirləri "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun davam etdirilib: "Fərdi uçot sisteminin tətbiq dairəsinin daha da genişləndirilməsi məqsədilə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində davam etdirilən tədbirlər nəticəsində fərdi uçota alınanların sayı ilin əvvəlinə nisbətən 166,4 min nəfər artıb. Bununla yanaşı, sığortaedənlərdən 2006-2010-cu illər üçün məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu prosesi davam etdirilir. Bunun nəticəsində fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığortaolunanların məlumatlandırılması işi təşkil olunacaqdır ki, hər bir işləyən şəxs öz gələcək pensiya təminatı naminə sosial sığorta haqlarının tam və vaxtında ödənilməsində maraqlı olacaq, beləliklə, inzibati nəzarət daha səmərəli ictimai nəzarətlə əvəzlənəcək. Artıq bu məqsədlə müvafiq proqram təminatı hazırlanaraq sınaqdan keçirilir".
DSMF sədri deyib ki, 2011-ci ildə pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri genişləndirilib. 2012-ci ilin 1 yanvar tarixinə pensiya ödənişi aparılan kənd yerlərində yaşayan pensiyaçıların 99,0%-nin, şəhərlərdə yaşayan pensiyaçıların 100%-nin, ümumilikdə isə 99,4%-nin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub. Bu məqsədlə ümumilikdə 512, o cümlədən kənd və qəsəbələrdə 123 bankomatın istifadəsi təmin edilib.Hər halda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu bundan sonra da dövlət başçısının tapşırıqlarını rəhbər tutaraq sosial məsələlərin uğurlu həllinə öz töhfələrini verəcək, insanların layiqli həyat səviyyəsinin təmin olunmasında səylərini daim gücləndirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB