Keçmiş Əfqanıstan döyüşçüləri Azərbaycan dövlətinin daimi əsgərləridir - İLDÖNÜMÜ
Sovet qoşunlarının 1989-cu ildə Əfqanıstandan çıxarılmasının 23-cü il dönümü ilə əlaqədar Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin üzvləri və Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun kollektivi Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və torpağlarının bütövlüyü uğrunda şəhid olan döyüşçülərin məzarını ziyarət ediblər.
Azərbaycan Respublikası Beynəlmiləlçi Döyüşçülər Fondunun prezidenti, Əfqanstan və Qarabağ müharibəsinin veteranı Sərraf Oruc Səs İnformasiya Agentliyinə Əfqanıstan müharibəsi barədə geniş məlumat verərək bildirib ki, 1979-cu il dekabr 25-indən 1989-cu il fevralın 15-nə qədər, Sovet İttifaqının 40-cı ordusu Əfqanıstan ərazisində olduğu müddətdə beynəlmiləlçilik missiyasını yerinə yetirərək 416 irimiqyaslı hərbi əməliyyatlarda iştirak edib. Ən böyük əməliyyatlardan biri olan "Maqistral" əməliyyatı 1987-1988-ci illərdə kənd təsərrüfatı mallarını manesiz daşımağa mane olan silahlıları zərərsizləşdirmək üçün keçirilib.
10-il müddətində SSRİ tərkibində olan keçmiş respublikaların 68 millətin nümayəndəsindən ibarət 620 min nəfər hərbçisi hərbi əməliyatlarda iştirak edib. Bundan əlavə 525 min əməkdaş SSRİ Dövlət Təhlükəsizlik Komitəsindən, 5 min nəfərə yaxını isə SSRİ DİN-dən bu ölkədə xidmət edib. Bunlardan 547 min nəfər döyüş əməliyyatlarında iştirak edib, 21 min nəfər işçi və qulluqçu əmək fəaliyyəti ilə məşqul olub.
Əfqanıstanda ümumi döyüşlərdə və keçirilmiş hərbi əməliyatlarda Sovet ordusunun 14453 nəfəri həlak olub, 292 nəfəri itkin düşüb, 5753 nəfəri isə müxtəlif dərəcələrdə bədən xəsarəti alıb. İtkilər bununlada bitməyib, Əfqanıstandan qayıtdıqdan sonra da 3203 hərbçi aldıqları yaralar nəticəsində sonralar dünyasını dəyişib.
Əfqanıstanda ümumi döyüşlərdə və keçirilmiş hərbi əməliyatlarda Sovet Ordusunun 86 hərbçisi Sovet İttifaqı Qəhramanı adına layiq görülüb (bunlardan 25 nəfəri ölümündən sonra), 200 minə yaxını isə müxtəlif döyüş orden və medallarla təltif olunub.
Sovet İttifaqı Əfqanıstan Demokratik Respublikasına dəstək olaraq 10 il müddətində təxminən 800 yüz miliyon ABŞ dolları yardım göstərib. Sovet İttifaqı Əfqanıstanda 40-cı ordunun saxlanması və hərbi əməliyyat xərcləri isə 3 miliyard ABŞ dollarından çox olub. Sovet ordusunun Əfqanıstan müharibəsində 147 tank, 1314 zrehli transpartyor, 433 artileriya sistemi, 118 təyarə və 333 vertalyot itkisi olub.
Məlum Cenevrə razılaşmasına əsasən 40-cı Ordunun Əfqanıstandan çıxarılmasına 1988-ci il 15 mayda başlanıb və bu proses 15 fevral 1989-cu ildə başa çatıb. Məhs bu gün münasibəti ilə MDB-yə üzv olan dövlərtlərdə keçmiş Əfqanstan döyüşçüləri bu günü təntənəli surətdə yad edirlər.
Sərraf Oruc xatırladıb ki, Azərbaycandan 7500 nəfər döyüşçü Əfqanıstan müharibəsində iştirak edib. Onlardan 208 nəfəri hərbi əməliyatlarda həlak olub, 450 nəfəri əlil olub, 7 nəfəri isə itgin düşüb. 1400 nəfər isə mülkü işlərdə xidmət edib. Böyük döyüş təçrübəsinə malik olan azərbaycanlı Əfqanstan veteranları Azərbaycanın Milli Ordusunun yaranmasında xususi rolu olub və onların əksəriyyəti Dağlıq Qarabağ uğrunda yenidən əllərinə silah alaraq fədakarcasına döyüşüb.
2 noyabr 1993-cü il tarixində Ümummilli Lider Heydər Əliyev televiziya vasitəsi ilə xalqa müraciət edərək Azərbaycan Respublikasının bütün vətəndaşlarını həmrəyliyə, birliyə dəvət edən vaxt Əfqanstan döyüşçülərinin 4500 nəfəri Vətənimizə, torpağımıza olan sevgisini bir daha nümayiş etdirərək, təcrübəli keçmiş doyüşçü kimi Ulu Öndərin çağırışına kütləvi şəkildə səs verdilər. Qarabağda yadelli erməni işğalçılarından torpağlarımızın azad olunması üçün Azərbaycanın Milli Ordusunda ilk xüsusi təyinatlı döyüş batalyonu təşkil edərək döyüşə atılıblar. Onlardan 76 nəfəri şəhid, 45 nəfəri əlil olub, 6 nəfəri isə itkin düşüb. Əfqanıstan döyüşçülərindən Qarabağda torpağlarımızın azad oluması uğrunda erməni işğalçılarına qarşı gedən qızğın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə, 7 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 37 nəfər Azərbaycan Bayrağı Ordeni, bir çoxları isə döyüş medalları ilə təltif olunublar. Hal-hazırda da keçmiş Əfqanıstan döyüşçüləri Azərbaycan Dövlətinin Silahlı Qüvvələrində müxtəlif yüksək rütbəli vəzifələrdə xidmət edirlər.
"Əgər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsini hərb yolu ilə həll etmək əmrini verərsə biz - keçmiş Əfqanstan döyüşçüləri işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda döyüşməyə hazırıq! Yadelli işğalçılar və onların havadarları bilməlidirlər ki, Azərbaycan daha 1988-1993-cü illərin Azər¬baycanı deyil. Onun iqtisadiyyatı, hərbi potensialı və qüdrəti günü-gündən güclənməkdədir. Artıq Azərbaycanın Ordusu da 1992-1993-cü illərdəki ordu deyil. Azərbaycanın NATO standartlarına uyğun, qüdrətli Silahlı Qüvələri formalaşıb. Əgər birinci Qarabağ savaşında Azərbaycan Ordusunda az saylı hərbçisi döyüşürdüsə, indi onların sayı 10 minlərlədir. Keçmiş Əfqanıstan döyüşçüləri Azərbaycan Dövlətinin daimi əsgərləridir, onlar Vətən uğrunda döyüşməyə həmişə hazırdırlar! Biz Qarabağı ermənilərdən təmizləyib azad etmək üçün Azərbaycan Respublikasnın Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı İlham Əliyevin əmrini gözləyirik", - deyə S.Oruc bildirib.
Beynəlmiləlçi Döyüşçülər Fondunun prezidenti bildirib ki, çox aktual və Əfqanstan müharibəsini keçən əksər döyüşçüləri narahat edən məsələlərdən biri Müsdəqil Dövlətlər Birliyi səviyyəsində Əfqanıstan müharibəsi iştirakçılarının hüquqlarının qarşılıqlı tanınması və müdafiəsinə dair bir çox sazişlərin imzalandığı halda buna Azərbaycanda hələ də başlanılmamasıdır. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlil olan şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək, dövlət qayğısını artırmaq məqsədi ilə 9 sentyabr 2008-ci il tarixində 823 nömrəli "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezi¬den¬tinin təqaüdü" təsis edilib. Fərmana əsasən I qrup müharibə əlillərinə 90 manat, II qrup müharibə əlillərinə 70 manat və III qrup müharibə əlillərinə 70 manat təqayüd verilir.
"Qeyd etmək istəyirəm ki, hələ Böyük Vətən Müharibəsinin əlilləri bizim bir vaxt ümumi vətənimiz olan Sovet İttifaqı uğrunda müharibədə canlarını qoyduqlarına görə müxtəlif imtiyazlardan istifadə edirlər. İndidə həm Böyük Vətən Müharibəsi, həm Çernobıl, həm Qarabağ müharibəsi əlilləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən güzəştli siyahılarla mənzil və əlillər üçün maşınlar alırlar. Təsüflər olsun ki, bu imtiyazlar bizə məlum olmayan səbəbdən neçə illərdir ki, müharibə əlilləri arasında fərq qoyullaraq mənzil və maşın növbəsində dayanan Əfqanıstan müharibəsinin əlillərinə şamil edilmir. Belə bəziyyət isə Əfqanıstan müharibəsi əlillərində və veteranlarında inciklik yaradır. Bu gün Əfqan döyüşçülərinin qüruru öz sösial problemlərinin həlli üçün səslərini çıxarmaqa imkan vermir", - keçmiş döyüşçü deyib.
S.Oruc təəssüflə bildirib ki, Əfqanıstanda xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş 208 azərbaycanlı ailəsinə SSRİ dövründə şamil olunmuş imtiyazlar müstəqil Azərbaycan dövləti qrulduqdan sonra işləmir və həmin ailələrə dövlət tərəfindən bu gün heç bir imtiyaz nəzərdə tutulmur. Bu məsələ isə həmin ailəlri və biz keçmiş döyüşçüləri bərk narahat edir. Biz təşkilat olaraq bu məsələlər barəsində bir neçə dəfə Azərbaycan Respublikası Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciyyət etsəkdə bu məsələ hələ də öz müsbət həllini tapmayıb. İnanırıq ki, sadaladığımız sosial problemlər yaxın günlərdə Nazirlər Kabinetində müsbət həllini tapaçaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB