Dayanacaqlarda quraşdırılan elektron tablolar niyə işləmir?-ARAŞDIRMA

Dayanacaqlarda quraşdırılan elektron tablolar niyə işləmir?-ARAŞDIRMA

Paytaxt Bakıda intellektual idarəetmə sisteminin işə düşməsindən artıq bir neçə ay keçir. Bununla əlaqədar olaraq dayanacaqların yenilənməsi və avtobuslarda monitorların quraşdırılması müşahidə edildi. Amma görünür, bu proses ya hələ tam başa çatmayıb, yaxud da elə yarımçıq saxlanılıb. əks halda paytaxtın hər bir dayanacağında quraşdırılan bu monitorlar kefi istədiyi kimi işləməzdi. Əslində müasir dizaynda olan bu elektron tablolar ekranda avtobusların nömrələrini, onların dayanacağa çatacağı vaxtı, hətta hansı marşrutla getdiklərini də göstərməli olduğu halda burada yalnız marşrutların nömrələri əks olunub. Dayanacağa çatacaqları vaxt isə tamamilə fərqli göstərilir. Elə dayanacaqlarda marşrut gözləyən sərnişinlər də intelektual sistemin bu xidmətindən ağız dolusu narazılıq etdilər. Elvin adlı sərnişin deyir ki, monitor təzə quraşdırılanda bir neçə dəfə baxıb, amma onda da düz işləmədiyini görüb daha baxmır: \"Çünki mənim gedəcəyim marşrut buradan keçsə də elektron tabloda onun haqqında məlumat yoxdur Mən də məcburən gözləməli oluram". Təxminən 65 yaşlarında olan ağsaqqala yaxınlaşırıq ondan da eşitdiklərimiz heç də əvvəlkilərdən fərqlənmədi. Cəlil kişi deyir ki, burda artıq yarım saat gozləyir, amma marşrut avtobusundan hələ də səs soraq yoxdur: \"Amma bura baxanda görürəm ki, həmin avtobusun gəlməsinə 3 dəqiqə qalıb. O 3 dəqiqələr artıq 30 dəqiqəni əvəz edib".

Sərnişinlərlə apardığımız söhbət zamanı o da məlum oldu ki, dayanacağa azı 10 avtobus gəlsə də onlardan 4-ü haqda məlumat tabloda olur. Elektron xəritə isə ümumiyyətlə işləmir. Marşrut sürücülərinin isə deyəsən, bu sistemdən ümumiyyətlə başı çıxmır. Sürücülərlə apardığımız söhbət və müşahidələr belə deməyə əsas verir. Belə ki, bir sıra avtobuslarda monitorlar işlək olsa da onların ekranında yalnız ümumi sistemin fon şəkili yer alırdı. Amma deyəsən, buna da şükür edilməlidir, çünki bir sıra avtobuslarda ümumiyyətlə elektron tablolar sönülü vəziyyətdə idi. Sürücülər isə yaranmış problemin onlara aidiyyatı olmadığını bildirir. Artıq 10 ildir, sürücülüklə məşğul olan Səməd adlı sürücü özü də etiraf edir ki, yeni yaradılan sistemdən hələ ki başa aça bilmir. Çünki bu sistem haqda bir kimsə ona izahat verməyib: "Biz bu sistemin necə işlədiyini əslində hələ də bilmirik. Çünki quraşdırıldığı gündən işləməyib. Biz də istərdik ki, intervalı tənzimləmək üçün qarşıda gedən və ya arxada qalan maşın barədə məlumat ala bilək. Amma bu kamera işləmir\".

İntellektual sistem haqqında danışmağa başlayanda rəsmilərin ilk sözləri bu olmuşdu ki, bu proqram hərəkətin intensivliyinin tənzimlənməsinə, yəni tıxacların aradan qaldırılmasına yardımçı olacaq. Amma indi belə çıxır ki, sistem tıxacı aradan qaldırmayacaq, sadəcə tıxac olmayanda işləyəcək. Elədirsə, bu bahalıqda avadanlığın alınması, dayanacaqların sökülüb yenidən quraşdırılması, avtobuslara izləmə aparatının qoyulması kimə lazım idi?

Əslində, Nəqliyyat Nazirliyində də sistemin hələlik tam gücü ilə işləmədiyini etiraf edirlər. Nazirliyinin mətbuat katibliyinin rəhbəri Namiq Həsənov deyir ki, hazırda sözügedən monitorlar paytaxtda çalışan 2096 avtobusda quraşdırılıb. Hələlik elektron aparatlar şəhərətrafı avtobuslarda quraşdırılmayıb, lakin yaya kimi bu proses Bakıda çalışan bütün avtobusları əhatə edəcək. Nazirlik rəsmisinin sözlərinə görə, nazirliyə avtobuslarda quraşdırılan aparatların işlək vəziyyətdə olmaması ilə bağlı sərnişinlərdən bir neçə müraciət daxil olub. Monitorinqlər nəticəsində məlum olub ki, quraşdırılan aparatlara zəruri proqramların yüklənməsi hələ ki tam başa çatdırılamayıb.O ki, qaldı dayanacaqlarda quraşdırılan sistemin düzgün fəaliyyət göstərməməsinə qurum rəsmisi deyir ki, buna səbəb sistemin hələ ki, tam quraşdırılmamasıdı. Yay aylarında həmin sistem tam işə düşdükdən sonra monitorlar tamamilə işlək hala gətiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə