Türkiyənin İqdır Universitetinin nümayəndələri ATİ-nin qonağı olub

Türkiyənin İqdır Universitetinin nümayəndələri ATİ-nin qonağı olub

Türkiyə Cümhuriyyəti İqdır Universitetinin nümayəndələri - Şahin Əhmədoğlu və Elşad Abdullayev Azərbaycan Turizm İnstitutunun qonağı olublar. SİA-nın xəbərinə görə, ATİ-nin prorektoru Eldar Aslanov İqdır Universitetinin nümayəndələri ilə görüşdə altı il əvvəl fəaliyyətə başlayan ali təhsil ocağının adından da göründüyü kimi ölkəmizin turizm sənayesinin inkişafına xidmət edəcək ixtisaslı və etibarlı kadr hazırlığı sahəsində, o cümlədən perspektiv planlar barədə məlumat verib. ATİ-nin Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə təhsil sahəsində beynəlxalq əməkdaşlıq müqaviləsi imzaladığı və ikili diplom təcrübəsinin üstünlükləri ilə qonaqları məlumatlandırıb.

Avropa İttifaqının Erasmus Mundus proqramı çərçivəsində tələbə - müəllim mübadiləsinin əhəmiyyətini qeyd edib, Şimali Kipr Girne Amerika Universiteti, Şimali Kipr Doğu Akdeniz Universiteti, Almaniyanın Oldenburq Tətbiqi Elmlər Universiteti və Jade Univeriteti ilə əməkdaşlığın faydalılığından danışıb. Şahin Əhmədoğlu İqdır Universitetinin 2008-ci ildən fəaliyyət göstərdiyini, 6 fakültə və ali təhsil ocağının nəzdindəki institutlarda 2800 nəfər tələbənin oxuduğunu diqqətə çatdırıb. Şahin Əhmədoğlu Ağrıdağ Araşdırma Mərkəzində aparılan tədqiqatların əhəmiyyətindən danışıb, İqdir Universitetində 2012/2013-cu tədris ilindən etibarən Turizm fakültəsinin açılacağını, ATİ-nin bu sahədəki təcrübəsindən əməkdaşlıq çərçivəsində yararlanmağın faydalılığına inandığını xüsusi vurğulayıb. Bu inamı İqdır Universitetinin rektoru prof. Dr. İbrahim Hakkı Yılmazın adından çatdırıb. ATİ-də səmimi qarşılandıqlarına görə təşəkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə