Gənclər təşkilatları “Eurovision 2012” mahnı müsabiqəsi ilə əlaqədar birgə bəyənat yaydı
"Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar 25 gənclər təşkilatları birgə bəyənat yayıb. SİA-nın xəbərinə görə, bəyanatda deyilir: "Son illərdə Azərbaycanın əldə etdiyi uğurlar ölkəmizin dünya miqyasında istər siyasi, istərsə də mədəni müstəvidə imicinin daha da artmasına yol açıb. Qısa müddətdə yerləşdiyi regionda lider dövlətə çevrilən Azərbaycanın iqtisadi yüksəlişi, o cümlədən, müstəqil xarici siyasət yürütməsi bir sıra maraqlı dairələrin ölkəmizə qarşı çirkin kampaniyalara başlamasına rəvac verib. Azərbaycanın dünya mədəniyyətinin, sivilizasiyalararası dialoqun mərkəzinə çevrilməsi, dünya ictimaiyyəti tərəfindən mədəni, tolerant bir ölkə olaraq qəbul edilməsi, eyni zamanda əhəmiyyətli beynəlxalq layihələrdə aparıcı tərəfdaş olması həmin dairələri ən əsas qıcıqlandıran məqamlardandır.
Ölkəmizin 2011-ci ildə "Eurovision" mahnı müsabiqəsində əldə etdiyi qalibiyyət isə bu mənada xüsusi əhəmiyyətə malikdir. Yəni, 2012-ci ildə Bakıda keçiriləcək mahnı yarışması artıq dünya mətbuatının diqqətindədir və bu yarışma həm də ölkəmizdə əldə olunan inkişafın, demokratik dəyərlərə hörmətin dünyaya təqdim olunması üçün bir vasitədir. Çünki ölkəmizə gələcək əcnəbilər və aparıcı media təmsilçiləri Azərbaycanda gedən inkişafla daha yaxından tanış olmaq, həyata keçirilən işləri və onların nəticələrini görmək imkanı qazanacaqlar.
Qeyd olunan məqamlar antiazərbaycan dairələrin, o cümlədən bir sıra ermənipərəst qüvvələrin yeni bir çirkin kampaniyaya əl atmasına yol açıb. Həmin dairələr ölkəmizdə baş tutacaq bu möhtəşəm tədbirə kölgə salmaq, bununla yanaşı, Azərbaycanın siyasi imicinə xələl yetirmək üçün səfərbər olunublar. Bu işdə isə həmişəki kimi yenə də ön sırada hər zaman xarici dairələrin maraqlarını ölkəmizdə reallaşdıran işbazlar yer alır. Konkret desək, onlar, fəaliyyətləri ancaq Azərbaycana nifrət üzərində qurulan Sülh və Demokratiya İnstitutu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, İnsan Hüquqları Klubu, Siyasi Azadlıqları Müdafiə Alyansı, Demokratik Jurnalistika Məktəbi, "Nida" Vətəndaş Hərəkatı, "Azad gənclik" Təşkilatı və başqa adlar altında fəaliyyət göstərən təşkilatlarda birləşiblər.
Hazırda onların əsas hədəfi bu il ölkəmizdə keçiriləcək "Eurovision-2012" mahnı yarışmasına qara yaxmaqdan ibarətdir. Leyla Yunus adlı qadının başçılığı ilə hərəkət edən bu insanlar Azərbaycanda azad sözün, azad fikrin olmadığını təbliğ edir, "Eurovision" kimi beynəlxalq əhəmiyyətli bir yarışmaya ölkəmizin ev sahiblik etmək iqtidarında olmadığını car çəkirlər. Çox təəssüf ki, onların səsləndirdiyi yalan iddialar məhz ermənipərəst qüvvələrin Azərbaycana qarşı irəli sürdüyü əsassız ittihamlarla üst-üstə düşür.
Biz Azərbaycanda fəaliyyət göstərən müstəqil gənclər təşkilatları olaraq, ölkəmizin inkişafına və beynəlxalq uğurlarına kölgə salmaq və ləkələmək istəyən Leyla Yunus və onun ətrafındakı insanların əməllərini qətiyyətlə pisləyirik. Təəssüflənirik ki, onlar "Eurovision 2012" mahnı müsabiqəsinin mədəni və ya siyasi hadisə olduğunu hələ də ayıra bilmirlər. Müxtəlif beynəlxalq təşkilatlardan maliyyə dəstəyi almaq üçün ölkəmiz haqqında həqiqətə uyğun olmayan informasiyalar yaymaq, uğurlarımıza kölgə salmaq, ermənipərəst mövqe nümayiş etdirmək heç bir Azərbaycan vətəndaşına yaraşmır.
Biz Azərbaycan gənclərini belə qüvvələrə qarşı bir olmağa, ölkəmizin inkişafında və uğurlarının əldə olunmasında səylərini əsirgəməməyə çağırırıq. Həmin qüvvələrə isə tövsiyə edirik ki, belə iyrənc əməllərdən əl çəkib, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Xocalı faciəsinə beynəlxalq ictimaiyyətin hüquqi qiymət verməsi, 1 milyona yaxın qaçqın və məcburi köçkünümüzün hüquqlarının qorunması, onların öz ev-eşiklərinə qayıtması istiqamətində iş aparsınlar. Sonda bəyan edirik ki, sağlam düşüncəli Azərbaycan gəncləri və onların birləşdikləri təşkilatlar ölkəmizin inkişafı istiqamətində görülən bütün işləri hər zaman dəstəkləyəcək və "Eurovision 2012" mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi üçün əlində gələni əsirgəməyəcək".Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB