TQDK sədri Qazaxıstanda işgüzar səfərdə olacaq

TQDK sədri Qazaxıstanda işgüzar səfərdə olacaq

Tələbə Qəbulu üzrə Dövlət Komisisyasının (TQDK) sədri Məleykə Abbaszadə və Komissiyanın Sektor müdiri Oleq Şelaqinov Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyinin Milli Test Mərkəzinin dəvəti ilə Qazaxıstanda keçiriləcək elmi-praktik seminarda iştirak etmək üçün bu ölkəyə səfər edəcəklər. TQDK-dan SİA-ya verilən xəbərə görə, konfrans Astana şəhərində fevralın 16-17-də "Şagirdlərin yekun attestasiyası və ali məktəblərə qəbul: təcrübə və inkişaf perspektivləri" mövzusunda təşkil olunacaq.

Qazaxıstan Respublikasında 2004-cü ildən etibarən Vahid milli test imtahanları (VMT) keçirilir. VMT ümumtəhsil məktəblərinin buraxılış imtahanı olmaqla yanaşı, onun nəticələri əsasında ali məktəblərə qəbul həyata keçirilir. Qazaxıstan Respublikasında 2011-2020-ci illərdə təhsilin inkişafı üzrə dövlət proqramı qəbul edilib. Həmin proqrama əsasən, müxtəlif məqsədlər daşıdığına görə 2015-ci ildən etibarən hazırki imtahan sisteminin dəyişdirirlməsi, buraxılış imtahanları ilə ali məktəblərə qəbul imtahanlarının ayrıca aparılması nəzərdə tutulub. Bu məqsədlə 2013-cü ildə yeni qəbul imtahanı formatında eksperiment aparılması planlaşdırılır.

Qeyd olunan seminarın keçirilməsinin məqsədi də buraxılış və qəbul imtahanlarının keçirilməsində təkmilləşdirmə işləri aparılması üçün xarici ölkələrin, o cümlədən Azərbaycan Respublikasından Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təcrübəsinin öyrənilməsi nəzərdə tutulur.

TQDK sədri M.Abbaszadə seminarda çıxış edərək Azərbaycanda ali məktəblərə qəbul imtahanları prosesi, bu sahədə əldə olunmuş zəngin təcrübə barədə ətraflı məlumat verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə