Türk gəncləri Xocalı faciəsinə həsr olunan böyük yürüş-aksiya keçirəcək
Xocalı soyqırımının 20 illiyi ilə bağlı bir sıra ölkələrdə tədbirlərin keçirilməsi nəzərdə tutulub. SİA-nın xəbərinə görə, Azerbaijani Students and Alumni International Forumun (ASAIF) sədri Orxan Əkbərov bildirib ki, Litva, Latviya, İngiltərə, Fransa, İtaliya, Macarıstan, İspaniya, Hollandiya, Belçika, Türkiyə və digər ölkələrdə təbliğat xarakterli aksiya və tədbirlər müvafiq plana daxildir. Onun sözlərinə görə, bu il əsas diqqəti Xocalı soyqırımının Türkiyə Böyük Millət Məclisi tərəfindən rəsmi tanınması üçün İstanbulda on minlərlə insanın iştirakı ilə yürüş-aksiya təşkil ediləcək.
Digər ölkələrdə isə təhsil alan gənclər təhsil aldıqları universitetlərdə dəyirmi masalar, ictimai leksiyalar, bəzi şəhərlərdə isə sakit küçə aksiyaları keçirməklə dünya ictimaiyyətinin diqqətini bu hadisəyə çəkməyə çalışacaq. Siyasi düşüncəsindən asılı olmayaraq hər bir türk anlayır ki, bu bizim ortaq məsələmiz, dünyaya çatdırılacaq olan ən önəmli problemimizdir. Xocalıda o soyuq gecədə amansızca qətlə yetirilən 613 nəfərin haqqı hər birimizin boynundadır. Bunu hər kəs anlayır və ona görə də Türkiyədə fəaliyyət göstərən tələbə gənclər təşkilatları, yerli qurumlar, dərnəklər, siyasi partiyaların gənclər təşkilatları, fərdi, heç bir təşkilat üzvü olmayan gənclərimiz və soydaşlarımızın dəstəyi sonsuzdur.
Aksiya çox geniş bir kütləni əhatə edən yürüş formasında təşkil olunacaq. Bu aksiyanın Azərbaycan tarixində ölkə kənarında keçirilmiş ən böyük və səs-küylü aksiya olacağına ümid edilir. ASAİF olaraq biz bu məsələnin təşkilati tərəfini və aksiyaya qatılacaq insanların yüzlərlə bayraq, posterlər, sloqanların yer alacağı plakatlar və digər promo materiallar ilə təchiz etməyi planlayırıq. Bu aksiya siyasi və digər baxışlarından asılı olmayaraq hər bir azərbaycanlının, türkün və özünü türk hiss edən hər bir insanın aksiyasıdır. Bu bizim ortaq yaramız və dünya ictimaiyyətinə həqiqi qiymət alması üçün çatdırmaq istədiyimiz sağalmaz yaramızdır. Mən əminəm ki, məhz bu aksiyada bütün Azərbaycanlı gənclər bir olacaq, bir məqsəd uğrunda İstanbulda, Taksim meydanında tək yumruq olacaqlar.
Aksiya maraqlı fleş-mobla bitəcək. Aksiyanın hər zaman bizə dəstək olan yerli Kütləvi İnformasiya Vasitələrinin və eləcə də xarici İnformasiya Vasitələrinin köməyi ilə mediada işıqlandırılacaq. Həmçinin, aksiyada çox fərqli və maraqlı şüarlardan istifadə olunacaq. Misal üçün "Kalbimizde Hocali-Hepimiz Karabağlı", "Türkiye bunu tanı-Unutma Hocalını" və s. bu kimi şüarlar aksiyamızın əsasını təşkil edəcək.
Əsas məqsədimiz aksiyanın canlı keçməsinə və dünyada böyük səs-küy yaratmasına, səsimizin və sözlərimizin lazımi ünvanlara çatdırılmasına nail ola bilməkdir. Bu təkcə aksiyanı təşkil edənlərin yox, hər birimizin məqsədi olmalı və "güc birlikdədir" deyib, yumruq tək birləşib ümumi məqsədlərimizə addım-addım nail olmalıyıq. Aksiya İstanbulda təşkil olunsa da, dünyanın istənilən yerindən hər kəs sərbəst şəkildə aksiyaya qoşula bilər. Azərbaycandan da çoxlu sayda gənc dostlarımız böyük heyətlə təşkilatçılara dəstək olmaq üçün İstanbula yola düşəcək. Həmçinin aksiyaya Avropada yaşayan və təhsil alan tələbələrimiz və Türkiyənin digər ölkələrində təhsil alan gənclərimiz qatılacaqlar. Bu proseslərdən xəbərdar olmaq üçün hər kəs Facebook səhifəsində TÜRKİYE BUNU TANI-UNUTMA HOCALINI səhifəsinə qoşularaq, twitter-də @hepimizhocalili, @asaifpress adlarını izləyə və ya sual və təkliflərini [email protected] ünvanına göndərə bilər. Son olaraq da qeyd etmək istərdim ki, bu aksiyada təşkilatçı olaraq ASAİF çıxış edə bilər, lakin bu aksiya hər birimizin aksiyasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB