Əli Abbasov: “Peykin orbitə çıxarılması ilə sadə vətəndaşların sosial həyatı ilə əlaqədar məsələlərin həllinə nail olunacaq” - MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən düşünülən, gələcək inkişafa hesablanmış ardıcıl və məqsədyönlü sosial-iqtisadi siyasət digər sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda da öz bəhrəsini verib. Son illər sektor üzrə uğurlu nəticələr əldə edilib, ölkə və region üçün böyük əhəmiyyət kəsb edən layihələr həyata keçirilib. Əldə olunan uğurlar və gələcək perspektivlər barədə "İCTnews" elektron xəbər xidmətinin suallarını Azərbaycan Respublikasının Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov cavablandırıb. SİA həmin müsahibəni təqdim edir.
- Cənab nazir, Azərbaycanda İKT sektorundakı inkişafı necə xarakterizə edərdiniz?
-Azərbaycanda İKT sahəsində beynəlxalq təcrübəyə, qabaqcıl texnologiyalara və səmərəli tərəfdaşlığa əsaslanan fəaliyyət sayəsində əksər istiqamətlərdə müsbət nəticələr əldə edilib. Təkcə 2004-2010-cu illərdə ölkədə İKT-dən əldə olunan gəlirlərin orta illik artım tempi ümumdünya göstəricisini 2,5-3 dəfə qabaqlayıb və bu dövrdə özəl sektorun İKT bazarında payı artaraq 80%-ə çatıb. İKT bazarında azad rəqabət mühitinin formalaşdırılmasına xidmət edən islahatların, o cümlədən səmərəli özəlləşdirmə və tənzimləmənin həyata keçirilməsi ölkədə yeni sabit və mobil rabitə operatorlarının, İKT məhsul və xidmət istehsalçılarının yaranmasına və onların bölgənin İKT bazarının fəal iştirakçılarına çevrilməsinə səbəb olub.
Dünyanın aparıcı İT şirkətləri və nüfuzlu texniki və proqram məhsulları istehsalçıları ölkəmizdə öz nümayəndəliklərini açaraq çoxşaxəli fəaliyyət qurublar. Azərbaycan İKT-nin əsas infrastruktur göstəricilərinə görə dünya üzrə orta səviyyəni keçib. Məsələn, hazırda Azərbaycanda hər 100 nəfərə 110 mobil telefon düşür, əhalinin 65 faizi internet, onların yarısı isə genişzolaqlı internet istifadəçisidir və bu, ümumdünya orta göstəricisindən təxminən 2 dəfə yüksəkdir. Ölkədə ən müasir standartlara uyğun milli telekommunikasiya, poçt və teleradio infrastrukturu formalaşıb və inkişaf edib. MDB regionunda ilk dəfə olaraq Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılıb, sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb, ölkə üzrə vahid 7 rəqəmli nömrələmə sistemi və bir kanal vasitəsilə telefon, internet və televiziya xidmətlərindən istifadə imkan verən \"Yeni nəsil şəbəkələri (NGN)\" texnologiyası tətbiq olunub.
Respublikanın bütün ərazisini əhatə edən fiber-optik magistral şəbəkələrinin qurulması və regional informasiya serverlərinin ölkəmizdə yerləşdirilməsi Azərbaycandan region ölkələrinə internet xidmətlərinin ixracını fəal surətdə artırıb. Əhalinin 85 faizdən çoxunun yaşadığı ərazilərin rəqəmli televiziya yayımı ilə əhatəsi, poçt şöbələri tərəfindən bank-maliyyə xidmətləri göstərilməsi, \"elektron hökumət\"in formalaşdırılması ilə bağlı görülən işlər çərçivəsində \"elektron imza\"nın tətbiqi, \"Elektron hökumət\" portalının yaradılması, həmçinin \"E-təhsil\", \"E-səhiyyə\", \"E-vergilər\", \"E-gömrük\", \"E-ədliyyə\" və s. layihələrin reallaşması İKT sahəsində inkişafa təkan verən mühüm nailiyyətlər olub.
- ABŞ-ın Milli Kəşfiyyat direktoru Ceyms Klepper belə bir bəyanatla
çıxış edib ki, ABŞ da daxil olmaqla hökumət və təhlükəsizlik xidmətləri
kiberhücumların qarşısını tam ala bilmir. Cənab nazir, necə hesab edirsiniz,
kibercinayətkarlıqla daha mütəşəkkil formada necə mübarizə aparmaq olar?
- İnformasiya təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsi dövlətin, cəmiyyətin
və insanların fəaliyyətinin vacib şərtlərindən biridir. Qlobal informasiya
cəmiyyətinin formalaşması nəticəsində dövlətlərarası ziddiyyətlər və
münaqişələr virtual məkana da keçir.İnformasiya-kommunikasiya
texnologiyalarının geniş yayılması və istifadəsi nəticəsində virtual məkanda
formalaşan şəbəkəni, həmçinin istifadəçiləri informasiya resursları və
sistemlərini mümkün təhdidlərdən qorumaq məqsədilə informasiya
təhlükəsizliyi olduqca vacibdir. İnformasiya təhlükəsizliyini təmin edən proqram
təminatlarının (vasitələrinin) daxili mexanizmlərinin öyrənilməsi, həmçinin
şəbəkədə mövcud hücumları nəzərə alaraq şəbəkənin müdafiə mexanizminin
işlənilməsi vacibdir.
Qloballaşan dünyada informasiya texnologiyalarının yaratdığı imkanlardan
sui-istifadə etməklə cinayətin yeni növləri yaranır, dövlətin ərazi bütövlüyü
ilə bağlı məlumatlar təhrif edilir, terrorizm ideologiyasının təbliğ
edilməsi və terror aktlarının planlaşdırılması üçün internet şəbəkəsindən fəal
şəkildə istifadə edilir.
İnformasiya təhlükəsizliyinin təmini məsələlərində cəmiyyətin bütün
qüvvələrinin − dövlət, biznes və vətəndaş cəmiyyətinin, xüsusən cəmiyyətin
intellektual potensialının səfərbər edilməsi vacibdir. Bundan başqa, son
zamanlar fişinq, botnet, saxtalaşdırma, fırıldaqçılıq hadisələri sürətlə
artmaqdadır. Bu kimi hallara qarşı mübarizə siyasətinin işlənməsi mühüm
əhəmiyyət kəsb edir.
Kompyuter sistemi şəbəkələrinin çoxalması, əhalinin sıxlığı, mobil telefonların
sayı, internetin inkişafı cinayət əməllərinin artımına gətirir ilə
səciyyələnir. Məsələn, adambaşına düşən mobil telefon sayının çoxluğu, əhalinin
ondan internet vasitəsi kimi istifadə etməsi nəticəsində Cənub-Şərqi Asiyada
cinayət əməllərinin sayı da çoxdur. Azərbaycana gəlincə, bizim ölkədə kompyuter
cinayətkarlığı ilə bağlı Cinayət Məcəlləsində 271, 272, 273-cü maddələr kimi
xüsusi maddələr var. Bu, sahə üzrə mübarizə tədbirlərinin görülməsinə əsas
verir.
Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli 1938 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş \"Azərbaycan Respublikasında insan hüquq
və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli
Fəaliyyət Proqramı\"nın 1.2.4-cü bəndində informasiya
texnologiyalarından istifadə etməklə insan hüquqlarının pozulmasına qarşı
mübarizənin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin \"Kompyuter informasiyası əleyhinə olan
cinayətlər\" fəslinin yenidən işlənməsi və onun \"Kibercinayətkarlıq
haqqında\" 2001-ci il 23 noyabr tarixli Konvensiyanın tələblərinə uyğunlaşdırılması
barədə təkliflərin hazırlanması Azərbaycan Respublikası Prezident
Administrasiyasına tapşırılmışdır. Bu bəndin icrasında RİTN 13 yanvar 2012-ci
il tarixli 7 saylı Əmrlə təsdiq edilmiş \"Tədbirlər planı\"na əsasən
iştirak edəcək.
Amma bir məsələ də var ki, hüquq-mühafizə orqanları, telekommunikasiya xidməti
göstərən operatorlar, bu sahədə siyasəti müəyyənləşdirən dövlət orqanları
bir-biri ilə əlaqəli şəkildə işləməlidir. Bundan əlavə, hər bir ölkə gördüyü
tədbirlərin effektiv olması üçün Avropa Şurası, Beynəlxalq Telekommunikasiya
İttifaqı, NATO kimi kompyuter təhlükəsizliyi sahəsində geniş təcrübəyə malik
olan beynəlxalq qurumlardan da bəhrələnməlidir.
Yeri gəlmişkən, xatırladım ki, Azərbaycan Respublikası 2008-ci ildə Avropa
Şurasının \"Kibercinayətkarlıq haqqında\" Konvensiyasını imzalamışdır
və 2009-cu ildə Konvensiya təsdiq edilərək 1 iyul 2010-cu il tarixindən
ölkəmizdə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Konvensiyanın 6, 24,
27, 29, 35, 38 və 42-ci maddələrinə əsasən qeyd-şərtlər və bəyanatlarla
Konvensiyaya qoşulmuşdur.
Müasir dövrdə informasiya təhlükəsizliyinə təhdidlər təhlükəli amilə
çevrilmişdir. Ona qarşı mübarizə aparmaq üçün bütün maraqlı tərəflərin
fəal səylərini birləşdirmək, habelə müasir təhdidlərin aradan qaldırılması və
qarşısının alınması probleminə əsaslı yeni strateji yanaşmanın formalaşması
zəruridir.
- Bu gün süni peykin orbitə buraxılması istiqamətində əsaslı işlər görülür
və yaxın perspektivdə ölkəmizdə kosmik sənayenin yaradılması nəzərdə tutulub.
Məsələnin texniki və kommersiya tərəfi aydındır. Maraqlıdır, sadə Azərbaycan
vətəndaşı peykin orbitə buraxılmasından sonra sosial həyatında hansı
dəyişikliyi hiss edəcək?
- Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 17 avqust tarixli, 443
nömrəli Sərəncamı ilə təsdiq edilmiş \"Azərbaycan Respublikasında kosmik
sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı\"na uyğun olaraq
cari ilin sonunda ilk telekommunikasiya peykinin orbitə çıxarılması nəzərdə
tutulur. Nəzərinizə çatdırım ki, kosmik sənayenin yaradılması
və uğurla inkişaf etdirilməsində beynəlxalq əlaqələrin yaradılması, o cümlədən
beynəlxalq təşkilatlarda Azərbaycanın üzvlüyü, təmsil olunması və iştirakı
məqsədi ilə məqsədyönlü işlər görülmüş və Birləşmiş Millətlər Təşkilatının
(BMT) 12 yanvar 2012-ci il tarixli 66/71 saylı qətnaməsi ilə Azərbaycanın
BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə
(Committee on the Peaceful Uses of Outer Space – COPUOS) üzvlüyü təsdiq
edilib.
Qeyd edim ki, 1959-cu ildə təsis edilmiş BMT-nin kosmik sahədə hökumətlərarası
orqanı olan \"COPUOS\" kosmik fəzanın sülh məqsədləri ilə istifadə
edilməsi sahəsində beynəlxalq əməkdaşlığın miqyaslarını təhlil edir, proqramlar
hazırlayır, məlumatların yayılmasına və təhqiqatlara yardım edir, eləcə də beynəlxalq
kosmik hüququn inkişafına töhfə verir və bu təşkilatın fəaliyyəti kosmik
fəzanın sülh məqsədləri ilə istifadəsi təhqiqatı ilə əlaqədar meydana gələn
hüquqi problemlərin müzakirə edilməsi üçün vacib beynəlxalq mexanizm hesab
edilir. Hazırda Azərbaycan da daxil olmaqla komitənin 70 üzvü vardır.
Bundan başqa, ilk telekommunikasiya peykinin hazırlanaraq
\"Kuru\" kosmodromuna gətirilməsi bu ilin oktyabr ayında və
sonrakı 3 ay müddətində isə orbitə çıxarılması planlaşdırılıb. İkinci telekommunikasiya peyki ilə bağlı
araşdırma işləri başa çatmaq üzrədir və peykin orbitə çıxarılması isə 2015-ci
ilə planlaşdırılır. Yer səthinin müşahidə və tədqiqatı üzrə aşağı orbitli
kiçik həcmli peykin orbitə çıxarılması isə 2013-cü ilə planlaşdırılır. Bu sahədə xarici peykin region üzərində icarəyə
götürülməsi isə bu il həll olunmalıdır. Əsas və ehtiyat idarəetmə
mərkəzlərinin tikintisinə başlanılıb və bu ilin avqust ayında idarəetmə sisteminin qurulması üçün peyk
şirkətinə təhvil veriləcək. Peyk və peykin idarəetmə və istismarı üçün
ABŞ, Fransa və Malayziyada mütəxəssislərin hazırlığı aparılıb və bu proses bu il də davam etdiriləcək.
Qeyd edim ki, Azərbaycanın ilk telekommunikasiya peyki olan
\"Azerspace\" orbitə buraxılacaqdır. \"Azerspace\" ABŞ-ın
\"Orbital Sciences\" korporasiyası tərəfindən ən son texnoloji
yeniliklərə əsaslanan \"Star-2 Bus\" platforması üzərində yığılır.
Hazırda bu platforma üzərində yığılmış 22 peyk böyük müvəffəqiyyətlə istismar
edilməkdədir. Həmçinin qeyd edim ki, peyk geostasionar orbitə Fransanın
\"Arianespace\" şirkətinin öz yüksək etibarlılığı ilə seçilən
\"Ariane-5\" raket daşıyıcısı ilə çıxarılacaq. Şərq uzunluğu orbital mövqesinə çıxarılacaq. Hazırda ölkə ərazisində peykin idarə edilməsini
həyata keçirmək üçün ən yüksək beynəlxalq tələblərə cavab verən əsas və ehtiyat
Yerüstü Peyk İdarəetmə mərkəzləri inşa edilir. \"Azerspace\" peyki
Malayziya hökumətinə məxsus və Malayziyanın \"Measat Satellite
Systems\" şirkəti tərəfindən istifadə edilən 46
Peykdə C və Ku tezlik zolaqlarında fəaliyyət göstərən 36 transponder mövcud
olacaq və peyk üzərindən Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz
ölkələri və Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım xidməti göstəriləcək.
Sualın ikinci hissəsinə gəldikdə isə bildirim ki, hazırda Azərbaycanda
beynəlxalq və şəhərlərarası rabitənin bir hissəsi, radio-televiziya yayımının
isə əsas hissəsi peyk rabitəsi vasitəsilə təşkil olunur. Böyük həcmli
informasiyanın respublika daxilində və eləcə də tranzit olaraq digər ölkələrə
ötürülməsində mövcud fiber-optik kabel şəbəkələrinə yeganə alternativ olaraq
məhz peyk sistemlərindən istifadə olunur.
Bu baxımdan, Azərbaycanda televiziya və radioyayım, eləcə də telekommunikasiya
xidmətləri göstərən qurumlar tərəfindən müxtəlif peyklərdən tutumlar icarə
edilir və buna böyük vəsait xərclənir. Həmçinin, ölkə ərazisinin relyefinin
50%-dən artıq hissəsinin dağlıq ərazi olduğu və peyk rabitə sistemlərinin daha
operativ təşkilinin mümkünlüyü nəzərə alınarsa, gələcəkdə bu xidmətə olan
tələbatın təxminən 4 dəfəyə qədər artacağı gözlənilir.
Buna görə də, Azərbaycanda peyk rabitəsi xidmətlərinin daha geniş və
keyfiyyətli təşkili istiqamətində ölkəyə məxsus geostasionar peyklərin orbitə
çıxarılmasının ölkə iqtisadiyyatına böyük töhfəhəsi olacağını düşünürəm.
\"Azerspace\" peyki orbitə buraxılandan sonra Naxçıvan MR-in ərazisi də
daxil olmaqla Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və
radioyayımı, o cümlədən sürətli İP xidmətlərin, VPN və digər data xidmətlərin
göstərilməsi təmin ediləcək, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək,
distant təhsil və \"e-səhiyyə\" kimi digər proqramlar üçün ideal
platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkənin zədələndiyi hallarda
fəlakətin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu olacaq, habelə
rabitənin təhlükəsizliyinin təmin edilməsi üçün müasir şifrələmə texnologiyası
ilə mühafizə olunan rabitə qurulacaq və ya hər hansı potensial təhlükəyə qarşı
dərhal tədbirlər görülməsi mümkün olacaq.
Bundan başqa, telekommunikasiya peykinin hazırlanaraq orbitə çıxarılması
siyasi, iqtisadi, texniki sahədə əldə ediləcək əhəmiyyətli uğurlarla bir
çox sahələrin inkişafına təkan verəcək.
Bura qlobal informasiya məkanına inteqrasiyanın genişləndirilməsi, hüquqi və
fiziki şəxslərin peyk şəbəkələrinə qoşulma imkanlarının təmin edilməsi,
respublika ərazisində yaşayan əhalinin yüksək keyfiyyətli peyk rabitəsi, radio
və televiziya yayımı ilə təmin edilməsi, ölkəmizdə ətraf mühitin monitorinqi və
texnogen mənşəli fövqəladə halların proqnozlaşdırılması, dənizdə və quruda neft
dağılmalarının miqyasının müəyyənləşdirilməsi kimi məsələlər daxildir. Yeni iş
yerlərinin yaranması və sahə üçün mütəxəssislərin hazırlanması məsələrini
də əlavə etsək, onda süni peykin orbitə buraxılmasının həm əhali, həm də
ölkəmiz üçün yeni töhfələr verəcəyini qeyd etmək lazımdır. Qeyd edilən və digər məsələlər bilavasitə
respublikanın sadə vətəndaşlarının sosial həyatı ilə əlaqədar olduğundan peykin
orbitə çıxarılması ilə bu məsələlərin həllinə nail olunacaq.
- Azərbaycan hansı beynəlxalq layihələrdə iştirak edir və onun
respublikamıza faydası nədir?
- Bu gün Azərbaycan bir neçə böyük regional
layihələrə cəlb olunub. Onlardan
xüsusi olaraq \"Trans-Avrasiya Super İnformasiya Magistralı\" (TASİM),
Regional İnnovasiya Zonası (RİZ), Azərbaycanın ilk telekommunikasiya peyki olan
\"Azerspace\" və \"Avropa-Asiya Yüksəksürətli İnformasiya
Magistralı\" layihələrini qeyd etmək olar.Avrasiya regionunda dünyanın inkişaf etmiş
cəmiyyətləri ilə müqayisədə insanların səmərəli qiymətlərlə internetə qoşulma
imkanlarının məhdud olmasını, istehlakçıların qoşulma üçün həddən artıq yüksək
haqq ödəməsini və regionun beynəlxalq qoşulmalarla zəif təchizatı sahəsində
dünyada mövcud olan \"rəqəmli fərqliliyi\" nəzərə alaraq Azərbaycanın
\"Trans-Avrasiya Super İnformasiya Magistralı\"nın\" (TASİM)
yaradılması təşəbbüsü iləçıxış etməsi regional əhəmiyyətə malikdir. Bu
layihə İKT-nin çox yüksək inkişafına malik olan iki nəhəng regionu - Qərbi
Avropanı və Sakit okean hövzəsində olan Şərqi Asiyanı birləşdirərək magistral
üzərində yerləşən, qonşu olan və qeyd olunan regionlarla müqayisədə zəif
inkişaf etmiş təxminən 20 ölkəni əhatə edəcək. Hazırda layihənin
reallaşdırılması və beynəlxalq dəstəyin əldə olunması üzrə region ölkələri və
beynəlxalq təşkilatlarla birgə işlər görülür.
Avrasiya regionunda \"rəqəmli fərqliliyi\" aradan qaldırmaq və
ümumilikdə iştirakçı ölkələrin bu layihənin sosial-iqtisadi səmərəliliyindən
bəhrələnməsi məqsədilə Azərbaycan hökuməti sözügedən layihənin BMT-nin Baş
Assambleyasında müzakirə edilməsinə və Assambleyanın 64-cü sessiyasında bu
barədə qətnamənin yekdilliklə qəbul edilməsinə nail olub. Qətnamədə
bu layihənin regionda nəinki İKT-nin, həmçinin minilliyin məqsədlərinə -
yoxsulluğun və savadsızlığın azaldılmasına, ümumiyyətlə, sosial-iqtisadi
inkişafın sürətlənməsinə təkan verəcəyi, eləcə də Azərbaycanın layihənin həyata
keçirilməsi üzrə regional səyləri koordinasiya etmək təşəbbüsü alqışlanmışdır.
Hazırda layihənin reallaşdırılması üzrə işlər davam etdirilir.
Azərbaycanın \"Europe Persia Express Gateway\" layihəsində
iştirak etməsi, ölkəmizin \"texnoloji hub\"a çevrilməsi strategiyasının
bir hissəsi olaraq, Azərbaycanı yeni tranzit marşrutunun yaradılması üçün
istifadə etməyə imkan yaradır.
Güman edirik ki, Azərbaycanın bu layihədə iştirakı ölkəmizin beynəlxalq
interneti ilə bağlantını yaxşılaşdıracaq. Ümumiyyətlə, layihə sayəsində
Avropadan Omana, Frankfurt şəhərindən başlayaraq
Polşa-Ukrayna-Rusiya-Azərbaycan-İran və Oman ərazisindən keçməklə çox böyük
tutumlu, keyfiyyətli rabitə kanallarının Asiya ölkələrinə çatdırılması təmin
ediləcək. Bu marşrut Avropadan Asiyaya olan dənizaltı kabellərə alternativ
olaraq ən qısa yoldur. Azərbaycan bu layihədə tranzit ölkə kimi həm əsas, həm
də ehtiyat marşrut olaraq seçilib. Adı çəkilən layihədə iştirak, Azərbaycanın \"Delta
Telekom\" operatorunun yüksək texnoloji səviyyəsini göstərir.
Ümumilikdə Azərbaycan böyük coğrafi və kommersiya potensialına malikdir ki, bu
da ölkənin \"texnoloji hub\" olmasına təkan verir. TASİM,
\"Azərkosmos\", \"Avropa-Asiya Yüksəksürətli İnformasiya
Magistralı\" və Regional İnnovasiya Zonası layihələri qarşıya qoyulan
məqsədlərə çatmaqda bizə dəstək olacaq.
- Bu gün ölkədə \"Rəqəmli TV\"-nin tətbiqi ilə bağlı həyata
keçirilən işlər deməyə əsas verir ki, Beynəlxalq Telekommunikasiya İttifaqının
müəyyənləşdirdiyi vaxtdan əvvəl Azərbaycanda analoq yayım dayandırılacaq. Bir
neçə versiyalar səslənir; dəqiqləşdirmək istərdik, \"Rəqəmli TV\"
yayımı hansı formada həyata keçiriləcək?
-Beynəlxalq Telekommunikasiya İttifaqının 2006-cı ildə qəbul etdiyi qərara
uyğun olaraq dünyanın bütün ölkələrinin 2015-ci ilədək rəqəmli televiziya
yayımına keçid nəzərdə tutulub. Respublikada informasiya texnologiyalarının sürətlə inkişaf
etdiyi bir dövrdə qeyd olunan keçidin daha qısa müddətdə həyata keçirilməsi
üçün potensial imkanların olduğunu nəzərə alaraq, bu sahədə Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən məqsədyönlü tədbirlər
həyata keçirilir.
Belə ki, Nazirlər Kabinetinin 10 fevral 2011-ci il tarixli qərarında rəqəmli
yayıma keçidin 2013-cü ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulsa da,
RİTN tərəfindən görülən tədbirlər nəticəsində artıq respublikanın əhali yaşayan
ərazisinin 85%-dən çoxu rəqəmli televiziya yayımı ilə təmin edilmişdir və
2012-ci ilin sonuna qədər analoq yayımının dayandırılması üçün tədbirlər
davam etdirilir.
Əhali tərəfindən rəqəmli televiziyanın qəbulu məqsədilə hazırda geniş
izahat-təbliğat işləri aparılır, analoq yayımını qəbul edən televizorlardan
istifadə üçün çevirici qurğuların respublikada istehsalı və respublikaya
gətirilməsi işlərinə başlanılıb. Eyni zamanda əhali tərəfindən yalnız rəqəmli televizorların
alınması vacib sayılır. Aztəminatlı ailələrin çevirici qurğularla dövlətin
yardımı ilə təmin edilməsi üçün Milli Teleradio Şurası tərəfindən
aidiyyəti üzrə təkliflər verilib. Hazırda analoq və rəqəmli yayım paralel aparılır və rəqəmli televiziya
yayımına keçidin başa çatdırılması ilə analoq yayımın dayandırılması nəzərdə
tutulur.
- \"E-imza\"nın tətbiqi artıq uğurla reallaşıb. Bizdə olan
məlumata görə, bu günədək 900-ə qədər elektron imza sertifkatı reallaşdırılıb.
\"E-imza\" insanlara nə kimi üstünlüklər verəcək? Cənab nazir,
Siz özünüz \"e-imza\"dan istifadə edirsinizmi?
- Bu gün dövlət orqanları tərəfindən əhaliyə
göstərilən elektron xidmətlərin böyük bir qismi, məsələn, rəsmi sənədlərin
verilməsi, bəyannamələrin, ərizələrin təqdim olunması və s. xidmətlərə müraciət
edən şəxslərin birmənalı olaraq identifikasiyasını tələb edir, həmçinin dövlət
orqanları arasında elektron sənədlərin dövriyyəsini şərtləndirir. Bu baxımdan elektron imzanın tətbiqi əsas etibarı
ilə əhalinin \"elektron hökumət\" xidmətlərindən geniş istifadəsinə
şərait yaradacaq və informasiya mübadiləsi prosesində onların fərdi
məlumatlarının təhlükəsizliyini və etibarlılığını təmin edəcək. Elektron imza
elektron xidmətlərə istifadəçilərin çıxış imkanlarını artıracaq, onlara daha
müasir, rahat və keyfiyyətli xidmətlərin göstərilməsini, eləcə də
\"e-hökumət\" və \"e-ticarət\" həllərindən istifadəni genişləndirəcək. Sualınızın ikinci hissəsi ilə bağlı deyə bilərəm
ki, bəli, \"elektron imza\"m var.
- 2011-ci ilin yekunları zamanı məlum oldu ki, İKT sektoru üzrə istehsal
potensialı 50 faiz artıb. Məlumdur ki, bu gün ölkəmizdə yerli istehsal hökumət
səviyyəsində stimullaşdırılır. Yaxın gələcəkdə İKT sahəsində yerli istehsalın
həcmini nələrin hesabına daha da artırmaq olar?
- İqtisadiyyatın bütün sahələrində İKT-nin intensiv istifadəsi və əhalinin
gündəlik həyatına nüfuz edən texnoloji yeniliklər ölkə iqtisadiyyatının İKT
məhsullarına və xidmətlərinə olan tələbatını artırııb. Bunun
nəticəsidir ki, ölkənin İKT bazarının həcmi sürətli dinamika ilə artır, İKT
məhsullarına olan tələb isə davamlı olaraq artan templə yüksəlir. Bu isə öz
növbəsində istehsalın artmasına şərait yaradan amilə çevrilir. RİTN tərəfindən
iqtisadiyyatın müasir meyilləri nəzərə alınmaqla İKT sahəsində yerli istehsalı
stimullaşdırmaq məqsədilə bir neçə layihə üzərində ciddi işlər aparılır.
Bildiyiniz kimi, 2009-cu ildə \"Xüsusi iqtisadi zonalar haqqında\"
Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir. Bu qanuna əsasən XİZ-lərdə
fəaliyyət göstərən şirkətlər bir sıra iqtisadi güzəştlər əldə edirlər. İKT
şirkətlərinin qanunda əks olunan güzəştlərə sahib olması üçün RİTN-də Regional
İnnovasiya Zonası (RİZ) layihəsi həyata keçirilir. RİZ layihəsi çərçivəsində
İKT məhsullarının istehsalı üzrə ixtisaslaşmış texnoparkın yaradılması nəzərdə
tutulur.
Yerli istehsalın stimullaşdırılması və yerli şirkətlərin rəqabət
qabiliyyətini artırmaq məqsədi ilə RİTN-in mütəxəssisləri və ekspertlər
tərəfindən bir sıra araşdırmalar aparılıb. Bu araşdırmalara əsasən müəyyən edilib ki, ixracyönümlü istehsalın artımı məqsədilə
xüsusi iqtisadi güzəştlərə ehtiyac var. Araşdırmaların nəticəsi olaraq, İKT
sektoru üzrə xüsusi iqtisadi rejim haqqında təkliflər paketi hazırlanıb və Azərbaycan Respublikası Prezidenti
Administrasiyasına təqdim edilib. Bu təkliflər paketində İKT şirkətlərinin fəaliyyətinin təşviqi
məqsədilə tətbiq olunması mümkün olan vergi və gömrük güzəştləri qeyd edilib. RİTN-in həyata keçirdiyi sonuncu layihə isə
ekspertlərin də müsbət qarşıladığı İKT sektoru üzrə İnvestisiya Fondunun
yaradılmasıdır.
- İKT sektoru üzrə İnvestisiya Fondunun yaradılması fikri maraqla
qarşılanıb. Bu fondun yaradılmasında məqsəd nədən ibarətdir?
- Bu fondu yaratmaqda əsas məqsəd İKT sektoruna daxil olan yeni Azərbaycan
şirkətlərinə dəstək olmaq və bu yolla İKT sahəsinin inkişafına təkan verməkdir.
İnvestisiya Fondunun qarşısında yeni elmtutumlu və innovasiyayönümlü
layihələrin yaradılması, ixtisaslı mütəxəssislərin layihələrə cəlb olunması,
mikro və nanoelektronika sahəsində istehsal, proqram təminat və region
bazarlarına informasiya verilməsi kimi vacib məsələlər üzrə dövlətin maliyyə
resurslarından istifadə imkanı yaratmaq məqsədi qoyulub. İKT
sahəsində fəaliyyət göstərən yerli şirkətlərin rəqabət qabiliyyətini artırmaq
və bu şirkətlərə xarici investisiyaların cəlb olunmasına xidmət göstərmək
fondun İKT sektorunun iqtisadi durumunun inkişafına yönələn prioritet fəaliyyət
istiqaməti olacaq.
RİTN-in diqqət mərkəzində saxladığı əsas məqam İKT sahəsi üzrə yüksək biliklərə
malik olan azərbaycanlı mütəxəssislərin işlə təmin olunmasıdır. İxtisaslaşmış
İnvestisiya Fondunun vacib məqsədlərindən biri belə gənc istedadların yeni
layihələr ətrafında cəmləşməsini təmin etməkdir. Fondun dəstəyi sayəsində
elmi-tədqiqat və innovativ işlə məşğul olmaq istəyən mütəxəssislərin
startap-layihələrə cəlb olunması, bu kimi yeni firmaların qısa müddət ərzində
uğurla möhkəmlənməsi və mənfəət əldə edilən səviyyəyə çatmasına nail olmaq
mümkün olacaq.
- Təbii sərvətlərdən texnoloji və innovasiya tutumlu iqtisadiyyata keçid
hansı formada reallaşdırılmalıdır?
- Təbii ehtiyatlar xalqımızın ən qiymətli sərvətidir, amma neft-qaz
ehtiyatlarının artım potensialı tükənmək xüsusiyyətinə malikdir və yaxın
illərdə təbii ehtiyatların hasilat səviyyəsi stabil olaraq qalacaq. Bu səbəbdən
ölkə iqtisadiyyatının təbii ehtiyatlardan texnoloji və innovasiya tutumlu
iqtisadiyyata transformasiya olunması hökumət qarşısında duran vacib
məsələlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
təbii sərvətlərə əsaslanan iqtisadiyyatdan texnoloji tutumlu və biliklərə
əsaslanan iqtisadiyyata keçid yolunda İKT-ni prioritet sahə elan edib. Cənab Prezidentin İKT sahəsinə göstərdiyi diqqət
və qayğı, məqsədyönlü və uzaqgörən siyasət, həyata keçirilən region əhəmiyyətli
layihələr və dövlət proqramları İKT-ni iqtisadi transformasiyanın vacib
həlqəsinə çevirib.
Hesab edirəm ki, təbii sərvətlərdən texnoloji və innovasiya tutumlu
iqtisadiyyata keçidin reallaşdırılması üçün hüquqi bazanın təkmilləşdirilməsi
ilk addım olmalıdır. Burada texnoloji və innovativ tutumlu şirkətlərin dövlət
tərəfindən xüsusi güzəştlər ilə dəstəklənməsi böyük əhəmiyyət kəsb edir. Bu
güzəştlər öz növbəsində texnologiya, elm və innovasiya tutumlu şirkətlərə
xarici və yerli investisiyaların qoyulması prosesini sürətləndirməlidir.
Yüksək texnologiyalara və innovasiyalara əsaslanan iqtisadiyyatın bərqərar
olması insan resursunun inkişafı ilə bilavasitə əlaqədardır. Yalnız insan faktoru
innovasiyanın daşıyıcısı rolunda çıxış edir və yeni ideyaların yaranmasına
şərait yaradır. Bu səbəbdən ölkə iqtisadiyyatında səmərəliliyə nail olmaq üçün
istifadə olunan texnika və texnologiya ilə yanaşı, həmçinin insan resursunun
inkişafına da ciddi diqqət ayrılır.
- İnternetin kəmiyyət, keyfiyyət və tarif siyasətində hər hansı bir
yenilik gözlənilirmi?
- Hazırda Azərbaycanda internetin inkişafı üçün böyük potensial mövcuddur.
Respublika ərazisinin fiber-optik magistral şəbəkələrlə tam əhatə olunması,
bütün yaşayış məntəqələrinin telefonlaşdırılması və telefon şəbəkəsinin
elektronlaşdırılması və mobil telefon şəbəkələrində \"3G\"
texnologiyasının, həmçinin yaxın gələcəkdə \"4G\" (LTE) xidmətlərinin
tətbiqi ölkənin istənilən nöqtəsində yüksəksürətli internetə çıxış imkanı
yaradır.
Bu seqmentdə özəl sektorun rolu davamlı olaraq artmaqdadır. Ölkədə 40-a yaxın
internet xidmət provayderi və 600-dən çox internet-klub fəaliyyət göstərir.
Hazırda ölkəmizin qlobal internet şəbəkəsində qoşulma sürəti 100 Gbitsaniyəni
ötmüşdür ki, bu da respublikamıza bölgə ölkələrinə internet xidmətlərini ixrac
etməyə imkan verir. Əhalinin internetdən istifadəsini genişləndirmək məqsədilə
ölkədə son 4 ildə internetin qiyməti 10 dəfəyədək azaldılıb.
Bu sahədə gözlənilən yeniliklərə gəldikdə isə, ilk növbədə genişzolaqlı
internet xidmətləri ilə bağlı mövcud vəziyyət, 2015-ci ilədək proqnozlar
və eyni zamanda, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Rəqəmli İnkişaf
üzrə Genişzolaqlı Komissiyasının müəyyənləşdirdiyi hədəflərə uyğun olaraq
hazırladığımız \"Azərbaycanda genişzolaqlı internet xidmətlərinin inkişafı
üzrə Fəaliyyət Proqramı\"nı qeyd etmək istəyirəm.
Bu proqramın reallaşması ilə ölkəmizin BTİ və digər mötəbər beynəlxalq
təşkilatlarda reytinqinin, genişzolaqlı internet infrastrukturunun
potensialının və ondan istifadə imkanlarının artırılması, habelə ictimai
yerlərdə yüksəksürətli internetə simsiz çıxış təmin ediləcək. Bununla yanaşı,
milli kontent inkişaf etdiriləcək və ölkədaxili trafikin həcmi artacaq.
- Dünyanın bir çox ölkəsində stasionar telefonlardan danışıqlara limit
tətbiq edilir və əhali danışdığı dəqiqəyə görə ödəniş edir. Bu sistemin
tətbiqinin əhali üçün üstünlükləri mövcuddur. Bilmək istərdik, bu
üstünlüklər nədən ibarətdir və ölkəmizdə belə bir tarif planının tətbiqi
reallaşa bilərmi?
- Bu gün ölkəmizdə rabitənin müasir standartlara uyğun inkişafı və yeni xidmət
növlərinin tətbiqi şəraitində çevik tarif siyasəti yürüdülür. Bu tarif
siyasətinin əsasını telekommunikasiya operatorlarının şəbəkənin inkişafına
şərait yaratmaq və göstərilən xidmətlərin bütün kateqoriyadan olan
istifadəçilər üçün sərfəli olması təşkil edir.
Bu istiqamətdə atılacaq addımlardan biri də limitli tarif paketidir. Qeyd edim
ki, dünya ölkələrində bu tarif planının tətbiqi üzrə müxtəlif variantlardan
istifadə olunur və müxtəlif yanaşmalar mövcuddur. Hazırda MDB ölkələrində
limitsiz tariflərlə yanaşı, limitli tarif paketindən də istifadə olunur və bu
tarifin ölkəmizdə də tətbiqi zəruridir.
Limitli tariflərin tətbiqi ölkəmizdə telekommunikasiya şəbəkəsinin artıq
yüklənmədən azad olmasına və israfçılığın qarşısının alınmasına səbəb olacaqdır
ki, bu da öz növbəsində əhalinin internet, o cümlədən digər yeni xidmətlərdən
daha keyfiyyətli istifadəsinə imkan verəcək. Hazırda əhalinin telefondan istifadə səviyyəsinin analizi və şəbəkədə bu
sistemi dəstəkləyən yeni texnologiyaların tam tətbiqi istiqamətində işlər
aparılır.
Qeyd olunan sistemin tətbiqi ilə əlaqədar hazırlanacaq təkliflərdə əhalinin
aztəminatlı hissəsinin maddi vəziyyəti, abunəçilərin seçim imkanlığının
yaradılması və rabitə operatorlarının investisiya imkanlığının
genişləndirilməsi faktorları nəzərə alınacaq.
- Cənab nazir, ölkədə fəaliyyət göstərən mobil operatorlar dəfələrlə
\"3G\" xidmətinin göstərilməsi üçün texniki baxımdan tam hazır
olduqlarını bildirdilər. Nazirlik lisenziya təqdim etdi və ölkədə bu xidmətin
tətbiqi rəsmən təsdiqləndi. Xeyli müddət keçməsinə baxmayaraq, \"3G\"
xidməti əhali arasında populyarlaşmadı. Bu gün \"4G\" texnologiyasının
tətbiqi gündəmdədir. Buna münasibətiniz?
- Ötən ilin noyabr ayında respublikamızda fəaliyyət göstərən digər iki mobil
operatora da 3-cü nəsil (3G) mobil rabitə xidmətləri sahəsində fəaliyyət üçün
xüsusi razılıq (lisenziya) verildi.Qısa müddət ərzində Azərbaycanda
\"3G\" xidmətindən istifadə edənlərin sayı təxminən 2 milyonu ötmüşdü.
Təqdim olunan xidmət səviyyəsinin daha da artırılması, telekommunikasiya
bazarının təhlil edilərək vaxtında uyğun tədbirlərin görülməsi onu deməyə əsas
verir ki, yaxın gələcəkdə həmin xidmətdən istifadə edənlərin sayı daha da
artacaq.
Yeni texnologiyalar nazirlik tərəfindən daim öyrənilir və tətbiqi
üçün lazımi işlər görülür. \"4G\" (LTE) xidmətinin tətbiqi ilə bağlı
hazırda araşdırmalar və məsləhətləşmələr aparılır. Nəticəyə uyğun xidmətin
respublikamızda tətbiqi məsələsi ilə bağlı yaxın vaxtlarda qərar
veriləcək.
- İKT sahəsində fəaliyyət göstərən özəl şirkətlərin fəaliyyəti
ilə bağlı münbit şəraitin yaradılması üçün hansı işlər görülüb və bu gün
onların fəaliyyəti qənaətbəxşdirmi?
- \"Telekommunikasiya haqqında\" Azərbaycan Respublikasının
Qanununa əsasən, telekommunikasiya sahəsində fəaliyyət göstərən operatorlar,
provayderlər, digər hüquqi və fiziki şəxslər, habelə avadanlıqların
istehsalçıları və təchizatçıları telekommunikasiya şəbəkələrinin yaradılmasında
və inkişaf etdirilməsində, xidmətlərin göstərilməsində bərabərhüquqlu
subyektlər hesab edilirlər.
Hazırda respublikamızda İKT sahəsində fəaliyyət göstərən özəl şirkətlərin
fəaliyyətinə dövlət tərəfindən lazımi dəstək verilir. Təsadüfi deyildir ki, bu sahədə çox sayda
özəl müəssisə, operator və provayderlər fəaliyyətdədir. İKT, informasiya və
poçt sektorunda əldə olunan gəlirlərin çoxu qeyri-dövlət rabitə müəssisələrinin
payına düşür. Yuxarıda qeyd etdiyim kimi, 3-cü nəsil (3G) mobil rabitə xidmətləri
üzrə özəl operatorlara lisenziyaların verilməsi, internet xidmətləri üzrə
tariflərin son illər ərzində dəfələrlə aşağı düşməsi , genişzolaqlı internetin
çəkisinin sürətlə artması, regionlarda provayderlərin fəaliyyəti üçün əlverişli
şəraitin yaradılması bu bazarda rəqabət şəraitini yaxşılaşdırmaqla yanaşı,
provayderlərin istifadəçilərə göstərdiyi xidmətlərin keyfiyyətinin
artırılmasına xidmət edir.
- Bu il BMT-nin təşəbbüsü ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan
İnternetin İdarə Olunması üzrə Beynəlxalq Forum haqqında fikirlərinizi bilmək
maraqlı olardı...
- Çox sevindirici haldır ki, İnternet İdarəçilik Forumu (Internet Governance
Forum-IGF) kimi mötəbər tədbir bu il Azərbaycanda keçirilməsi
planlaşdırılır.Qeyd edim ki, respublikamızda informasiya cəmiyyətinin
qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü işlərin aparılması
nəticəsində, forumun Azərbaycanda keçirilməsi üçün təşəbbüs irəli sürülmüşdür.
\"İGF\" katibliyi və bəzi ölkələr, xüsusilə də ABŞ, \"İGF\"-nin
növbəti, yəni 2012-ci ildə keçirilməsi nəzərdə tutulan forumuna məhz Bakı
şəhərinin ev sahibliyini tövsiyə etmişdir. \"İGF\" prosesini BMT-nin
Baş katibinin müavini cənab Şa Zukanq əlaqələndirir və o, növbəti forumun
iclasının Bakı şəhərində keçirilməsini arzulayıb.
Bu gün \"İGF\" qlobal internet şəbəkəsinin dayanıqlı inkişafı və
təhlükəsizliyinin təmin olunması funksiyasını yerinə yetirir və gələcəkdə
internetin beynəlxalq idarə edilməsi prinsiplərini formalaşdırır. Tədbir
genişmiqyaslı olub dünya ölkələrindən hökumət, özəl sektor, ictimai və
beynəlxalq təşkilatlardan 2500-dək iştirakçını cəlb edir.
- İldən-ilə İKT sektoru yüksək templə inkişaf edir. Təbii ki,
belə olan halda kadr potensialına da tələbat yaranır. İKT sahəsində kadr
məsələsi necə həll olunur?
- Müasir tələblərə cavab verən İKT infrastrukturunun qurulması ilə bərabər,
insan kapitalının da formalaşdırılması zəruri məsələdir. Bu istiqamətdə xüsusi olaraq \"Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı\" təsdiq olunub və bu Proqram çərçivəsində çoxlu sayda gənc
dünyanın tanınmış universitetlərində təhsil alırlar. RİTN- də
\"İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu\" yaradılıb və dünyanın nüfuzlu informasiya texnologiyaları
universitetləri ilə anlaşma memorandumları imzalanıb. Artıq 160 yaxın gəncin bakalavr və magistr
pillələrində dünyanın aparıcı universitetlərində təhsil almalarına dəstək
verilir.
Həmçinin, RİTN-in Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə həyata
keçirdiyi \"AzGRİD\" layihəsi çərçivəsində yüksək texnologiyalar üzrə gənc
alim və mütəxəssislərin hazırlanmasına, onların tanınmış beynəlxalq elmi
mərkəzlərdə təcrübə keçməsinə dəstək göstərilir.
- Cənab nazir, demək olar ki, bu gün dünyanın hər bir ölkəsində İKT
sahəsində şəhərlə kənd arasında rəqəmsal fərq var. Bunu necə izah
edərdiniz?
- Bu gün nəinki şəhər və kəndlər, həm də qitələr, regionlar və ölkələr arasında
rəqəmsal uçurum mövcuddur. Qeyd edim ki, Beynəlxalq Telekommunikasiya
İttifaqının 2011-ci il üzrə qiymətləndirmələrinə görə, internetin yayılma
səviyyəsi inkişaf etmiş ölkələrdə 73,8%, inkişaf etməkdə olan ölkələrdə isə
26,3%, sabit telefon şəbəkəsinin inkişaf səviyyəsi Avropa ölkələrində 39,1%,
MDB ölkələrində 26,3%, Afrikada 1,4%, mobil şəbəkənin yayılma səviyyəsi Avropa
ölkələrində hər 100 nəfərə 119 ədəd, MDB ölkələrində 143 ədəd, Afrika
ölkələrində isə 53 ədəd təşkil edir. Dünyada mövcud olan rəqəmsal fərqi qeyd
etmək üçün daha çox nümunələr göstərmək olar.
Təbii ki, bu uçurum şəhər və kəndlər arasında da mövcuddur. Hər bir dövlətin
İKT siyasətində əsas hədəflərdən biri də ölkədə sosial təbəqələr və coğrafi
məkanlar arasında olan rəqəmli fərqi aradan götürmək və İKT-nin yaratdığı
üstünlüklərindən ölkənin hətta ən ucqar yaşayış məntəqələrində yaşayan
insanların istifadəsinə imkan yaratmaqdır.
Bu istiqamətdə Azərbaycanda da çox ciddi tədbirlər görülür və layihələr həyata
keçirilir. Bu gün artıq ölkənin ən ucqar yaşayış məntəqələrində belə telefon
rabitəsi imkanlığı yaradılıb, ölkənin telefon şəbəkəsi tam elektronlaşdırılıb və 1200 kənd ATS-dən 720-də optik bağlantı və ADSL
xidməti göstərilməsi təmin edilib.
Görülmüş işlərin nəticəsidir ki, son 5 il ərzində kənd ATS-lərinin
elektronlaşma faizi 71%-dən 100%-ə, hər 100 nəfərə düşən sabit şəbəkə
abunəçilərinin sayı kəndlərdə 5,9-dan 7,1-ə yüksəlmişdir. Bu bir dövlət, iki
özəl şirkət tərəfindən Azərbaycan ərazisi optik kabel vasitəsi ilə informasiya
şəbəkələri ilə təmin olunur. Artıq bütün rayon mərkəzləri və 30 faiz kəndlər
optik şəbəkəyə qoşulub. Bürün kəndlərin optik şəbəkə ilə tam əhatə
olunması isə 2013-cü ilin birinci yarsına planlaşdırılıb. Hesab edirəm ki, şəhər və kəndlər arasında rəqəmsal
uçurumun olmaması hər bir ölkənin İKT siyasətinin əsas istiqamətlərindən
biridir və bu sahədə Azərbaycanda işlər məqsədyönlü şəkildə həyata keçirilir.
- Ölkədə İKT xidmətlərinin tətbiqi ilə bağlı lazımi işlər həyata
keçirilir. Ancaq bu xidmətlərdən lazımi səviyyədə istifadə olunmur. Sizcə,
səbəb nədir?
- Məlum olduğu kimi, kommunikasiya texnologiyaları, kompyuterlər,
mikro-elektronika, nanotexnologiya və s. informasiya cəmiyyətinə keçidi təmin
edən və informasiya texnologiyaları inqilabına səbəb olan texnologiyalardır. Sözügedən inqilablar meydana gələndə onlardan ilk
olaraq bəhrələnən və ya çox keçmədən müəyyən nəticələr əldə edən İngiltərə,
Fransa, Almaniya, İsveç, ABŞ və s. ölkələr iqtisadi inkişafı təmin edən yeni
texnologiyalar yaratdılar və dünya iqtisadiyyatında əhəmiyyətli yer əldə etdilər. Həmin ölkələr bunun
məntiqi davamı kimi bu gün də İKT sahəsində dünyada lider ölkələrdəndir.
Deməli, burada əhəmiyyət kəsb edən xüsusiyyət, dövrün mövcud müasir
texnologiyalarının istifadə və istehsalını doğru şəkildə həyata keçirməkdir.
Beləliklə, İKT sahəsində lider olmaq və iqtisadi inkişafı təmin etmək üçün
informasiya cəmiyyətini səciyyələndirən informasiya və kommunikasiya
texnologiyaları və digər yeni texnologiyaların ilk mərhələdə istifadəçisi və
daha sonra istehsalçısına çevrilmək həyati zərurətdir. Yalnız belə olduğu halda
ölkələr yüksək standartlar çərçivəsində inkişafı təmin edə bilirlər.
Son illərin statistikası göstərir ki, Azərbaycan İKT sahəsində regionda
liderliyini qoruyur. Bu, şübhəsiz ki, müəyyən faktorlara söykənir. Hələ bir
neçə il bundan əvvəl Azərbaycanda İKT sektorunu inkişaf etdirmək barədə
formalaşan \"İKT sahəsi üzrə dünya standartlarına uyğun qanunvericiliyin
formalaşması Azərbaycanı yaxın bir zamanda İKT üzrə regional liderə çevirə
bilər\" fikri zaman keçdikcə geridə qalmış oldu \"İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında\", \"Elektron
imza və elektron sənəd haqqında\", \"Elektron ticarət haqqında\",
\"İnformasiya əldə etmək haqqında\", \"Telekommunikasiya
haq¬qında\", \"Poçt haqqında\", \"Azərbaycan Respublikası
əhalisinin dövlət reyestri haqqında\", \"Biometrik informasiya
haqqında\", \"Fərdi məlumatlar haqqında\" Azərbaycan Respublikasının
qanunları qəbul olundu.
Bu qanunlarda rabitə və informasiya texnologiyaları sahəsi üzrə geniş
islahatların aparılması, telekommunikasiya şəbəkələrində geniş modernləşmə
işlərinin həyata keçirilməsi, xüsusiləşdirilmiş sərbəst iqtisadi zona-texnopark
yaratmaq və s. nəzərdə tutulması gələcək perspektivlərin konturlarını
müəyyənləşdirib. Azərbaycanda İKT sahəsində əldə olunan uğurlar
müvafiq olaraq cəmiyyətin xarakterinə də təsir edib. Azərbaycanda informasiya cəmiyyətinin
formalaşmasını daha da sürətləndirən və onun İKT sahəsində regionda liderliyini
möhkəmləndirən amillərin sırasında insan faktorunu və rəqabəti unutmaq olmaz.
İnkişaf rəqabətin məhsuludur və hər bir mərhələ müəyyən zaman tələb edir.
İnnovasiya sistemlərindən bəhrələnərək İKT infrastrukturunun durmadan
yüksəldilməsi əlaqəli olaraq digər proseslərin, o cümlədən istifadəçilər
tərəfindən yeni texnologiyaların mənimsənməsi ilə bağlıdır.
Fikrimizcə, Azərbaycanda İKT istifadəçilərinin xidmətlərdən lazımi səviyyədə
istifadə etməməsi barədə fikri təsdiqləmək mümkün deyildir. İzahatdan da
göründüyü kimi, bütün dünyada yeni texnologiyalar o qədər sürətlə inkişaf
etməkdədir ki, ilk növbədə, onun istifadəçilər tərəfindən mənimsənilməsi
müəyyən vaxt tələb edir.
Məsələn, \"3G\"-dən istifadədə olduğu kimi. Bütün mobil operatorlar
tərəfindən tətbiqinə cəmi bir neçə ay bundan əvvəl başlanılmasına baxmayaraq,
artıq 2 milyondan çox istifadəçisi vardır. Bu müddət üçün heç də aşağı
göstərici deyildir. Başqa bir misal internet-bankçılığı göstərmək olar. Çox az
müddət içərisində respublikada bu xidmətlərdən yararlanan istifadəçilərin sayı
artmaqdadır.
- İKT-nin cəmiyyətimizin demokratikləşməsində rolu barədə nə deyə
bilərsiz?
Qloballaşma proseslərinin cəmiyyətin bütün fəaliyyət sahələrinə nüfuz etməsi
ilə geniş vüsət aldığı dövrdə dünyada, o cümlədən də Azərbaycanda əsas məqsəd
elmi-texniki tərəqqinin nailiyyətlərindən bəşəriyyətin rifahı naminə istifadə
olunmasıdır. Müasir texnologiyaların, internetin mədəniyyətin,
milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideologiyasının beynəlxalq
aləmdə təbliği, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması,
dünya azərbaycanlılarının həmrəyliyi ideyalarının yayılmasında rolu böyükdür.
İctimai fikrə təsir imkanları baxımından televiziya və radio ilə yanaşı, müasir
dövrdə elektron kütləvi informasiya vasitələri xüsusi çəkiyə malikdir.
Bu gün milli informasiya məkanının formalaşması, dünya informasiya məkanına
inteqrasiyası, qlobal informasiya sistemlərinin yaradılması proseslərində
Azərbaycan fəal iştirak edir. İKT-nin dinamik inkişafı digər sahələrlə yanaşı,
televiziya və radio, KİV-in rəqəmsallaşması, fəaliyyət sahəsinin genişlənməsi,
KİV-in fəaliyyətində peşəkarlığın artırılması üçün böyük imkanlar yaratmışdır.
Müasir dövrdə ölkəmizin iqtisadi cəhətdən güclənməsi və vətəndaşların maddi
rifahının təmin edilməsi vasitəsilə cəmiyyətin mərhələli demokratikləşməsindən
və keçid demokratiyasından möhkəmlənmiş, yəni konsolidasiya olunmuş məkana
transformasiyası barədə danışmaq olar. İKT-nin cəmiyyətə, sosial-iqtisadi,
siyasi, mədəni-mənəvi inkişafa təsiri yeni XXI əsrin insanını, insanlar
arasında münasibətləri və yeni istehsal vasitələrini formalaşdırır.
Beləliklə, İKT yeni sosial-iqtisadi formasiyanın- informasiya cəmiyyətinin
yaranması və formalaşmasının əsasını, bünövrəsini qoyur. Bu gün fərəhlə deyə
bilərik ki, bütün dünyada olduğu kimi, İKT-nin cəmiyyətin demokratikləşməsində,
insan hüquqlarının qorunmasında və söz azadlığının təminatındakı rolu ön plana
çəkilmişdir.
- Prezident İlham Əliyev bütün yerli və hətta mötəbər beynəlxalq
tədbirlərdə, konfranslarda Azərbaycanda İKT sektorunun prioritet
olduğunu, iqtisadiyyatın və gələcək inkişafın birbaşa bu sahə ilə bağlı
olduğunu bəyan edir.Sizcə, cənab Prezidentin bu uzaqgörən siyasəti nəyə
və nələrə hesablanıb?
-Son illərdə dünyada informasiya və biliklərə əsaslanan rəqabətədavamlı
iqtisadiyyatın qurulması, cəmiyyətin informasiya məhsulları və xidmətlərinə
tələbatının dolğun ödənilməsi məqsədilə İKT infrastrukturuna və xidmətlərinə
çıxışının təmin olunması mühüm əhəmiyyət kəsb edir. İnternet və texnologiyalar
həyatımızın əvəzolunmaz tərkib hissəsinə çevrilmiş və iqtisadiyyatın elə bir
sahəsi qalmamışdır ki, orada İKT-nin imkanlarından istifadə edilməsin.
Bu məqamlar İKT-nin prioritet elan edilməsini şərtləndirən vacib amillər
olublar. Həmçinin, bu siyasət informasiya cəmiyyətinin inkişaf etməsinə, milli
informasiya və kommunikasiya infrastrukturunun mütərəqqi texnologiyalar
əsasında müasirləşdirilməsinə və ölkə üzrə əhatəsinin genişlənməsinə xidmət
edir.
Cənab Prezident İlham Əliyev ilk dəfə İKT sektorunun prioritet sahə olduğunu
elan edərkən Azərbaycan iqtisadiyyatının gələcəyinin bilavasitə bu sahə ilə
bağlı olacağını vurğulamışdır. Bu gün tarixən təbii ehtiyatlara əsaslanan
Azərbaycan iqtisadiyyatının texnoloji və innovasiya tutumlu iqtisadiyyata
keçid məsələsi aktualdır.
Təbii ehtiyatlardan əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına
yönəldilməsi uzunmüddətli inkişafa hesablanmış uzaqgörən siyasətin tərkib
hissəsidir və iqtisadiyyatın bir çox sahələri arasından məhz İKT sektorunun ön
plana çəkilməsi bilavasitə onunla əlaqədardır ki, İKT müasir həyatımızın ən
gəlirli fəaliyyət sahəsinə çevrilmişdir. Fikirlərimi Prezident İlham
Əliyevin\"Euronews\" telekanalına verdiyi müsahibə zamanı
səsləndirdiyi bu fikirlə yekunlaşdırmaq istəyirəm. \"Mən Azərbaycanda
informasiya texnologiyalarının gələcəyini neft və qazı öz zamanında əvəz edə
biləcək bir sektor kimi görürəm\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB