BDM: “Leyla Yunusova Azərbaycan haqqında həqiqəti əks etdirməyən yalanlar yaymaqdadır”
Beynəlxalq Diaspor Mərkəzi (BDM) son zamanlar bəzi Qərb mediasında anti-Azərbaycan mövqeyi ilə bağlı yayılan fikirlərə etiraz əlaməti olaraq bəyanat qəbul edib.
SİA-nın xəbərinə görə, bəyanatda deyilir: "Ötən il keçirilən "Eurovision" mahnı müsabiqəsində Azərbaycanın birinci yeri tutması ölkəmizin beynəlxalq aləmdə daha da yaxından tanınmasına səbəb olmuşdur. Bu nailiyyətin nəticəsi olaraq bu il "Eurovision-2012" mahnı müsabiqəsinə Azərbaycan ev sahibliyi edəcəkdir. İlk dəfə olaraq belə bir kütləvi mədəni tədbirin Bakıda keçirilməsini nəzərə alaraq Azərbaycan tərəfindən ciddi hazırlıq işləri həyata keçirilməkdədir. Ölkəmizin həm siyasi-iqtisadi, həm diplomatik, həm də mədəni sahədə uğurlar əldə etməsi dünyada bəzi dairələrin və xüsusən də düşmənlərimizin ürəyindən deyildir. Son vaxtlar Qərbin bəzi media qurumlarında konkret olaraq Fransanın "France 24" və Almaniyanın 1-ci telekanalı olan "ARD" tərəfindən anti-Azərbaycan xarakterli materiallar efirə getmişdir. Adı çəkilən telekanalların böhtan yayması beynəlxalq ictimaiyyətin ölkəmiz haqqında yaranan müsbət fikirlərinə xələl gətirə bilməz. Ən çox təəssüfedici hal ondan ibarətdir ki, sülh və demokratiya institutunun rəhbəri olan, özünü hüquq müdafiəçisi sayan Leyla Yunusova adı çəkilən və çəkilməyən media qurumları ilə işbirliyində olaraq Azərbaycan haqqında həqiqəti əks etdirməyən yalanlar yaymaqdadır. Azərbaycanın ən ağrılı məsələsi olan Dağlıq Qarabağla bağlı, 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzlə bağlı səs çıxarmayan hüquq müdafiəçisinin yalnız ölkəmiz əleyhinə verdiyi açıqlamalar biz diasporçuları narahat etməkdədir. Azərbaycan həqiqətlərini daim dünyada təbliğ etdiyimiz bir zamanda, Xocalı faciəsinin 20-ci ildönümü ərəfəsində və qondarma "erməni soyqırımı" iddiaları ilə bağlı Fransa senatının qəbul etdiyi qərara qarşı bütün Türk dünyasının imkanlarının mübarizə üçün səfərbər edilməsi əvəzinə ölkəmiz əleyhinə çıxışlar etmək xəyanətdir və bu "düşmən dəyirmanına su tökmək"dir.
Beynəlxalq Diaspor Mərkəzi (BDM) olaraq Leyla Yunusovanı Azərbaycanın haqq işinə kölgə salmaqdan əl çəkməyə, işğalçı Ermənistan tərəfindən hüquqları pozulmuş soydaşlarımızın haqlarını beynəlxalq təşkilatlarda müdafiə etməyə çağırırıq. Bir daha bəyan edirik ki, Azərbaycanın milli maraqlarına qarşı yönələn bütün addımları müxalifət mövqeyi olaraq qəbul etmirik, bunu edənlərin düşmənlə bir sırada dayandığını hesab edirik.
Sonda BDM özünün Çexiya, Almaniya, İspaniya, Fransa, Belçika və Polşadakı təmsilçilərinə, habelə, Avropa nümayəndəliyinin şura üzvlərinə müraciət edir və belə həssas məqamda milli maraqlarımızı müdafiə etməyə, təmsil olunduqları ölkələrin mətbuatında ölkəmizin əleyhinə düşünülmüş şəkildə aparılan qara piara qarşı etiraz etməyə çağırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB