Saatlıda 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub. SİA-nın Aran bürosunun məlumatına görə. rayon ictimaiyyəti qarşısında hesabat məruzəsi ilə çıxış edən Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov bildirib ki, 2011-ci ildə ümumi məhsul buraxılışının həcmi 25,8 faiz artaraq 180312,0 min manat olub. Ümumi məhsul buraxılışının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 82,5 faiz təşkil edib. Ümumiyyətlə, ötən 8 il ərzində rayon üzrə ümumi məhsul buraxılışının həcmi 3,5 dəfədən çox artıb. Ötən il ümumi məhsul istehsalının həcmi tikinti üzrə 8,1 faiz, kənd təsərrüfatı üzrə 36,3 faiz, ticarət üzrə 23,3 faiz, nəqliyyat üzrə 5,9 faiz, sənaye üzrə isə 17,4 faiz artıb. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 20,2 faiz artaraq 110796,3 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 23,5 faiz artaraq 17474,5 min manat təşkil edib. Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 17,3 faiz artaraq 237,0 manat olub. Hazırda rayonda 685 hüquqi, 2876 fiziki şəxs kiçik və orta sahibkarlıqla məşğul olurlar. Təkcə 2011-ci ildə 741 iş yeri yaradılmışdır ki, bundan 561 iş yeri daimidir. İstehsal, emal, xidmət obyektlərinin yaradılması, bir sıra müəssisələrin fəaliyyətinin bərpa olunması hesabına ötən 8 il ərzində 22075 yeni iş yeri açılmışdır ki, bunun da 14801-i daimi iş yerləridir. Məhsul istehsalının həcminin yüksəlməsi, əmək haqlarının, pensiya və müavinətlərin artırılması və yeni iş yerlərinin yaradılması əhalinin pul gəlirlərinə müsbət təsir etmiş, 2011-ci ildə əvvəlki illə müqayisədə pul gəlirləri 19,6 faiz artıb.
2011-ci ildə Saatlıda 5 milyon 2 min manat plana qarşı 6 milyon 152 min manat daxilolma olmuş, plana 123 faiz əməl edilərək nəzərdə tutulduğundan 1 milyon 150 min manat artıq vəsait daxil olub. Qeyd edək ki, 2010-cu illə müqayisədə 2011-ci ildə yerli büdcəyə 1 milyon 227 min manat artıq vəsait mədaxil olunub.
Rayonun 2011-ci il üçün büdcəsi sosial yönümlü olmaqla 16 milyon 883 min manat proqnoza qarşı 15 milyon 565 min manat, 92,2 faiz və ya 1 milyon 318 min manat az icra olunub. İstifadə olunmuş vəsaitin 64,7 faizi təhsil, 13,7 faizi səhiyyə, 4,7 faizi isə mədəniyyət sahələrinə yönəldilib.
Ötən il rayonda kənd təsərrüfatında ümumi dəyəri 100253 min manat olan məhsul istehsal edilib ki, bu da 2010-cu illə müqayisədə 26685,3 min manat və ya 36,2 faiz çoxdur. İstehsal olunmuş kənd təsərrüfatı məhsullarının yalnız 0,1 faizi dövlət sektorunun payına düşür. İstehsal olunmuş kənd təsərrüfatı məhsullarının 62,8 faizi bitkiçiliyin, 37,2 faizi isə heyvandarlıq məhsullarının payına düşür.
2011-ci ildə 12 sənaye müəssisəsi və fiziki şəxslər tərəfindən 7134,3 min manatlıq məhsul istehsal edilərək xidmətlər göstərilib ki, bu da ondan əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz çoxdur. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın həcmi 36342,1 min manat olub ki, bu da 2010-cu ilə nisbətən 8,7 faiz çoxdur.
Saatlı şəhərində tikilən \"Aqrolizinq\" ASC-nin Saatlı Aqroservis filialının baza kompleksi 2011-ci ilin may ayında istifadəyə verilib . Kompleksin ərazisi 1,0 hektar olmaqla 4 min ton mineral gübrə saxlayan anbar binası, 50-yə yaxın maşın və texnika saxlanılmaq üçün talvar, təmir emalatxanası, ofis binası inşa edilərək kompleksin əhatə etdiyi əraziyə asfalt vurulmuş və bununla da Aqroservisin maddi-texniki bazası xeyli gücləndirilib.
Saatlı \"Aqroservis\" filialı tərəfindən 2011-ci il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə 3136,5 azot kübrəsi, 333,6 ton nitroammofoska və 219,3 ton superfosfat dərman preparatları satılıb, lizinq yolu ilə 2198 hektar sahədə şum aparılaraq 5248 hektar sahədə isə kombaynlarla biçin işləri görülüb.
2011-ci ildə rayonda fəaliyyət göstərən pambıq zavodları tərəfindən əhaliyə avans olaraq 208,6 ton çiyid, 414 min manat nəqd pul vəsaiti verilib. İl ərzində əhali və kənd təsərrüfatı müəssisələrindən 11198 ton xam pambıq məhsulu tədarük edilib ki, bu da respublikada istehsal olunan pambığın 23 faizi deməkdir.
2011-ci ildə heyvandarlıq məhsulları istehsalında artım müşahidə edilməklə, 6887 ton ət(diri çəkidə), 36845 ton süd və 5994 min ədəd yumurta istehsal edilib. Hazırda rayonda bütün təsərrüfat kateqoriyaları üzrə iri buynuzlu mal-qara 66421 baş, o, cümlədən ana inək və camışların sayı 31355 baş, qoyun və keçilərin sayı 100274 baş olub. Rayon rəhbəri çıxışı zamanı əlaqədar təşkilat rəhbərlərinə qarşıda duran vəzifələrin icrası ilə bağlı tapşırıqlarını verib. Müşavirədə idarə və müəssisə rəhbərləri çıxış edib.
Tədbirdə iştirak edən Prezident admnistrasiyasının məsul işçisi Dəyanət Abdullayev çıxış edərək 2011-ci ilin yekunlarını Saatlı üçün uğurlu olduğunu diqqətə çatdırıb. Sonda ölkə başçısı İlham Əliyevə müraciət qəbul olunub.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB