Qış Universitetinin iştirakçıları “Nə? Harada? Nə zaman?” oyununda yarışdılar

Qış Universitetinin iştirakçıları “Nə? Harada? Nə zaman?” oyununda yarışdılar

Qış Universitetinin 3-cü günü təkcə maraqlı təlimlərlə deyil, həm də intellektual, əyləncəli yarışlarla yadda qalıb. İştirakçılar bu dəfə "Nə? Harada? Nə zaman?" oyununda öz biliklərini sınayıblar.

"İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, gərgin mübarizə şəraitində keçən yarışda komandalar üçün 20 sual hazırlanmış, lakin oyunun qalibi yarışın əsas mərhələsində müəyyənləşməyib. Əsas mərhələnin sonunda bərabər xal toplayan Tərəqqi və Birlik komandaları əlavə suallar mərhələsində yarışmış və sonda Tərəqqi komandası qalib gəlib.

Xatırladaq ki, 100 nəfər gəncin qatıldığı "Gənc Liderlər üçün Qış Universiteti−Sığortalı Gələcək" layihəsi Qəbələ rayonunda 15 Fevral 2012-ci il tarixinədək davam edəcək.

Layihə çərçivəsində gənclərə sığorta, biznes, kommunikasiya, iqtisadiyyat, natiqlik, liderlik, idarəetmə, informasiya texnologiyalarından düzgün istifadə kimi praktiki mövzularda təlimlər keçiləcək. Layihə 5 gün müddətində bir sıra mühüm dövlət adamlarını, millət vəkillərini, iş adamlarını, müxtəlif mütəxəssisləri və həmçinin müxtəlif sahələrdə göstərdikləri uğurlu fəaliyyətlərə görə cəmiyyətdə tanınan və rəğbət qazanan şəxsiyyətləri qonaq edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə