Qəlbimizdə Xocalı-Hamımız Qarabağlı!

Qəlbimizdə Xocalı-Hamımız Qarabağlı!

Fevralın 26-da Türkiyənin Taksim Meydanında Xocalı faciəsinin iyirminci ildönümünə həsr olunan böyük kütləvi yürüş-aksiya keçiriləcək.


Taksimdə keçiriləcək aksiyanın təşkilatçılarından olan Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun sədri Orxan Əkbərov Xocalı soyqırımını hər bir azərbaycanlının, türkün, hər bir Azərbaycan təəssübkeşinin, dünyada sadə, dinc insanların ən azından yaşama haqqını tanıyan və ona hörmət edənlərin ümumi faciəsi olduğunu bildirib.


"Bu faciəni sadəcə yad etməklə, sadəcə matəm saxlamaqla qatillərin cəzalandırılmasına nail ola bilmərik. Biz birləşməliyik. Bu faciəni Azərbaycan hüdudlarından kənara çıxarmalıyıq. Hər il olduğu kimi təşkilatımız dünyanın müxtəlif ölkələrində bu faciənin reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq üçün çox fərqli tədbirlər nəzərdə tutub.


Hər il bu məqsədlə dünyanın müxtəlif yerlərində yaşayan gənclərimiz bir araya gələrək müxtəlif yollarla (email hücumlar, konfranslar, aksiyalar, yürüşlər və s.) təbliğat işlərinə cəlb olunur.


Bu il də, bir sıra ölkələrdə bununla bağlı müvafiq tədbirlər nəzərdə tutulub. Litva, Latviya, İngiltərə, Fransa, İtaliya, Macarıstan, İspaniya, Hollandiya, Belçika, Türkiyə və s. ölkələrdə təbliğat xarakterli aksiya və tədbirlər planı keçiriləcək. Bu il əsas diqqəti Xocalı soyqırımının Türkiyə Böyük Millət Məclisi tərəfindən rəsmi tanınması üçün İstanbulda təşkil edəcəyimiz on minlərin yürüş-aksiyanın üzərində cəmləşdirmişik.


Digər ölkələrdə isə təhsil alan gənclərimiz, təhsil aldıqları universitetlərdə dəyirmi masalar, ictimai leksiyalar, bəzi şəhərlərdə isə sakit küçə aksiyaları keçirməklə dünya ictimaiyyətinin diqqətini bu hadisəyə çəkməyə çalışacaq.


Siyasi düşüncəsindən asılı olmayaraq hər bir türk anlayır ki, bu bizim ortaq məsələmiz, dünyaya çatdırılacaq olan ən önəmli problemimizdir. Xocalıda o soyuq gecədə amansızca qətlə yetirilən 613 nəfərin haqqı hər birimizin boynundadır. Məhz bunu hər kəs anlayır, ona görə də, Türkiyədə fəaliyyət göstərən tələbə gənclər təşkilatları, yerli qurumlar, dərnəklər, siyasi partiyaların gənclər təşkilatları, fərdi, heç bir təşkilat üzvü olmayan gənclərimiz və soydaşlarımızın dəstəyi sonsuzdur. Bu səbəbdən onlara çox minnətdarıq.


Aksiya çox geniş bir kütləni əhatə edən yürüş formasında təşkil olunacaq. Bu aksiyanın Azərbaycan tarixində ölkə kənarında keçirilmiş ən böyük və səs-küylü aksiya olacağına ümid edirik. ASAİF olaraq biz, bu məsələnin təşkilati tərəfini və aksiyaya qatılacaq insanların yüzlərlə bayraq, posterlər, sloqanların yer alacağı plakatlar və digər promo materiallar ilə təchiz etməyi planlayırıq.


Bu aksiya siyasi və digər baxışlarından aslı olmayaraq hər bir azərbaycanlının, türkün və özünü türk hiss edən hər bir insanın aksiyasıdır. Bu bizim ortaq yaramız və dünya ictimaiyyətinə həqiqi qiymət alması üçün çatdırmaq istədiyimiz sağalmaz yaramızdır. Mən əminəm ki, məhz bu aksiyada bütün Azərbaycanlı gənclər bir olacaq, bir məqsəd uğrunda İstanbulda, Taksim meydanında tək yumruq olacaq.


Aksiya maraqlı fleş-mobla bitəcək. Aksiyanın hər zaman bizə dəstək olan yerli Kütləvi İnformasiya Vasitələrinin və eləcə də xarici İnformasiya Vasitələrinin köməyi ilə mediada işıqlandırılacaq. Həmçinin, aksiyada çox fərqli və maraqlı şüarlardan istifadə olunacaq. Misal üçün "Kalbimizde Hocali-Hepimiz Karabağlı", "Türkiye bunu tanı-Unutma Hocalını" və s. bu kimi şüarlar aksiyamızın əsasını təşkil edəcək.


Əsas məqsədimiz aksiyanın canlı keçməsinə və dünyada böyük səs-küy yaratmasına, səsimizin və sözlərimizin lazımi ünvanlara çatdırılmasına nail ola bilməkdir. Bu təkcə aksiyanı təşkil edənlərin yox, hər birimizin məqsədi olmalı və "güc birlikdədir" deyib, yumruq tək birləşib ümumi məqsədlərimizə addım-addım nail olmalıyıq.


Aksiya İstanbulda təşkil olunsa da, dünyanın istənilən yerindən hər kəs sərbəst şəkildə aksiyaya qoşula bilər. Azərbaycandan da çoxlu sayda gənc dostlarımız böyük heyətlə təşkilatçılara dəstək olmaq üçün İstanbula yola düşəcək. Həmçinin aksiyaya Avropada yaşayan və təhsil alan tələbələrimiz və Türkiyənin digər ölkələrində təhsil alan gənclərimiz qatılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə