Korrupsiya xəstəlikdir, yoxsa bilərəkdən atılan addım? - RƏY

Korrupsiya xəstəlikdir, yoxsa bilərəkdən atılan addım? - RƏY

Korrupsiya cəmiyyəti içəridən parcalayıb dağıdan bir xəstəlikdir. Bu xəstəliklə istənilən vaxt, istənilən ölkə qarşılaşa bilər. Cəmiyyətin inkişafının qarşısında duran, cəmiyyəti inkişafdan saxlayan, insanların psixologiyasında neqatıv hallar meydana gətirən, dinamikanın və innovasiyanın qarşısını alan bir fəsaddır. Bəzi insanlar bu xəstəliliyə öz tənbəllikləri üzündən düçar olurlarsa, digər qism insanlar bunu sanki öz həyat tərzinə cevirirlər. Sosioloqlar isə hesab edir ki, cəmiyyəti rüşvətə aparan əsas yol insanlar arasında biri digərini təqlid etmək istəyi, eyni zamanda yüksək şəraitdə yaşamaq arzusudur.

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə Sosiologiya və Hüquq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Sosioloqlar birliyinin icraçı direktoru Əbülfəz Süleymanlı deyir ki, korrupsiya ilə mübarizədə hökümət ciddi radikal mövqe tutulmalı eyni zamanda marifləndirici işlər aparmalıdır. Yəni ilk növbədə sərt qadağalar olmalı, rüşvətxor insanlar ictimaiyyətin gözü qarşısında hüquqi cəhətdən cəzalandırılmalıdır. Digər bir tərəfdən vətəndaşları uşaq vaxtından maarifləndirmək lazımdır: "Aparılan araşdırmalar zamanı məlum olub ki, rüşvətə səbəb yaradan amillərdən biri də bəzi insanların öz işlərini asan yolla həll etmək istəyidir. Burada artıq maarifləndirici iş aparılmalıdır. Istənilən halda əsas amil hüquqi müstəvidə müdaxilələrin edilməsidir. Bu istiqamətdə sərt addımlar atılmalıdır. Çünki insan psixologiyasında belə bir məfhum var ki, göz gördüyündən qorxar. Əgər bir insan cəzanın ağırlığını dərk etsə, o zaman bu addımı təkrarlamaqdan çəkinər".

Əbülfəz Süleymanlı hesab edir ki, bu günki cəmiyyətimizdə məktəb yaşlı uşaqların fikrində rüşvət amili formalaşırsa, o zaman gələçəkdə bunun qarşısını almaq mümkün deyil. Belə ki, bu günün azyaşlı uşağı sabahın gənci və ahılıdır. Bunu üçün uşaq bağçalarında və orta məktəblərdə bu istiqamətdə maarifləndirici tədris proqramı işlənib hazırlanmalıdır. Tədris müəssisələrində işləyən sosioloqlar və psixoloqların rüşvətin yarada biləcəyi mənfi fəsadları barədə azyaşlıları maarifləndirməsi zəruridir.

Psixoloq Dəyanət Rzayevin fikirincə rüşvət faktorunu yaradan başlıca səbəb cəmiyyətin təbəqələşməsidir. Avropa dövlətlərinin təcrübəsindən danışan psixoloq deyir ki, hazırda bir sıra Avropa dövlətlərində rüşvət alan şəxslərə sərt cəza tətbiq edilir. Bu halları aradan qaldırmaq üçün bu zaman bütün yük cəmiyyətin üzərinə düşür: "İlk əvvəl insanların özləri cəhd etməlidirlər ki, rüşvət verməsinlər. Əgər bir insan öz işini asan yolla həll etmək istəyərək rüşvət verirsə o zaman həmin insanın ya psixoloji problemlərinin olması üzə çıxmış olur, yaxud da verdiyi pulu əziyyət çəkmədən əldə etmiş olub. Çünki əziyyətlə əldə etdiyi pulu normal durumda olan şəxs öz əli ilə başqasına verməz. Cəmiyyətin təbəqələşməsi insanların psixologiyasına mənfi təsir edir. Nə zaman ki, insan sağlam düşüncə ilə vəzifəyə can atmayacaq o zaman cəmiyyətdə rüşvət almağı ləğv etmək mümkün olmayacaq".

Psixoloq hesab edir ki, əslində cəmiyyətimiz artıq buna adaptasiya olunub. Hər kəs özlüyündə bunu qanun şəkilinə salaraq adi vərdiş halına çevirib. Hazırda korrupsiya hallarının gənc nəslin yetişməsinə mənfi təsiri var ki, bu da illər keçdikcə özünü daha çox biruzə verəcək: "Çünki adi tələbə oxuduğu ali məktəbdə gün ərzində bir neçə dəfə rüşvət halı ilə qarşılaşır. Və yaxud da ali məktəbi bitirən gənc iş tapmaq üçün müəyyən məbləğə sahib olmalıdır. Təbii ki, sadalanan göstəricilər gənclərin psixologiyasına mənfi təsir edir. Bu zaman nəticə daha acınacaqlı olur. Insanlar rüşvətxorluqla qarşılaşanda onu verə bilməyəcəyi halda həyatdan küsür, depresiya halına gəlib çatır. Hətta bu zaman çıxış yolunu intiharlarda görənlər də az olmur".

Qeyd edək ki, psixoloqların araşdırmalarına görə, rüşvətxorluğun yayılma səbəblərindən biri də insanların əksər hallarda öz hüquqlarını bilməməsi səbəbindən yaranır. Bunun üçün hər bir vətəndaş qanunvericiliyi bilməli hüquqlarının mahiyyətini aydın şəkildə dərk etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə