Musa Quliyev : “Pensiyanın sığorta hissəsinin artırılması təbiidir və pensiyaçının halal haqqıdır” - MÖVQE

Musa Quliyev : “Pensiyanın sığorta hissəsinin artırılması təbiidir və pensiyaçının halal haqqıdır” - MÖVQE

Pensiyanın sığorta hissəsinin artırılması təbiidir və bu, pensiyaçının halal haqqıdır. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hər bir pensiyaçı işlədiyi müddət ərzində sosial sığorta fonduna yığılan ayırmalar ilbəil inflyasiyaya uyğun olaraq indeksləşdirilməlidir ki, onun yığdığı pul itirilməsin. M.Quliyev vurğulayıb ki, indeksləşdirilən faizlər də prezidentin sərəncamı ilə artırılır və pensiyanın üzərinə gəlinir. O qeyd edib ki, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı sərəncamdan sonra 800 min nəfərə yaxın pensiyaçı öz pensiyasında artım müşahidə edəcək: "Bundan əlavə, 2012-ci ildən başlayaraq Azərbaycanda artıq pensiyaların yığım hissəsi də formalaşır. Yığım hissəsi də pensiyaların üzərinə əlavə dividentlər gətirməyə imkan verəcək. İslahatların tərkib hissəsi olaraq artıq özəl pensiya fondlarından danışa bilərik. Müavinətçi pensiyanın yığım hissəsini onu aparıb kommersiya qurumuna qoyaraq əlavə kapital götürə bilər. Bu da onun öz həyat səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradar, həmçinin, bu sahədə şəffaflıq və sağlam rəqabətin yaranmasına gətirib çıxarar".


Bu istiqamətdə son illərdə görülən işlərə nəzər salan millət vəkili vurğulayıb ki, 2006-cı ildə pensiya, dövlət müavinatları, ünvanlı sosial yardımlar haqqında qanunlar qəbul olunub. Onun sözlərinə görə, bu qanunlar Azərbaycanda pensiya islahatlarının yeni modelinin qurulması üçün paket qanunlar sayılır. Bundan sonra, 2006-cı ildən Azərbaycanda son 70-80 ildə qurulan pensiya sistemindən imtina edildiyini deyən M.Quliyev qeyd bildirib ki, bu da pensiyaların həmrəylik prinsipinə əsaslanan bir sistem idi.


"Bundan sonra bazar iqtisadiyyatına uyğun gələn və bir şəxsin öz pensiyasına istədiyi müddət ərzində təmin edə biləcəyinə imkan yaradan pensiyanın sığorta sisteminə keçilib. Bununla bağlı olaraq prezidentin sərəncamı ilə pensiya sistemində islahatlar aparılması üçün konsepsiya hazırlandı və paket şəklində bu proqram həyata keçirilir. Bu proqrama uyğun olaraq, Azərbaycanda 2006-cı ildən sonra pensiyaya çıxanların hamısı yeni qaydada sığorta sistemi ilə əlaqədar olaraq hesablanacaq. Bu sistemə görə pensiyaların 3 hissəsi müəyyənləşib: baza, sığorta və yığım hissəsi. Pensiyanın ilbəil baza hissəsi artırılır. Bu artım o vaxta qədər davam etdi ki, pensiyaların baza hissəsi Azərbaycanda yaşayış miniumu səviyyəsinə gəlib çatdı. Yaşayış miniumu səviyyəsində pensiya almaq o deməkdir ki, artıq Azərbaycan pensiyaçısı yoxsulluq həddindən yuxarıda yaşayır. Bundan sonra isə pensiyaların baza hissəsini deyil, ilbəil prezidentin sərəncamı ilə sığorta hissəsinin artırılmasına üstünlük verilir. Bu da həm qanunun tələbidir, həm də minium pensiya Azərbaycanda minium həyat səviyyəsi, əmək haqqı səviyyəsindədir.

Ümumiyyətlə, son 5-6 ildə pensiya sistemində aparılan islahatlar ölkədə gedən islahatların tərkib hissəsidir. Bunların nəticəsində Azərbaycan bir sıra beynəlxalq təşkilatlarda pensiya islahatları sahəsində nümunəvi ölkələr sırasına çıxıb. Azərbaycanın səviyyəsi beynəlxalq səviyyədə öyrənilir və tətbiq edilir. Azərbaycanda pensiya ödənilməsi sahəsində ötən il prezident tərəfindən atılan addım qədər cəsarətli, uğurlu, sosial maliyyə tutumlu islahat olmayıb", - deyə M.Quliyev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə