Qadının, o cümlədən də kişinin cəmiyyətdə rolu böyükdür. Qadının üzərinə nəslin davam etdirilməsi kimi böyük missiya düşür. Ancaq bu nəslin hansı mənəvi keyfiyyətlərə malik olması da az əhəmiyyət daşımır. Yeni nəslin dünyaya gəlişi hələ tam mənada gələcəkdə sağlam nəslin olmasından xəbər vermir. Bu səbəbdən də uşaqların tərbiyəsi, onların ilkin mərhələdə cəmiyyətə hazırlanması ananın üzərinə düşən mühüm vəzifədir. Bu prosesin özü insandan müəyyən hazırlıq və həyatın müxtəlif sahələri ilə bağlı bəzi biliklərin olmasını tələb edir.
Qadın - həm ana, həm bacı, övlad, həm də həyat yoldaşıdır. Onların hər birinə qarşı münasibətinə görə kişi uca Allah qarşısında məsuliyyət daşıyır. Yuxarıda sadalanan zümrələrdən olan qadınların hər hansı birinin hüquqlarının sıxışdırılması və ya məhdudlaşdırılmasının ciddi cəzası var. Məhəmməd Peyğəmbər(s): "Cənnət anaların ayaqları altındadır"
deyir. Bu hədis İslamda qadına ayrılan rolu tam mənasında əks etdirir. Gələcək nəslin tərbiyəsi ilə məşğul olan anaya kişinin nəcib münasibəti - müsəlman əbədiyyətinin təminatı deməkdir. Bu münasibət bacı, qız övladları və həyat yoldaşlarına da aiddir. Kişi onlara görə, Uca Allah qarşısında cavabdehdir. Gələcək nəslin tərbiyəsi və hansı dini, imanı daşıması daha çox qadından asılıdır. Qadın ailə ocağında əmin-amanlığın, barışığın təminatçısıdır. Onların hüquqlarına gəlincə, qadınlar da kişilər kimi bərabər hüquqlara malikdir.
Təbiətcə fərqli olan kişi və qadının cəmiyyətdə özünəməxsus rolu var. Bu vəzifələr bir-birini tamamlamaqla yanaşı, ayrı-ayrılıqda cəmiyyətin vacib və başlıca hissəsini təşkil edirlər. Həm kişi, həm də qadın cəmiyyət daxilində özlərinə vacib hesab etdiklərini qazanmaqla sərbəstdir. Əldə etdikləri yeni bilikləri cəmiyyətə töhfə verməkdə azaddırlar. Ancaq bir şərtlə, onlar üzərinə düşən ailə vəzifələrinə laqeyd yanaşmamalı, fəaliyyətləri ilə ləyaqət və təvazökarlıqlarına xələl gətirməməlidir. Qadın cəmiyyətdə bir çox vəzifələri icra edə bilər. Misal üçün, səhiyyə, təhsil, ictimai işlərdə və digər sahələrdə daha səmərəli fəaliyyəti ilə kişilərdən heç də geri qalmaz. Müsəlman qadın Uca Allahın qarşısında namus və əxlaqına görə məsuliyyət daşıyan ərinin və ya qohumunun razılığı ilə cəmiyyətin ictimai və siyasi həyatında iştirak edər, ona uyğun sayılan səhiyyə, təhsil, tikiş və geyimin modelləşdirilməsi, kulinariya sahələrində də işləyə bilər. Qadın kişinin tutduğu bütün rəhbər vəzifələrdə çalışa bilər. İslamda hüquq alimi Əbu Hənifənin fikrincə, İslamda qadına hakim olmağa da icazə verilir. Onun qənaətinə görə, qadın arbitraj məhkəmədə mülki məsələləri araşdıra bilər.
Qeyd edək ki, islama görə, elm və biliyə yiyələnmək hüququ təkcə kişilərə verilməyib. Qadınlar da kişilər kimi bu məsələdə bərabər hüquqa malikdir. Hədis alimi İbn Macə deyir: "Elmə yiyələnmək hər müsəlmanın borcudur". Bu fikir tam mənası ilə qadınlara da şamil edilir.
Əksəriyyətin fikrincə, təhsil və iş müsəlman qadınlar üçün mümkündür və buna qadağa yoxdur. Ancaq bu tip məsələlər hər ailədə fərdi şəkildə həll olunur. İstənilən halda qadın evdən kənarda hər hansı işi üzərinə götürsə də özünü seçdiyi işə tam həsr edə bilmir. Yəni ailə və məişət qayğıları yenə də onun məsuliyyətində qalır. Bu səbəbdən də əksər müsəlman qadınları könüllü olaraq öz həyatlarını doğma və yaxın insanlara həsr etməklə, qadın işlərinə qayıtmağa daha çox üstünlük verirlər. Bu işdə şəriət qadına münasibətdə hörmətini təkcə təntənəli şəkildə elan etmir. Əslində müsəlman qanunlarına riayət qadının müdafiəsini (sosial, maddi, fiziki, hətta psixoloji) təmin edir, ona mənəvi və maddi baxımdan təhsil almaq hüququnun verilməsi isə vacib şərtlərdən hesab olunur.
İslam cəmiyyətində hər bir insan əməlinə görə Uca Allah qarşısında həm fərdi, həm də kollektiv şəkildə məsuliyyət daşıyır. Bu prinsiplərə əməl olunması üçün müsəlman cəmiyyətində çox ciddi qanunverici baza mövcuddur. Müsəlman qanunları qadının namusunu, ləyaqətini müdafiə edir və ona hörmətlə yanaşmasının tərəfdarıdır. Qadın şəxsiyyətdir. O, vəfalı olmalı, naməhrəm sayılan kişi ilə gözəlliyini və cəzibədarlığını paylaşmamalıdır.
Sadalananlar həmçinin kişiyə də şamil edilir. Hətta çoxarvadlı ailədə də hər qadının əri ilə bərabər hüququ var. Qəbul olunmuş ümumi qaydalara görə, müsəlman qanunvericiliyi müsəlmanların hərəkətlərinə nəzarət və cinslər arasında münasibətləri tənzimləyən bəzi prinsipləri müəyyənləşdirib.
Müsəlman qadının hörmət və statusu təkcə onun fiziki gözəlliyi və kişi ilə bərabər sosial həyatda iştirakı ilə təyin olunmur: ona möminliyinə görə, qadın cazibəsini yalnız nigahda olduğu kişi üçün qoruduğu üçün hörmət edilir. Ədəbli geyim və tərbiyəliyinə görə, kişilər onunla şəxsiyyət kimi rəftar edir. Yəni insanın cəmiyyətdə dəyəri ləyaqəti ilə ölçülür. Müsəlman qadını xasiyyəti və şəxsi keyfiyyətlərlə, ciddiliyi və ləyaqətilə, möminliyi, təhsili, sədaqətli həyat yoldaşı və ana olması ilə cəmiyyətdə hörmət qazanır. İslam qanunvericiliyinə görə, qadın iqtisadi cəhətdən də müstəqil olmalıdır.
İslam onların yaranışını əsas götürərək qadına kişi ilə bir səviyyədə dayanmaq hüququ verdi. Əl-Buxari bildirir ki, insanlar daraqdakı dişlər kimi bərabərdi. Ət-Təbəri hədisində: "Seçim qarşısında qaldığım halda, mən qadınlara üstünlük verərdim"-deyib.
Əsas odur ki, İslam şəriəti qadına ona məxsus fitri hüquqlarını vermiş, İslam şəriətinə uyğun xoşbəxt, hörmət və izzətlə yaşamasına şərait yaratmışdır. İslamın sayəsində nemətlər əldə edən qadın ən gözəl bolluq içindədir. Ey müsəlmanlar! Allah taalanın bizə verdiyi İslam nemətinə şükr etməliyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB