Azərbaycanı ikiyə bölən Türkmənçay sülh müqaviləsindən 184 il keçir

Azərbaycanı ikiyə bölən Türkmənçay sülh müqaviləsindən 184 il keçir
Bu gün Azərbaycanı ikiyə bölən Türkmənçay sülh müqaviləsinin bağlanmasının növbəti ildönümüdür. XIX əsrin əvvəlləri Qafqazın ictimai-siyasi tarixinə nəzər saldıqda Qafqazda vəziyyətin mürəkkəb olduğu aydın görünür. Belə ki, 1801-ci ildə Şərqi Gürcüstan, daha sonra 1810-cu ildə Qərbi Gürcüstan Rusiya tərəfindən işğal edildi. Bu isə o demək idi, Azərbaycanın şimal-qərbi, daha dəqiq desək, Qazax-Şəmşədil mahalı Rusiya tərəfindən işğal edildi. Tarixçi alim Rəcəb Əliyev hesab edir ki, Azərbaycan daxilində xanlıqlar arasında müstəqil hakimiyyət uğrunda gedən mübarizə Azərbaycanın ikiyə bölünməsinə yol açan birinci amil idi. Lakin bu bölgünün əsası hələ 1813-cü ildə Gülüstan sülh müqaviləsi ilə qoyulmuşdu. "Türkmənçay müqaviləsinin və 1829-cu ildə bağlanmış Ədirnə sülhünün şərtlərinə görə İran və Osmanlı imperiyası ərazisində yaşayan ermənilər Azərbaycan ərazisinə, ilk növbədə Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazisinə köçürüldü". Tarixçi alim deyir ki, aparılan araşdırmalar zamanı bir sıra tarixi sənədlər üzə çıxıb ki, burada da ermənilərin ölkəmizin ərazisinə köçürülməsi fakt kimi qeyd edilir. Bunlardan Rusiya tarixçisi K.Şavrov qeyd edir ki, təkcə 1828-1830-cu illər ərzində 40 minə yaxın İran və 84 minə yaxın Türkiyə ermənisi Cənubi Qafqaz ərazisinə köçürülüb. Onlar erməni əhalisinin seyrək olduğu Yelizavetpol (Qarabağ) quberniyasının ən əlverişli torpaqlarında yerləşib və 200 min desyatin (225 min hektar) dövlət torpağı ilə təmin olunublar. Öz qeydlərində, rusiyalı diplomat və dramaturq Aleksandr Qriboyedov yazır ki, "ermənilər əsasən Məhəmmədilərin (müsəlmanların) torpaq sahələrində məskunlaşıblar. Bu yeni sakinlər Məhəmmədiləri sıxışdırıb bu torpaqlardan çıxarırlar . Biz müsəlmanlara da qayğı ilə yanaşmalıyıq və vəziyyətin gərginləşməsinin qarşısını almaq məqsədi ilə ermənilərin onların doğma torpaqlarının daimi mülkiyyətçisinə çevrilə biləcəyi ehtimallarını seyrəltməliyik.".

Amerikalı akademik Castin Makkarti ermənilərin Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda məskunlaşması barəsində aşağıdakı faktlarını sadalayır. 1828-1920-ci illər ərzində Azərbaycanın demoqrafik tərkibini dəyişmək və ermənilərin sayını artırmaq məqsədi ilə təxminən 2 milyon insan sürgün edilib və ya öldürülüb. İki halda isə, 1828-ci və 1854-cü illərdə, çar Rusiyası şərqi Anadoluya daxil olub və 100 min ermənini Qafqaza köçürüb, onlar isə öz növbəsində buradan köçürülən və ya öldürülən Türklərin, yəni azərbaycanlıların torpaqlarını ələ keçiriblər. 1877-1878-ci illərdə Türkiyə ilə Rusiya müharibəsi nəticəsində Rusiya Qars-Ərdəhanı ələ keçirərək buradan müsəlmanları köçürüb və 70 min ermənini onların evlərində yerləşdirib. 1895-1896-cı illərdə isə 60 minə yaxın erməni Rusiyanın nəzarəti altında olan Qafqazda məskunlaşdırılıb. Nəhayət, I Dünya müharibəsi zamanı baş verən mühacirətlərin nəticəsində Qafqazda yaşayan 400 min müsəlman şərqi Anadoludan köçürülən 400 min erməni ilə əvəz edilib. Çar I Nikolayın 1818-ci il martın 1-də imzaladığı fərmana əsasən Naxçıvan və İrəvan xanlıqları ləğv olunur və onların əvəzində "Erməni vilayəti" adlı yeni inzibati vahid yaradılır. Bu vilayətə rusiyalı rəsmilər başçılıq edirlər. 1849-cu ildə isə bu inzibati vahidin adı dəyişdirilərək İrəvan quberniyası adlandırılır. Öz məqsədlərinə çatmaq üçün ermənilər çar Rusiyasını inandıraraq Azərbaycana tabe olan Alban Xristian patriarxının ləğvinə, onun mülkünün isə erməni kilsəsinə verilməsinə nail olurlar. Dövlət suverenitetini və etiqadlarını itirən qədim Albaniyanın qərbində, yəni Qarabağda məskunlaşan yerli alban əhalisi gürcüləşmə və erməniləşməyə məruz qalırlar. Ermənilərin bura axını isə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə