“Azərbaycanın sığorta-pensiya sistemi 2020: gələcəyə baxış, aktual tədqiqatların nəticələri” mövzusunda təqdimat mərasimi keçirilib

“Azərbaycanın sığorta-pensiya sistemi 2020: gələcəyə baxış, aktual tədqiqatların nəticələri” mövzusunda təqdimat mərasimi keçirilib

Bu gün "Azərbaycanın sığorta-pensiya sistemi 2020: gələcəyə baxış, aktual tədqiqatların nəticələri" mövzusunda təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, BMT İnkişaf Proqramı, Dünya Bankı, ABŞ-ın ölkəmizdəki səfirliyi, müvafiq nazirlik və təşkilatların rəsmiləri və digərləri iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2011-ci il noyabrın 29-da "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" Sərəncam imzalayıb. Sərəncamla müvafiq dövlət orqanlarına ölkəmizin gələcək inkişafının əsaslarını müəyyənləşdirəcək "Azərbaycan 2020: gələcəyə baxış" Konsepsiyasının hazırlanması tapşırılıb.

"Bu gün keçirilən təqdimat cənab Prezidentin imzaladığı sərəncamının icrası istiqamətində Dövlət Sosial Müdafiə Fondu tərəfindən atılan mühüm addımlardandır. Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunması nəticəsində, digər sahələrdə olduğu kimi, əhalinin aztəminatlı təbəqəsi olan pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində də ciddi uğurlar qazanılıb. Əldə olunan və beynəlxalq etimad qazanan nailiyyətlər gələcək inkişaf üçün əlverişli zəmin yaradıb. Bildiyiniz kimi, bir ay bundan öncə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə "dəyirmi masa" keçirilib və konsepsiyanın hazırlanması istiqamətində mühüm tövsiyələr verilib", - deyə S.Müslümov bildirib.

S.Müslümov vurğulayıb ki, Dövlət Sosial Müdafiə Fondu Azərbaycanın sığorta-pensiya sisteminin perspektiv inkişafı istiqamətlərinin və strateji hədəflərin müəyyənləşdirilməsi üçün beynəlxalq ekspertlərin iştirakı ilə müasir elmi yanaşmaları tətbiq edərək aktual tədqiqatların aparılmasını təşkil etməkdədir. Konsepsiyanın hazırlanması üçün verilən tapşırıq və tövsiyələrə uyğun olaraq, həmin tədqiqatlarda 2020-ci ilədək olan dövr xüsusi diqqətə alınıb. Dövlət Sosial Müdafiə Fondu və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin birgə təşkilatçılığı əsasında "Overture Financial" şirkəti (ABŞ) tərəfindən demoqrafik, makroiqtisadi və bilavasitə sığorta-pensiya sisteminin fəaliyyətini səciyyələndirən göstəricilərin kompleks təhlili aparılıb, ölkəmizin sığorta-pensiya sisteminin 2020-ci ilə qədər və ondan sonrakı dövrlərdə gələcək inkişafı üzrə təkliflər hazırlanıb.

Daha sonra tədbirdə ABŞ-ın "Overture Financial" şirkəti layihənin geniş təqdimatını həyata keçirib. Təqdimatda müasir dünyada sığorta-pensiya sistemlərinin səmərəliliyinin qiymətləndirilməsi üzrə standart indikativ göstəricilər ətraflı şərh olunub, beynəlxalq maliyyə və tədqiqat qurumlarının qəbul etdiyi metodiki tövsiyələr əsasında Azərbaycanın sığorta-pensiya sisteminin qiymətləndirilməsi nəticələri açıqlanıb. 2020-ci ilədək olan dövrdə sığorta-pensiya sisteminin inkişafı üzrə əsas istiqamətlər, mövcud risklər və onların qarşılanması üçün alternativlər xüsusi müzakirə olunub.

Sistemin uzunmüddətli perspektivdə maliyyə dayanıqlığının gözlənilməsi, habelə yığım komponentinin tətbiqi üzrə konkret təkliflər təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə