Qənirə Paşayeva Gürcüstanda “Xocalı ayı” çərçivəsində tədbirlərdə iştirak edib

Qənirə Paşayeva Gürcüstanda “Xocalı ayı” çərçivəsində tədbirlərdə iştirak edib

Tədbiri açan Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (AMM) idarə heyətinin sədri Fazil Həsənovun təklifi ilə Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Xocalı faciəsinin 20-ci il dönümünə həsr olunmuş video-çarx nümayiş etdirildi.

SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva bildirdi ki, AMM-in Xocalı soyqırımı ilə əlaqədar tədbirlərə start verməsi və ümumiyyətlə, bu ayı "Xocalı ayı" kimi dəyərləndirmələri Gürcüstan cəmiyyətində Xocalı soyqırımı ilə bağlı daha geniş məlumatların yayılması istiqamətində vacib və əhəmiyyətlidir: "Mən inanıram ki, bu tədbirlər çərçivəsində kəndlərdə, məktəblərdə gənclərlə, şagirdlərlə görüşlər keçiriləcək, onlara soyqırımın tarixi, onun tanıdılması ilə bağlı məlumatlar veriləcək. Xocalı faciəsinin gürcü ictimaiyyətinə çatdırılması olduqca vacibdir, çünki soyqırımı bir xalqa qarşı deyil, insanlıq əleyhinə törədilmişdir. Gürcüstanda yaşayan hər bir azərbaycanlı, xüsusilə gənclər Gürcüstan cəmiyyətində hər kəsin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılması istiqamətində səylərini bundan sonra daha da artırmalıdır. Cinayət törədilibsə, hökmən cəzalandırılmalıdır, çünki cəzasız qalan cinayət yenisinin də törədilməsinə səbəb olur. Artıq Azərbaycan dövləti bu sahədə mühüm işlər görür. Bunun nəticəsidir ki, Meksika və Pakistan kimi ölkələrdə Xocalı soyqırımını kəskin pisləyən qərarlar, qətnamələr qəbul edilmişdir. Biz bu soyqırımı törədənlərin həm tarix, həm də ədalət qarşısında cavab verməsinə nail olmalıyıq".

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin rəsmisi Vasif Bədəlov çıxışında beynəlxalq miqyasda bəzən ədalətsizliklə üzləşdiyini vurğuladı. "Diplomatiyamızın son uğurları münaqişənin haqlı olaraq xeyrimizə həll olunacağına ümid yaradır" - deyə Vasif Bədəlov bildirdi.

Gürcüstan parlamentinin deputatı Azər Süleymanov Xocalı soyqırımını XX əsrdə insanlığa qarşı törədilmiş vəhşilik adlandırdı. O, qeyd etdi ki, bu cinayəti törədənlər öz layiqli cəzasını almalıdır.

Norveç Biznes Universitetinin məzunu, Qaradəniz Beynəlxalq Universitetinin doktorantı Aygül İsayeva hələ tələbə ikən Norveç Azərbaycanlılarının Gənclər Təşkilatını yaratdıqlarını və Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində müəyyən iş görüldüyünü toplaşanların nəzərinə çatdırdı.

Yazıçı-publisist Əli Abbas bu çəkilməz böyük dərdin yorulmaq-usanmaq bilmədən dünya ictimaiyyətinə çatdırılması yönündə iş aparılmasının vacibliyini qeyd etdi.

Faciənin 20-ci ildönümü ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirlərin iştirakçıları adından Gürcüstan rəhbərliyinə, beynəlxalq təşkilatlara xocalı faciəsinin soyqırım faktı kimi tanınması ilə əlaqədar müraciətlər göndərilməsi qərara alındı.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmisi Qurban Abbasov iştirak etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə