“Azərbaycan İES” qışa hazırdır

“Azərbaycan İES” qışa hazırdır

\"Azərbaycan İES"-in 2011-ci il üzrə enerji blokları və avadanlıqların texniki-istismar səviyyəsinin yüksəldilməsi, stansiyanın texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılması və stansiya avadanlıqlarının payız-qış mövsümünə hazırlığının təmin olunmasına dair tədbirlər görüb. "Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, 2011-ci ildə stansiyada 6 milyard 274,8 milyon kilovat-saat proqnoz əvəzinə faktiki olaraq 6 milyard 289,2 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 51,9 milyon kilovat-saat çoxdur. Ötən il müəssisədə təsdiq edilmiş təmir qrafikinə əsasən, stansiyanın 4 və 8 saylı enerji bloklarında orta təmir, 2 saylı enerji blokunda uzadılmış cari təmir, 6 və 7 saylı enerji bloklarında yenidənqurma, 1, 3 və 5 saylı enerji bloklarında isə planlı cari təmir işləri aparılıb.

Görülmüş planlı təmir və yenidənqurma işləri nəticəsində stansiyada ümumilikdə 200 MVt, o cümlədən 6 saylı enerji bloku üzrə 100 MVt, 7 saylı enerji bloku üzrə 80 MVt və 5 saylı enerji bloku üzrə 20 MVt yük məhdudiyyəti aradan qaldırılıb, enerji bloklarının və avadanlıqlarının texniki-iqtisadi göstəriciləri xeyli yaxşılaşdırılıb.

2012-ci ildə \"Azərenerji\" ASC-nin təsdiq etdiyi təmir qrafikinə uyğun olaraq, stansiyada 1, 3, 7 və 8 saylı enerji bloklarında orta, 4 saylı enerji blokunda əsaslı təmir işlərinin aparılması və 2 saylı tuneldə tikinti işlərinin davam etdirilməsi nəzərdə tutulub. Cari ilin yanvar ayında müəssisədə 828 mln. kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da proqnozlaşdırıldığından təxminən 1 mln. kilovat-saat çoxdur.


Bütün xəbərlər Facebook səhifəmizdə