İri şəhərlərdə atmosfer havasının çirklənməsi monitorinqi aparılıb

İri şəhərlərdə atmosfer havasının çirklənməsi monitorinqi aparılıb

Ölkənin 8 iri sənaye şəhərində-Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə yerləşən 26 müşahidə məntəqəsində atmosfer havasının çirklənməsinin monitorinqi aparılıb. Bu şəhərlərdə atmosfer havasının fon tərkibi və hər bir şəhərin spesifik zərərli maddələri üzrə 100653 nümunə götürülüb, həmin nümunələr üzərində 18 adda çirkləndirici üzrə 102871 analiz olunub.

SİA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verdiyi məlumata görə, atmosfer yağıntılarının kimyəvi tərkibinin monitorinqi ölkənin 6 bölgəsində - Abşeron yarımadası, Kür-Araz ovalığı, Kiçik Qafqaz, Böyük Qafqazın şimal-şərq, cənub yamacları və Lənkəran zonasında 21 məntəqədə 11 göstərici üzrə (pH, sulfat, nitrat, fosfat, ammonium, xloridlər, kalsium, maqnezium, codluq, elektrik keçiriciliyi və hidrokarbonat ionları) götürülmüş 262 yağıntı (yağış, qar) nümunəsi üzərində 2916 kimyəvi analiz aparılıb.

Həmçinin, Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin iş planına müvafiq olaraq səth suları, torpaq örtüyü və eləcə də Tufandağ ərazisindəki dayanıqlı qar örtüyündən götürülmüş nümunələr üzərində də analiz həyata keçirilib.

Ətraf mühitin radiasiya fonu üzrə gündəlik müşahidələr ölkənin bütün bölgələrini əhatə etməklə, gündə 3 dəfə 35 məntəqədə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə