Baş nazirin müavini Əli Həsənov Azərbaycanda səfərdə olan Fransa senatorları ilə görüşüb-FOTOSESSİYA

Baş nazirin müavini Əli Həsənov Azərbaycanda səfərdə olan Fransa senatorları ilə görüşüb-FOTOSESSİYA

Bu gün baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanda səfərdə olan Fransa senatorları ilə görüşüb. SİA-nın xəbərinə görə, Fransa senatında qəbul edilən qondarma \"erməni soyqırımı\"nın inkarına görə cinayət cəzası nəzərdə tutan qanuna etiraz edən senatorlarla görüşdə Fransa-Azərbaycan işçi qrupunun üzvlərindən ibarət nümayəndə heyətinin rəhbəri Natali Qulenin başçılıq etdiyi senatorlar iştirak edib. Görüşdə Fransa senatında qəbul edilən qondarma \"erməni soyqırımı\"nın inkarına görə cinayət cəzası nəzərdə tutan qanuna Azərbaycanın mövqeyi, bundan əlavə, 20 il ərzində qaçqın və məcburi köçkünləri vəziyyəti, ölkənin əldə etdiyi uğurlar və inkişafı barədə qonaqlara məlumat verilib.


Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, Fransa prezidenti Nikola Sarkozinin bu addımı Türkiyəyə qarşı atılıb. Onun sözlərinə görə, bu, Türkiyəyə qarşı atılıbsa, deməli, həm də Azərbaycana və bütün türk dünyasına, bir neçə müsəlman ölkəsini çıxmaq şərtilə, bütün müsəlman aləminə qarşı atılıb.


"Sarkozi bu addımı fransız xalqına qarşı da atıb. Çünki Fransa Avropa dəyərlərinin beşiyidir və ən demokratik ölkədir. Azərbaycanla Fransa arasında hər zaman sıx əlaqələr olub və ildən-ilə inkişaf etdirilib. Amma Fransa Senatının belə bir qanun qəbul etməsi xalqın mövqeyi demək deyil. Reallıq və nəzəriyyə tamam fərqli məsələlərdir. Mən 15 ildən çoxdur eyni sözləri eşidirəm və 1 milyondan artıq insanın problemləri ilə məşğulam. Hər gün ağlayan insanları görür, onların problemlərini izləyirik. Hər il deyirik ki, gələn il torpaqlar azad olunacaq, amma bu proses həll edilmir. Artıq insanların inamını itiririk. Axı bu qədər ədalətsizlik olmaz. Bu insanların günahı nədir? Cavabı isə yoxdur. Fransa senatında qəbul edilən qərar erməni diasporu tərəfindən satın alınan bir qrup insanların fikridir ki, bu da xalqın fikrini, reallıqları əks etdirmir", - deyə Ə.Həsənov əlavə edib.


Natali Qule isə Azərbaycana səfərlərinin yanvarın 23-də qəbul edilmiş inkar qanunundan əvvəl nəzərdə tutulduğunu deyib. Azərbaycanlı qaçqın və məcburi köçkünlərlə görüşdüklərini deyən N.Qule vurğulayıb ki, Fransa həmişə qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının tərəfdarıdır: "Bu, Fransanın daimi mövqeyidir. Azərbaycan tərəfi ölkədə olan qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələni Fransa prezidentinə qarşı əsas kimi istifadə edə bilər. Biz bura prezidenti müdafiə etmək üçün gəlməmişik. Biz bu qərarın qəbuluna səs verməmişik. Biz Azərbaycanı daha yaxından tanımaq üçün Bakıya səfər etmişik. İnanıram ki, Azərbaycan bu məsələdə emosiyalara qapanmayacaq və biz dostluq qrupunun fəaliyyətini davam etdirəcəyik. Qaçqın və məcburi köçkünlərin məruz qaldıqları faciə Azərbaycana imkan verir ki, belə mövqe tutasınız. Amma inanıram ki, Azərbaycan bu məsələdə emosiyalara qapılmayacaq. Azərbaycana gəlişimizin məqsədi ölkənizlə yaxından tanış olmaq və buradakı həqiqətləri ölkəmizə çatdırmaqdır".


Görüşün davamında fransalı senatorlar qəbul edilən qanunla bağlı öz fikilərini bildirib və qarşılıqlı fikir mübadiləsi aparılıb.


Qeyd edək ki, Fransa Senatının nümayəndələri bu gün səhər Sabunçu rayonu Ramana qəsəbəsində və Binəqədi rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkünlərlə görüşüblər. Fevralın 5-dən başlayan Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, senator Natali Qulenin başçılıq etdiyi parlament nümayəndə heyətinin səfəri fevralın 10-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə