Bu ilin may ayında Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıqla bağlı Səbail rayonunda şəhərimizin simasının gözəlləşdirilməsinə yönəlmiş geniş miqyaslı təmir-tikinti və abadlıq işləri aparılır. SİA-nın Səbail rayon İcra Hakimiyyətindən aldığı məlumatına görə, Avropanın ən möhtəşəm musiqi müsabiqəsi olan "Eurovision" mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin qalib gəlməsi ölkəmizin mədəni həyatında çox əlamətdar bir hadisə olmuş və paytaxtımızda aparılan quruculuq işlərinin daha da genişlənməsinə böyük təkan verib.
Azərbaycan nümayəndələri, Səbail rayonunun orta məktəblərinin məzunları olan Nigar Camal və Eldar Qasımov cütlüyünün bu müsabiqəsində qalib gəlməsi Azərbaycanın paytaxtı Bakı şəhərinə sayca 57-ci "Avroviziya" mahnı müsabiqəsinin keçirilməsi hüququnu qazandırmışdır. Ona görə də bu ilin mayında baş tutacaq mahnı müsabiqəsinin keçiriləcəyi məkan olan Səbail rayonunda və ətraf ərazilərdə geniş miqyaslı işlər həyata keçirilir. Əsas məqsəd bu müsabiqənin layiqincə keçirərək Azərbaycanın güclü potensialını bütün dünyaya obyektiv şəkildə nümayiş etdirməkdir.
İlk növbədə Dövlət Bayrağı Meydanı yaxınlığında Almaniya şirkətləri tərəfindən 23 min tamaşaçı yerlik "Baku Cristal Hall"ın tikintisi çox böyük sürətlə aparılır. Aparılan işləri diqqət mərkəzində saxlayan ölkə başçısı cənab İlham Əliyev və müsabiqənin təşkilat komitəsinin rəhbəri, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva bu il yanvar ayının 12-də tikinti ərazisində olaraq burada aparılan işlərin gedişatı ilə tanış olmuşlar.
Hazırda həmin ərazidən keçən Bakı-Ələt avtomobil yolunun tikintisi, burada yeni infrastrukturun yaradılması, Bakı Bulvarının Bayraq Meydanına kimi uzadılması işləri aparılır.
Müsabiqə ərəfəsində Bakıda yeni mehmanxanaların tikintisi də davam etdirilir. 2011-ci ildə rayon ərazisində istifadəyə verilən "Hilton-Baku" mehmanxanası ilə yanaşı hazırda Azneft Meydanında yeni "Four Seasons" və Neftçilər prospektində "Marriot" (Abşeron) mehmanxanalarının, Mehdi Hüseyn küçəsində misli görünməmiş "Flame Tower" (Alov qüllələri) kompleksinin tikintisi başa çatmaq üzrədir.
Bu gün "Şəhidlər Xiyabanı" Kompleksinin bir hissəsində əsaslı təmir-yenidənqurma işləri aparılır, burada Həzi Aslanovun abidəsi yenidən qurulur, Parlament prospektində yeni yeraltı keçid inşa edilir, şəhərimizin simvollarından biri olan Bakı Funikulyorunun tam şəkildə yenidən qurulması, Səbail rayonunun rəmzi olan "Qız qalası"nda bərpa və konservasiya işləri aparılır.
Milli Bulvarda genişmiqyaslı yenidənqurma işləri və Bulvarın genişləndirilməsi, burada Xalça muzeyinin tikintisi və "Kiçik Venesiya" şəhərciyinin salınması, mərkəzdə binaların üzlənməsi və fasadların təmiri aparılır ki, bu da şəhərimizin çoxsaylı qonaqlarında xoş təəssürat oyadacaq.
Keçən il Səbail rayonunda "Bakıelektrikşəbəkə" ASC-nin "Badamdar", "Dağüstüpark", "İçərişəhər" yarımstansiyalarının, Bayılda Qafur Məmədov adına parkın, 6 saylı tam orta məktəbin, Fikrət Əmirovun abidəsinin və parkın, Azərbaycan Dövlət Mahnı Teatrının binasının, Neftçilər prospektində 6 ədəd yeni piyada keçidlərinin, Dövlət Dəniz Administrasiyasının yeni inzibati binasının açılış mərasimləri keçirilib, İçəri şəhərdə "Arxeoloci park" adlı istirahət güşəsinin və dahi rəssam Əzim Əzimzadənin büstünün açılışı keçirilmişdir. Hazırda Dövlət Musiqili Komediya Teatrının, "Səadət sarayı"nın və Dövlət Filarmoniyasının binalarında əsaslı təmiri aparılır, Xalq şairi Səməd Vurğunun ev-muzeyinin də əsaslı təmirinə başlanıb.
Qeyd olunanlarla yanaşı Səbail rayon İcra Hakimiyyəti tərəfindən rayonun qəsəbələri və yaşayış sahələrində geniş abadlıq və təmir-tikinti işləri aparılır. Belə ki, "Abad həyət" layihəsi çərçivəsində daha 3 həyətlə təmir işləri aparılıb, 2 yeni xeyir-şər evi tikilmiş, 1-i təmir olunub, 2 uşaq bağçası təmir olunub, 2 istirahət guşəsi, 2 park yaradılmış, Səlyan şossesi 32 ünvanda piyadalar üçün keçid tikilərək istifadəyə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB