Hüquqi və fiziki şəxslər dövlət və vergi rüsumlarını elektron şəkildə ödəyə biləcəklər

Hüquqi və fiziki şəxslər dövlət və vergi rüsumlarını elektron şəkildə ödəyə biləcəklər

0Bu gündən hüquqi şəxslərin elektron qeydiyyatı rüsumsuz aparılacaq, nizamnamə kapitalının isə əvvəlcədən ödənilməsi tələb olunmayacaq. Dövlət qeydiyyatının tətbiq edilməsi nəticəsində biznesə başlamaq üçün 6 prosedura əvəzinə 3 prosedura yerinə yetiriləcək. Bununla belə qeydiyyat üçün tələb olunan sənədlərin sayı da azaldılaraq 7-dən 2-ə endirilib.

SİA-nın məlumatına görə, bu barədə bu gün Vergilər Nazirliyinin keçirdiyi "Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı" sisteminin təqdimat mərasimində bildirilib. Qeyd olunub ki, hüquqi şəxslərin elektron qeydiyyatı ölkədə kommersiya hüquqi şəxslərin 85%-ni əhatə edir.

Nazirliyin İqtisadi Təhlil və Sahibkarlıq Subyektlərinin Dövlət Qeydiyyatı Baş İdarəsinin rəisi Natiq Şirinov bildirib ki, yəni sistemə 2 məlumat daxil etməklə kifayət edəcək. Digər məlumatlar isə sistem tərəfindən yerləşdirilir. Belə ki, elektron qeydiyyat zamanı yeni yaradılacaq şirkətin nizamnaməsi, ərizə və yaradılma barədə qərar sistem tərəfindən avtomatik şəkildə qoşulur. Fiziki şəxslər isə şəxsiyyət vəsiqəsinin PIN kodunu daxil etdikdən sonra qalan məlumatları PIN kod əsasında sistem özü dolduracaq.


Yeni sistem vaxta qənaət etməyə imkan yaradacaq. Nəticədə bir neçə dəqiqəyə qeydiyyat həyata keçiriləcək.


Qeyd edək ki, hüquqi şəxslərin elektron qeydiyyatının tətbiqi ilə əlaqədar olaraq ölkə qanunvericiliyinə - iki qanun və iki məcəllədə dəyişikliklər edilib. Elektron qeydiyyat üçün dövlət rüsumu ləğv edilib, elektron qeydiyyat zamanı nizamnamə kapitalın dərhal ödənilməsinə də ehtiyac qalmayıb. Təsisçilərə 3 ay ərzində nizamnamə kapitalı banklar vasitəsilə ödənilə bilər.


Tədbirdə bildirilib ki, digər birgə müəssisələr və xarici vətəndaşlar tərəfindən təsis olunan müəssisələr də yaxın gələcəkdə elektron qeydiyyatından keçəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə