Senatda məlum qanunun qəbulu Fransa ilə bütün türk dünyası arasında əlaqələrə mənfi təsir göstərib
Azərbaycanda səfərdə olan Fransa Senatının üzvü xanım Natali Qulenin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 6-da Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüb.
SİA-nın verdiyi xəbərə görə, Azərbaycan-Fransa əlaqələrindən danışan komitənin sədri Səməd Seyidov deyib ki, ölkələrimiz arasındakı münasibətlər hər zaman yüksək səviyyədə olub. Qarşılıqlı səfərlər, keçirilən görüşlər və aparılan danışıqlar münasibətlərimizin, xüsusilə də parlamentlərarası əlaqələrin genişləndirilməsinə töhfə verir. İnanırıq ki, sizin bu səfəriniz də əməkdaşlığımızın inkişafına təkan verəcək.
Sonra görüşdə Fransa Senatında qondarma "erməni soyqırımı"nın inkarına görə cəza nəzərdə tutan qanunun qəbul edilməsi barədə müzakirələr aparılıb.
S.Seyidov bildirib ki, Fransa Senatında belə bir qanunun qəbul edilməsi Azərbaycanda çox ciddi narahatlıq yaradıb. Hesab edirik ki, bu qanunun qəbulu təkcə Fransa-Azərbaycan münasibətlərinə deyil, Fransa ilə bütün türk dünyası arasında əlaqələrə mənfi təsir göstərib. Bu cür məsələlərin gündəmə gəlməməsi üçün bir çox səviyyələrdə, xüsusən də parlamentlər səviyyəsində mütəmadi görüşlər keçirilməli və müzakirələr aparılmalıdır.
Komitə sədri qanunun qəbuluna qarşı çıxış edən fransalı senatorlara minnətdarlığını bildirib.
Fransa Senatının üzvü xanım Natalı Qule ölkəmizə yenidən səfər etməsindən məmnunluğunu ifadə edib.
Parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayan fransalı senator səfər çərçivəsində keçiriləcək görüşlərin uğurlu nəticələr verəcəyinə əminliyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB