Soyuqlar və iqlim dəyişməsi hansı xoşagəlməz halların olmasına gətirib çıxaracaq?

Soyuqlar və iqlim dəyişməsi hansı xoşagəlməz halların olmasına gətirib çıxaracaq?

110 illik meteoroloji müşahidələrə görə, fevralın 9 və 10-da Bakı və Abşeron yarımadasında son dəfə 1969-cu ildə 10 dərəcə şaxta olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun verdiyi xəbərə görə, gözlənilən yaxın günlər ərzində də temperaturun həmin rekord göstəriciyə yaxınlaşacağı gözlənilir. SİA-nın xəbərinə görə, Azərbaycanın rayonlarında fevralın 6-dan 7-ə keçən gecədən başlayaraq, fevralın 9-u səhərədək fasilələrlə qar yağacaq. Fevralın 7-i axşamdan yağıntıların intensivləşəcəyi, fevralın 8-də isə qarın bəzi yerlərdə qarın bəzi yerlərdə güclü yağacağı gözlənilir. Azərbaycan ərazisində hava günlərdə kəskin soyuyacaq, Bakıda temperatur mənfi dərəcəyə düşəcək, yollar buz bağlayacaq. Son 10 gündə Bakıda iki dəfə çovğunla müşahidə olunan hava şəraiti qeydə alınıb.Ekspertlər bunu iqlim dəyişikliyi ilə əlaqələndirirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Budaq Budaqov deyib ki, Azərbaycanda da qədim dövrlərdə buzlaşma olub. Onun fikrincə, müasir şəraitdə və qloballaşma dövründə müasir buzlaqların yaranması, buzlaq dövrü və buzlaq arası çöküntülər olmalıdır.

"Bu təbiətin qanunlarıdır və Azərbaycanda da müşahidə edilməlidir. Amma indidən buzlaq dövrünün yaxınlaşdığını demək düzgün deyil. Bunun da öz dövrü, zamanı var. Müasir dövrdə iqlim dəyişikliyi təbiətin ən şıltaqlıqlarından biridir. Bu təbiətin dəyişiklənliyi təbii qanunlardan asılı olaraq baş verir. İnsan amilinin burada rolu yox dərəsindədir. Hazırda Azərbaycanda baş verən iqlim dəyişikliyi Qafqazın cənub və cənub-qərbinə tərəf hərəkət edən soyuq hava kütləsi, hətta Qara dənizi də dondurub. Bu çox böyük təbii fəlakət yaradır. Azərbaycan ərazisində də iqlim dəyişmələri özlərini qarda, yağışda göstərir. Bunlar da təbiətin iqlimin dəyişməsi ilə bağlıdır. Qədim buzlaşma dövründə yaranan dəyişkənlik deyil. Odur ki, bu gəlib-keçən prosesdir. Çox ehtimal ki, bunu gələn ilin qışında görməyəcəyik. Soyuq hava qərbdən-şərqə doğru hərəkət edib, hətta Qara dənizi dondurmaq gücünə malik olan şaxtalar olmayacaq",- deyə B.Budaqov qeyd edib.

Budaq Budaqov qeyd edib ki, şərqdə olan hava axınlarının qərbə doğru hərəkət etməsi, onun qarla müşayiət olunması, hətta dənizin donmasına səbəb olub. Onun sözlərinə görə, bu, müəyyən dövrün, prosesin nəticəsidir. Alim hesab edib ki, gələcəkdə baş verəcəklər ikinci məsələdir və gələn il belə soyuqların olması ilə bağlı proqnoz vermək çətindir.

Ötən il Yaponiyada baş verən zəlzələ nəticəsində yerin öz oxundan çıxmasınının bu proseslərə nə dərəcədə təsir göstərdiyinə gəlincə, akademik bu amilin təsirinin yox dərəcəsində olduğunu deyib.

"Zəlzələ yer qabığında, amma atmosfer prosesləri, iqlim dəyişkənliyi yerin səthində baş verir. Bu dəyişkənlik hava kütləsinin soyuması ilə əlaqədardır. Bununla əlaqədar olaraq iqlimin dəyişməsi müəyyən xoşagəlməz halların olmasına gətirib çıxarır. Yer kürəsində ümumi qloballaşma ilə bağlı istiləşmə prosesi gedir. Yağıntıların müəyyən yerlərdə artması müşahidə olunur. Alimlər bunu müəyyən ediblər. Amma bu dəyişkənliyin qlobal dəyişməyə təsir edib-etməyəcəyini indidən demək və bu barədə nəsə proqnoz vermək çətin məsələdir. İndiki dövrdə iqlim dəyişikliyi təbii proseslər, təbiətdən asılıdır. Bunu qabaqcadan duymaq, xəbər vermək ümumi şəkildə alimlərin borcudur", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə