Almaniyanın Jena şəhərindəki məşhur Fridrix-Şiller Universitetində təşkil olunan "Qafqazşünaslıq Günü"ndə keçirilən əsas diskussiyalardan birinin mövzusu belə idi. Amma mövzuya girməzdən öncə Almaniyanın bu məşhur elm ocağını bir daha yaxından tanıtmağımız yerinə düşərdi.
Jena şəhərindəki Fridrix-Şiller Universiteti, yaxud sadəcə Jena Universiteti təkcə Almaniyada deyil, beynəlxalq səviyyədə tanınan bir elm ocağıdır. Yerlilərin dediyi kimi, burda Universitet öz şəhəri ilə deyil, şəhər öz Universiteti ilə tanınır. Amma, belə bir Universitetin məhz Jena şəhərində özünə məkan tapması təsadüf deyil. Jena Almaniyanın o əyalətini təmsil edir ki, burada tarix yatır. Bu məkan alman ədəbiyyatına, musiqisinə, folkloruna ümumiyyətlə, milli irsinə əvəzsiz töhfə verib. Füsunkar təbiətə malik olan bu əyalət alman torpağının incilərindədir. Dörd əsr yarımdan çox zamandan əvvəl burada belə bir elm ocağının yaranması təsadüfi ola bilməzdi.
Əsası 1558-ci ildə qoyulan Jena Universiteti bu gün az qala bütün dünyada tanınır və dünyanın bəlkə də elə bir ölkəsi olmaz ki, həmin ölkədən bura tələbə gəlməmiş olsun. 1962-ci ildən isə burada Qafqazşünaslıq şöbəsi fəaliyyət göstərir. Tədbir də Qafqazşünaslıq şöbəsinin 50 illik fəaliyyətinə həsr olunmuşdu. Çıxışlar zamanı məlum oldu ki, ötən 50 il ərzində Qafqazşünaslıq şöbəsi adını doğrultmaq istiqamətində bir çox əsaslı işlər görüb. Qafqazın tanınması və tanıdılmasında əvəzsiz rol oynayıb.
Yuxarıda adını çəkdiyimiz diskussiya isə bu günümüzlə səsləşən maraqlı mövzunu əhatə edirdi. Auditoriyaya toplaşan tələbə, müəllim və dəvətli qonaqlar maraqlı diskussiyanın iştirakçısı oldular. Professor K.Tuite, Gürcüstanın Almaniyadakı səfiri, Avstriya şahzadəsi xanım Qabriela fon Habsburg, doktor U. Halbax-Ştiftung, professor G. Khubua, professor L.Bakradze, professor R.Alikayev moderator, doktor F.Mühlfridin ünvanladığı suallara ətraflı cavab verdilər. Natiqlər Qafqaz irsi, mədəniyyətləri barədə danışdılar, bunun fonunda Qafqaz fenomenini açmağa çalışdılar.
Altında neft gizlənən, üstündə əsrarəngiz dağlar ucalan bu diyarda zaman-zaman tökülən saysız qanlardan, savaşlardan danışdılar. Söhbət "Ümumi Qafqaz Evi" ideyasına gələndə müzakirələr bir az da qızışdı və müxtəlif fikirlər səsləndi. İdeyanı az qala utopiya adlandıranlar da oldu, reallığa çox yaxın olduğunu göstərənlər də. Amma, inananlar da, inanmayanlar da bir fikirdə yekdil oldular ki, ideya Qafqaz xalqları üçün çox faydalı ola bilər və bütünlükdə region üçün mühüm əhəmiyyət kəsb edə bilər.
İdeyanın tərəfdarı kimi çıxış edən, Jena universitetinin professoru G.Khubua tədbirdən sonra suallarımızı cavablandıranda da bu məsələni bir daha qeyd etdi: "İdeya Avropa maketi kimi çox faydalı ola bilər. Qafqaz xalqları ayrı-ayrılıqda rastlaşdıqları haqsızlıqları, bundan yaranan problemləri bu yolla birgə həll edə bilərlər. Mən 3 həftə bundan əvvəl Bakıda olmuşam, Bakı Dövlət Universitetində maraqlı görüşlərimiz oldu. Orda gördüm ki, Azərbaycanda bu ideyanı dəstəkləyirlər və şübhəsiz ki, regionda əsas söz sahiblərindən olan Azərbaycanın müsbət mövqeyi həlledici məqamlardandır. Sizə deyim ki, ideyanın reallaşmasını şübhə ilə qarşılayan Ermənistanda da bu fikri dəstəkləyənlər az deyil, sadəcə onların ümumi dövlət marağından çıxış etməsi lazımdır. Mən Azərbaycandakı dostlarımla görüşlərdən sonra əmin oldum ki, ideya artıq çox güclü bir dəstəyə malikdir ".
Onu da qeyd edək ki, "Qafqazşünaslıq Günü" bu dəfə Gürcüstan üçün daha əlamətdar idi. Belə ki, tədbirlərin sonuncusunda Jena Universitetinin bu il 70 yaşı tamam olan professoru cənab Fehnrix Qafqazda, xüsusən də Gürcüstandakı işlərinə, bu ölkənin tanıdılmasında verdiyi əvəzsiz xidmətlərə görə Gürcüstanın nüfuzlu Qızıl Medalı ilə təltif olundu.
Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri, Jena şəhəri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB