Ötən gecə Bakıda 66 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 3 nəfəri isə don vurub
Son sutka ərzində kəskin hava şəraiti ilə əlaqədar Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 1239 çağırış daxil olub. Stansiyanın baş həkimi Mürsəl Həmidov SİA-ya bildirib ki, xəstələrdən 204 nəfər xəstəxanaya çatdırılıb. Onun sözlərinə görə, müraciət edənlərdən 132 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 87 nəfəri xəstəxanaya çatdırılıb. Zədə alanların 66 nəfəri yolların buz bağlaması ucbatından sürüşüb yıxılanlardır. Onlardan 60 nəfəri xəstəxanaya çatdırılıb: "Qalanları məişət zədələri, yol-nəqliyyat hadisələri zamanı zədə alanlardır. Sutka ərzində yol qəzaları ilə bağlı təcili yardıma 2 müraciət daxil olub. Dəm qazından zəhərlənmələrlə əlaqədar dünən sutka ərzində 18 hadisəsi baş verib. Onlardan 11-i xəstəxanaya çatdırılıb, 1 nəfər isə ölüb. Dəm qazından ölən 1 yaş yarımlıq oğlan uşağı Rəsulzadə qəsəbə sakinidir. Körpənin valideynləri isə xəstəxanaya yerləşdiriliblər".
Kəskin hava şəraiti ilə əlaqədar dünən səhər saat 09.00-dan bu gün saat 09.00-a qədər Bakıda 4 donvurma hadisəsinin qeydə alındığını deyən Mürsəl Həmidov bildirib ki, donvurmaya məruz qalanlardan 3 nəfəri "bomj" olub və onlar xəstəxanaya yerləşdirilib. Bu gün səhər saatlarında isə Mərdəkan qəsəbəsindən donvurma ilə bağlı təcili yardıma müraciət daxil olub: "45-50 yaşlarında kişi küçədə ölüb. Təcili yardım çağırıblar. Təcili yardım briqadası həmin şəxsin meyitini hadisə yerində polisə təhvil verib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB