Bakıda hökm sürən çovğun və şaxtalı hava şəraiti ilə bağlı şəhərin yol polisi gücləndirilmiş iş rejimində işləyir. Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, Bakının bütün prospekt və küçə yolları dünən gecədən başlayan qarlı və şaxtalı hava şəraiti ilə bağlı buz bağlayıb. Avtomobillərin hərəkətində problem yaranıb.
Qeyd edilir ki, yol polisi avtomobillərin hərəkətinin təmini üçün müvafiq tədbirlər görür. Xüsusən Yasamal rayonu ərazisində, İnşaatçılar prospekti, Bakıxanov körpüsü, Mirəli Qaşqay, Səməd Vurğun, Cəlil Məmmədquluzadə, Bakıxanov küçələrində təhlükəli vəziyyət yaranıb. Bu ərazilərdə yollar buz bağladığından nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Bakı yol polisi sürücüləri şəxsi nəqliyyat vasitəsindən istifadə etməməyə, ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırıb.
Bakı yol polisi tövsiyə edir ki, qarlı-buzlu hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər və mövsümü təkərlərin olması vacib şərtdir. Əyləc sistemindən mümkün qədər istifadə etməməklə sürət qutusunun köməyi ilə avtomobili hərəkətə gətirməlidirlər. Yaxın vuran işıqlardan istifadə edilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB