Ağ qarın qara dərdləri

Ötən gündən başlayan qarlı və çovğunlu hava şəraiti ölkəni yenidən iflic etdi. Ağ örpəyə bürünən paytaxtın bəzi yerlərində qar hətta 15-20 santimetrə çatır. Qarlı havaya hazır olmayan paytaxtda qarın yaratdığı fəsadlar artıq özünü göstərməyə başlayıb.

Şəhərin bəzi yollarında maşınların hərəkəti çətinləşdiyindən yola çıxan sürücülər qəza təhlükəsi ilə üz-üzə qalıb. Şəhərin mərkəzində bəzi avtomobillər hərəkət etsə də, buradan fərqli olaraq, ətraflara da çox qar yağdığından səhər saatlarında insan və avtomobillərin hərəkəti xeyli məhdudlaşıb. Qarlı, çovğunlu havada Bakının hətta mərkəzi küçələrində belə qar təmizləyən və duz səpən maşınlara rast gəlinmir, yolların təmizlənməsində çətinliklər özünü göstərir. Belə hava şəraiti insanların xəsarət almasına, maşınların sürüşməsinə səbəb olur ki, bu da sonda ciddi fəsadlara səbəb olur.

Səhər saatlarından başlayaraq paytaxtın bir çox yerlərində elektrik enerjisi kəsilib, qazın verilməsində bəzi problemlər var, şaxtadan içməli su donub. Hava şəraiti ilə əlaqədar Bakıdan Rusiya istiqamətində avtobus reysləri, Heydər Əliyev Beynəlxalq Hava Limanından bir sıra aviareyslərin həyata keçirilməsi təxirə salınıb. Azərbaycanda hökm sürən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar rayonlara gedən bütün iri magistrallarda nəqliyyatın hərəkəti məhdudlaşıb. Bakı-Şamaxı yolunda Cəngi qəsəbəsindən başlayaraq yol buz və qarla örtülüb, nəqliyyatın hərəkəti məhdudlaşıb. Bakı-Quba və digər istiqamətlərə gedən yollar da buz bağlayıb, həmin yollarda yalnız hər iki oxu aparıcı olan avtomobillərin, Ağsu aşırımında yalnız iri yük avtomobillərinin hərəkəti mümkündür. Bakı-Sumqayıt yolu təmamilə bağlanıb.

Kəskin hava şəraiti ilə əlaqədar Azərbaycanda bütün orta ümumtəhsil məktəblərində dərslər həftə sonuna kimi təxirə salınıb. Təhsil naziri Misir Mərdanov bununla bağlı müvafiq əmri ilə hava şəraiti ilə əlaqədar dərslər fevralın 6-dək dayandırılıb.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Sinoptiklərin məlumatına görə, şaxtalı hava şəraiti fevralın 5-dək davam edəcək. Sinoptiklər xəbərdarlıq edirlər ki, havanın temperaturu gecə və gündüz 0-3 dərəcə şaxta təşkil edəcək, yollar buz bağlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə