Raqif Abbasov: \"Biz gənclər təhsilindən, gücündən, cinsindən asılı olmayaraq daha çox biliklərə malik olmalı, mükəmməlliyə doğru çalışmalıyıq\" - MÜSAHİBƏ
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun SİA-ya müsahibəsi:
- 2011-ci ildə ölkənin gənclər və idman siyasətində görülən işləri necə şərh edərdiniz?
- Bakı şəhəri üzrə Gənclər və İdman Baş İdarəsi olaraq Gənclər və İdman Nazirliyi, Mİlli Olimpiya Komitəsi, Bakı şəhər İcra Hakimiyyətinin birgə dəstəyi ilə həm gənclər, həm də idman siyasətinin həyata keçirilməsi və 2011-ci ilin nəticələrində müəyyən paya malik olmuşuq. Müstəqiliyyin 20 illiyi ərzində bugünki gün göstəricilərin ən uğurlu ili 2011-ci il hesab oluna bilər. İdman sahəsində əldə olunan 700-dən çox medal bizə onu deməyə əsas verir. Digər tərəfdən artıq Yay Olimpiya Oyunlarına 30 lisenziya qazanılıb. Azərbaycan London Olimpiya oyunlarına lisenziya xarakterli yarışlara ev sahibliyi etdi. Azərbaycan 2020-ci il iddiası ilə Beynəlxalq Olimpiya Komitəsinə müraciət və iddia ərizəsini təqdim etdi.
Bundan başqa, kütləvilik, dopinqlə mübarizə, yeni idman qurğularının tikintisi, maddi texnikanın yaxşılaşdırılması ayrı-ayrı idman növləri üzrə qəbul olunmuş dövlət proqramının icrası plan üzrə həyata keçirildi.
Gənclər siyasətinə gəldikdə, 2011-2015-ci il Dövlət Proqramı qəbul edilib. İlk dəfə olaraq ictimai müzakirəyə buraxılmış və təkliflər əsasında fərdlərdən başlayaraq QHT, tələbə gənclər təşkilatları, adi gənclər, orta məktəblərin yuxarı sinif şagirdlərinin təklifləri əsasında hazırlanan bu qanun işlək, gələcəyə yönələn, gələcəkdə daha yaxşı göstəricilərə nail olmaq üçün vacib bir sənəddir. Proqramın vacib qollarından biri də Gənclər Fondunun yaradılmasıdır. Bununla bağlı cənab prezident İlham Əliyevin müvafiq tapşırığı var. Gənclər paytaxtının seçimi bugünki gündə tamamlanıb. Gəncə şəhəri gənclər paytaxtı olmaq üçün ən real namizədlərdən biridir. Buradakı mübarizədə Şirvan şəhəri, Kürdəmir, Qəbələ rayonlarını da xüsusi vurğulamaq lazımdır. Ümumilikdə, minlərlə gənc bu elektron aksiyada iştirak edib. Bu da onu göstərir ki, artıq paytaxtın yükü tədbirlərlə azalacaq və əsas beynəlxalq tədbirlər də daxil olmaqla əyalətlərə yönələcək. Bu əyalətlərin tanıtımı, onların gənci ilə paytaxt gənci arasında əlaqələr baxımından mühüm rol oynayacaq. Ötən il əldə olunan nailiyyətlərədən danışarkən Azərbaycanın \"Eurovision\" yarışmasında qalibiyyətini qeyd etməmək mümkün deyil. Bundan başqa Azərbaycanı tanıtım üçün dünyanın müxtəlif şəhərlərində Xocalıya Ədalət, 20 Yanvar şəhidlərinin anım günü, Azərbaycanın müstəqilliyi ilə bağlı olan irimiqyaslı tədbirlər 2011-ci ilin gənclər siyasətində həyata keçirilən tədbirlər sırasına daxildir.
- Ötən il Azərbaycan gənclərinin hansı problemləri hələ də həll olunmamış qaldı?
- Müharibə şəraitində yaşayan, torpaqlar işğal altında olan və 1 milyon qaçqın-məcburi köçkünü olan dövlət olmağımıza baxmayaraq, iqtisadi göstəricilərimiz günü-gündən yaxşılaşır. Təbii ki, XXI əsr çağırışlar, sürət, yüksək texnologiyalar əsridir. Əgər nəticələr varsa, daha yeni nəticələrə zərurət duyulur. Bu gün gəncliyin heç bir probleminin olmadığını demək düz olmazdı. Sadəcə bu problemlər subyektiv və obyektiv olur. Yəni, ölkəyə və bəşəriyyətə məxsus problemlərə bölünür. Belə ki, narkomaniya, AİDS bəşəriyyətə məxsus problemdir. Azərbaycanda qloballaşan dünyanın bir parçası olaraq bu sahədə də öz mübarizə, maarifləndirmə işini aparır. Təəssüflər olsun ki, göstəricilər bizi qane etmir. Çünki bu gün işğal altında olan ərazilərdən narkotik vasitələrin keçirilməsinə maraqlı olan qüvvələr var. Əlbəttə, dövlət gücləndikcə, onun sərhədləri iqtisadi göstəriciləri yaxşılaşdıqca bu problemin həlli daha sürətli gedəcək. Bu sahədə cəmiyyətin də xüsusi rolu olmalıdır. Heç bir qanun, proqram cəmiyyətin dəstəyi olmadan işlək ola bilməz. Belə olan halda ailə institutu, özünə qəsd, milli-mənəvi dəyərlərin qorunması, gələcək nəsillərə sağlam həyat tərzinin ötürülməsində ailə tərkibində, orta ümumtəhsil məktəblərində, gündəlik həyat tərzində hər bir vətəndaş daha məsuliyyətli yanaşmalıdır. Bu gün mobil telefon, sosial şəbəkələrdən kompyuter asılılığından gələ biləcək problemlər var. Biz gözləməməliyik ki, hansısa problem olsun, sonra bunun həlli ilə məşğul olaq. Bu baxımdan bugün 2020-ci il üzrə strateji plan mövcuddur və bunun müzakirəsi cəmiyyətdə aparılır. Burada əsas yük- icra yükü həm də gənclərin üzərinə düşəcək. Beləliklə, təhsildən, gücümüzdən, cinsindən asılı olmayaraq daha çox biliklərə malik olmalı, mükəmməlliyə doğru çalışmalıyıq. Belə olan halda bu və ya digər ehtimal olunan, yarana biləcək mövcud olacaqların qarşısının alınmasında problemlərin həlli daha tez, şəffaf və ağrısız həll ediləcək.
- \"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə\" Dövlət Proqramının icrası ilə bu problemlərin qismən də olsa həllinə nail olunacaqmı?
- Bu proqram fərdi Azərbaycan gəncliyinin təklifi əsasında hazırlanıb. Deməli, bu proqram işlək olacaq. Əgər 2005-2009-cu illəri əhatə edən dövlət proqramı gəncliyin təşkilatlanması, yaranması və formalaşmasına yönəlmişdisə, 2011-2015-ci illəri əhatə edəcək Dövlət Proqramı təşkilatların ideyalarının həllinə, menecment və marketinqin yüksək səviyyədə qalxmasına, idarəçilikdə kreativ düşüncələr və yeni modellərin axtarışına, bəşəriyyətdə yenilikləri təhlil edərək Azərbaycan modelinə uyğunlaşdırmağa yönəlib. Əhalinin sayı artdıqca gənclərin təlabatı da artır. Onların məişət problemlərinin həlli, mənzil, iş təminatı məsələsini proqramın ayrı-ayrı qanadlarında, istiqamətlərində öz əksini tapıb. Bu gün Azərbaycan gəncliyi qarşısında ən əsas vəzifə onun özünü dərki, Azərbaycançılıq ideyasının təbliği, torpaqların azad olunmasında hər bir fərdin öz iş yerində əlindən gələni etməsidir.
- Bu il proqram çərçivəsində konkret hansı işlər görüləcək?
- İlk növbədə Gənclər Fondu yaradılacaq və bu, gənclər təşkilatlarının, QHT-lərin, tələbə hərəkatının fəaliyyətini maliyyələşdirəcək. Digər tərəfdən paytaxtdan əlavə olaraq əyalət şəhərinin gənclər paytaxtı elan olunması tədbirlərin yükünü, beynəlxalq tədbirlərin əyalətlərə köçürülməsi deməkdir. Bu da əyalətin həm sosial göstəricilərinə, həm infrastruktur inkişafına, həm də gənclərin məşğulluğuna təsir edəcək. Digər məsələ karyera, məşğulluq məsələsi, işlə təmin olunmayıb qeydiyyatda olan insanların maarifləndirilməsi, bu gənclərin sertifikatlaşdırılmasıdır ki, onların işlə təmin olunmasında köməklik edilsin. Bundan əlavə, ali təhsil ocaqlarının iş adamları, dövlət strukturları, QHT-lərin mütəxəssisləri sonuncu kursda oxuyan tələbləri seçərək onlara işlə qəbulla bağlı təkliflər irəli sürəcək. Beləliklə də professional mütəxəssis arayan hər hansı bir təşkilat hələ sonuncu kursda təhsil alan gənci öz strukturuna cəlb edəcək. Xüsusi olaraq bu il xaricdə fəaliyyət göstərən təşkilatlar, gənclər birlikləri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı təbliğat kampaniyalarının davam etdirəcək.
Ümumrusiya Gənclər Təşkilatının sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan Xocalıya ədalət kampaniyası bu il 20 illik ərəfəsində davam etdiriləcək. Azərbaycan beynəlxalq təşkilatlara üzv olduğu, gənclər qanadının tədbirlərinin ölkəmizə gətirilməsində maraqlıdır. Beynəlxalq tədbirlərin sayı bu il çox olacaq. Bu da Azərbaycanın tanıtımında böyük rol oynayacaq. Bu il də istedadlı gənclər və xüsusi bilgilərə malik olan gənclərin dünya təcrübəsini öyrənməsi üçün ixtisasartırması işi də davam etdiriləcək. Bu və ya digər məsələlər cari ildə öz əksini tapacaq və həll olunacaq.
- 2 Fevral-Gənclər Günü kimi qeyd olunur. Sizin bugünki Azərbaycan gənclərinə təbrik, təklif və ya məsləhətləriniz...
- Gənclər günü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı ildən etibarən ölkəmizdə forumlar, 1997-ci ildə isə Gənclər Günü kimi qeyd olunur. Bu il gənclər gününü qeyd olunmasının 15 illiyidir. Bu tarix baxımından qısa bir zaman olmasına baxmayaraq, görülmüş işlər nöqteyi-nəzərdən yetərincə böyük bir dövrdür. Bu baxımdan Azərbaycan gəncliyində torpağa sevgi, vətəndaş olaraq öz üzərində çalışma, bilgilərin artırılması, sağlam olması, milli-mənəvi dəyərlərin qorunması, bizdən sonra gələn gənclərə daha xoşbəxt və firavan Azərbaycanın qoruyub saxlanılması və ötürülməsini arzulayıram. Azərbaycan gəncliyi ölkənin gələcəyidir. Bu şüar ümummilli lider tərəfindən deyilib və bu gün də yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB