2011-ci ilin yekunları ilə bağlı Quba rayon İcra Hakimiyyətində hesabat yığıncağı keçirilib

2011-ci ilin yekunları ilə bağlı  Quba rayon İcra Hakimiyyətində hesabat yığıncağı keçirilib

Quba rayonunda 2011-ci ilin yekunları və 2012-ci ildə qarşıda duran vəzifələrlə bağlı rayon İcra Hakimiyyətinin hesabat yığıncağı keçirilib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ulu öndərin abidəsini ziyarət edərək xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra təşkil edilən ümumrayon sərgisi ilə tanışlıq olub. Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov ötən il əldə olunan nailiyyətlərdən danışıb. O, bildirib ki, ötən il üzrə ümumi məhsul buraxılışının həcmi 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 525 min manat artaraq 251 milyon 767 min manat təşkil edib ki, bunun da 13 milyon 916 min manatı sənayenin, 115 milyon 29 min manatı kənd təsərrüfatının 4 milyon 370 min manatı nəqliyyatın, 987 min manatı rabitənin, 77 milyon 386 min manatı ticarətin, 43 milyon 78 min manatı isə tikintinin payına düşür. Quba şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması sahəsində müəyyən işlər görülüb. 24-cü və 31-ci məhəllələrinin, "Dəvədabanı" və Nügədi yolu su anbarlarının ərazisinin hər birində 1 ədəd, C.Cabbarlı küçəsində və digər istiqamətlərdə 3 ədəd su nasosu, 7 ədəd elektrik mühərriki əsaslı təmir edilib istifadəyə verilib. Əhalinin işıq və təbii qazla təminatında mühüm layihələr həyata keçirilib. 2011-ci ildə regionda ən mühüm layihələrdən biri olan Heydər Əliyev Mərkəzinin tikilərək istifadəyə verilməsini göstərmək olar. Çıxışlarda Prezident İlham Əliyevin Quba rayonuna səfəri çərçivəsində bir sıra açılışların olduğu xatırlandı. Tədbirdə rayonda görüləcək işlər barədə geniş danışılıb, qərar layihəsi oxunub.

Qeyd edək ki, 2012-ci il Quba rayonunda mühüm layihələrin həyata keçiriləcəyi planlaşdırılır.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə