Qazıməmməd-Qazax magistral qaz kəmərində baş verən partlayışın fəsadları aradan qaldırılır
Qazıməmməd-Qazax magistral qaz kəmərində baş verən partlayışın fəsadlarının aradan qaldırılması istiqamətində işlərə start verilib. SİA-nın verdiyi məlumata görə, ərazidən keçən Oğuz-Qəbələ-Bakı su kəmərinin üzərindən beton plitələr döşənməklə ağır texnika partlayış olan yerə çata bilib. "Azəriqaz" İstehsalat Birliyinin sədr müavini Nazim Səmədzadənin verdiyi məlumata görə, hazırda 11 ədəd ağır texnika və 40 nəfərə yaxın canlı qüvvə magistral kəmərin təmiri üzərində çalışır. N.Səmədzadə həmçinin bildirib ki, 1970-ci ildə istismara verilən boruda çürümələr olduğundan, kəmərin 40 metrinin yenilənməsi qərara alınıb. Qaz kəmərinin dağlıq ərazidə yerləşməsi, eləcə də əlverişsiz hava şəraiti texnikanın hərəkətində çətinliklər yaratdığından, təmir işlərinin sabah axşam saatlarına qədər davam edəcəyi deyilir.
Qeyd edək ki, yanvarın 30-da magistral kəmərdə baş verən partlayışdan sonra Göyçay rayonun 4 kəndi - Qarabaqqal, Hacalıkənd, Çayarxı, Qızılağac, eləcə də rayon ərazisinin 15 faizi hələ də qazsız qalıb. Yalnız təmir işləri başa çatandan sonra rayon təbii qazla tam təmin olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə