Dəm qazı yenə can alır

Havalar soyuyandan, demək olar, hər gün dəm qazından zəhərlənmə hallarının baş verməsi barədə məlumatlar eşidirik. Təəssüflə də olsa deyək ki, hadisə nəticəsində ölənlər var.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Qusar rayonunda dəm qazından ölüm hadisəsi baş verib. Rayon ərazisində yaşayan Hikmət Şirinov dəm qazından zəhərlənərək ölüb. Abşeron rayon sakini Şövkət Məmmədova, Sabunçu rayonunun Pirşağı qəsəbə sakini Ədalət Eyvazov və həyat yoldaşı Məhəbbət - uşaqları Ləman, Gülüş və İman öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər. Xoşbəxtlikdən tibbi yardım nəticəsində onların həyatını xilas etmək mümkün olub.


İran sobalarında içərisində qurğu düzgün işləmir


2 saylı Əfəndiyev adına xəstəxananın toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirdi ki, son illər dəm qazından zəhərlənmələrin sayı kəskin artıb: "Havaların soyuması ilə isinməyə daha çox ehtiyac yaranıb. Evi isitmək üçün müxtəlif isitmə peçlərindən istifadə olunur.

Baş verən hadisələrin əksəriyyəti isə qaz sobalarının keyfiyyətsizliyi üzündən baş verir. İstifadə edilən qaz sobalarının əksəriyyətində texniki baxımdan problemlər olduğundan faciələrə səbəb olur. Məsələn aparılan araşdırmalar zamanı məlum olub ki, İran istehsalı olan sobaların içərisindəki qurğular bir-birinə dəmir boltlarla bərkidilməyib. Bu üzdən sobanın içərisində dəm qazının tənzimlənməsi üçün yerləşdirilən qurğu düzgün işləmir.

Sobanın texniki qaydalarına görə isə qaz yanarkən həmin aparat dəm qazını içəridə tənzimləməli, bayıra qoxu verməməlidir. Amma bəzən bu qurğunun ümumiyyətlə səhv yerləşdirilməsi dəm qazının bayıra çıxmasına səbəb olur ki, bu da zəhərlənmə ilə nəticələnir.

Zəhərlənmənin digər səbəbi isə qazın təzyiqinin artıb-azalması ola bilər. Məsələn gecə saatlarında qazın birdən-birə azaldılması qaz peçini söndürməyən abonentlər üçün təhlükəyə çevrilir. Ona görə də, qaz cihazlarını nəzarətdə saxlamaq lazımdır.


Kaminlərdə təhlükəlidir



"Azəriqaz" dan isə bildirildi ki, yaranmış problemlərin kökündə təhlükəsizlik qaydalarına riayət edilməməsi durur. Qurumun mütəxəssisləri hesab edir ki, əhali evində ən adi qaz cihazının belə düzəldilməsində mütəxəssis təcrübəsindən yararlanmalıdır: "Əsasən keyfiyyətsiz qaz sobalarından istifadə zamanı xoşagəlməzliklər baş verir ki, peşəkar usta da bunu bilməli və vaxtında tədbir görməlidir. Abonentlər xaricdən gələn malların quraşdırılmasını da qaz təsərrüfatları ilə razılaşdırmalıdır. Xüsusən İran istehsallı sobalar mükəmməl olmadığı üçün bir az külək əsən kimi keyfiyyətsizliyini göstərir.

Problemin bir qismi də icazəsi olmadan quraşdırılan kaminlərdədir. İcazəsi olmadan heç kimin qaz cihazlarını şəbəkələrə qoşub istifadə etməyə ixtiyarı yoxdur".


Bütün xəbərlər Facebook səhifəmizdə