13 saylı Cəzaçəkmə Müəssisəsindəki neqativ hallar aradan qaldırılıb
Xəbər verdiyimiz kimi, ötən ilin axırlarında Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsinə (CÇM) uzunmüddətli başçəkmə həyata keçirərkən araşdırma zamanı müsbət işlərlə yanaşı, bir sıra pozuntular da aşkar edilib. SİA-nın xəbərinə görə, müəssisədə cəza çəkən 50-dən çox məhkum qəbul olunub, onlarla söhbət zamanı saxlanma şəraiti və rəftarla bağlı bir sıra narahatlıq doğuran məlumatlar verilib.
Ombudsman həmin məsələlərin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Ədliyyə nazirinə müraciət edib. Araşdırmanın nəticəsi ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən alınmış məktuba əsasən, 13 saylı CÇM-in cərimə təcridxanasında (CT) müvafiq yaşayış sahəsi normasının gözlənilməsi məqsədilə bəzi kameralarda çarpayıların sayı azaldılıb, stolların yerləri dəyişdirilərək, döşəmədən normal hündürlükdə quraşdırılıb, kameralar məhkumların sayına uyğun oturacaqla, təmiz və istifadəyə yararlı yataq ləvazimatları ilə təmin edilib, habelə bir kamerada istilik sistemi işlək vəziyyətə gətirilib. Həmçinin üç kameranın pəncərələrinə yeni çərçivələr qoyulub. Təyinatı üzrə istifadə edilməyən otaqlar boşaldılıb və məhkumların ümumi istifadəsinə verilib.
Həmin cəzaçəkmə müəssisəsinin fəaliyyəti PX rəhbərliyi yanında müzakirə edilib, fəaliyyətində nöqsan və çatışmazlıqlara yol vermiş müəssisə rəisi B.Əsgərova, əməliyyat şöbəsinin rəisi M.Mehdiyevə və həmin şöbənin böyük inspektoru C.Aslanova şiddətli töhmət verilib, rejim-nəzarət şöbəsinin rəisi H.Quliyevə isə tutduğu vəzifəyə uyğun olmaması barədə, CÇM-in digər əməkdaşları F.Əliyev, R.Sultanov və S.Qarayevə tutduqları vəzifələrdə qısa müddətdə işlədikləri nəzərə alınaraq, xəbərdarlıq edilib. MPM qrupu tərəfindən bu müəssisəyə təkrar başçəkmə həyata keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB