Bu gün adi bir ehtiyatsızlıq Hepatit xəstəlik daşıyıcısına çevirə bilər. Statistik məlumatlara görə, "Hepatit C" hər il dünyada 350 min insanın ölümünə səbəb olur. 170 milyon insan isə xəstəlik daşıyıcısıdır. Problem Azərbaycan üçün də aktualdır. Rəsmi statistikaya görə, ötən il ölkədə 93 yoluxma halı qeydə alınıb. Ancaq ekspertlər ölkədə qeyri-rəsmi virus daşıyıcıların dəfələrlə çox olduğunu bildirir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünya üzrə xərçəng xəstəliyinin 15-20 faizi xroniki infeksion xəstəliklər olan \"C\" və \"B\" hepatiti nəticəsində əmələ gəlir. Hepatitə yoluxma təhlükəsi daha çox riskli qruplar - hemofiliyalı, talassemiyalı, xroniki böyrək çatışmazlığı olan xəstələr, diabetlilər, AİDS-li insanlar, narkomanlar və belə qruplarla işləyən tibbi heyətdir. Hazırda tibbi heyət istisna olmaqla, bu risk qruplarından olan insanların 65-70 faizi virus daşıyıcısıdır.
Mütəxəssislər hesab edir ki, bu təhlükəli virusu daha çox stomatoloji klinikalar, közəllik salonları, ginekoloji kabinetlər yayır. Gigiyenik qaydalara riayət olunmaması, istifadə olunan alətlərin sterilizə və dezinfeksiya edilməməsi bu obyektləri real təhlükə mənbəyinə çevirib. Vəziyyət o həddə çatıb ki, insanlar bu xidmət növlərindən istifadə etməkdən çəkinir, bəzən də tamamilə imtina edirlər. Ancaq nə dişsiz qalmaq, nə də özünü gözəllikdən mərhum etmək heç də asan deyil.
Təhlükə gözəllik salonları və stomatoloqlardan gəlir
Hazırda paytaxt ərazisində lisenziyasız fəaliyyət göstərən elə stomatoloji kabinetlər də var ki, orada çalışan həkimlər Hepatit virusunun hansı yolla ötürülməsi və ona qarşı görülməsi vacib olan tədbirlərdən xəbərsizdilər. Məsələ ilə bağlı apardığımız araşdırma zamanı Əhmədli metrostansiyasının yaxınlığında yerləşən stomatoloji kabinetlərdən birinin həkimi istifadə etdikləri ləvazimatları xüsusi məhlulla sildiklərini dedilər. Ancaq həkim Hepatit virusu haqda heç bir məlumata malik olmadığını etiraf etdi: "Bu virus adama ətdən də, sudan da gecə bilər. Nəyə görə stomatoloji kabinetlərin adı hallanır, anlaya bilmirəm".
Güman edirik ki, bu cür cavabdan sonra əlavə şərhə ehtiyac yoxdur. Ancaq məsələnin ən pis tərəfi odur ki, bu cür kabinetlər əhaliyə daha ucuz xidmət göstərdikləri üçün onlara müraciət edənlərin sayı digər klinikalardan daha çoxdur.
Oxşar vəziyyətlə gözəllik salonlarında da rastlaşdıq. Apardığımız araşdırma zamanı Nərimanov metrostansiyasının yaxınlığında yerləşən bir çox gözəllik salonlarının işçiləri Hepatit sözü eşidən kimi nədənsə qaçıb gizlənməyə üstünlük verdilər. Bəzi salonların işçiləri isə viruslardan həm özlərini, həm də müştəriləri qorumaq üçün zəruri tədbirlər gördüklərini dedilər. Ancaq gün ərzində yüzlərcə qadının müraciət etdiyi bu salonlarının əksəriyyətində lazımı səviyyədə qabaqlayıcı tədbirlərin görülmədiyi müşahidə etdik. Bəzi salonlarda sadəcə görüntü üçün sterilizə avadanlıqları qoyulur. Salonlardakı daraqlar, qayçılar, manikür-pedikür, qulaqların deşilməsi zamanı istifadə olunan alətlərin ilk görünüşdən iyrənc təsir bağışlaması onların sterilizə edildiyini şübhə altına alır.
Görüntü yaratmaq üçün bəzi salonların işçiləri isə istifadə olunan dəsmalları salonun qarşısında qoyduqları qurutma zivələrinə asmaqla işlərini bitmiş hesab edirlər. Ancaq köhnə avadanlıqlar, aylarla yuyulmayan salfetlər, heç bir sterilizə edilməyən qayçı və daraqlar, döşəmədə müştəridən kəsilən saç kəsiklərinin olması salon işçilərini narahat etmir. Yeri gəlmişkən deyək ki, Avropa ölkələrində müştəriyə xidmət birdəfəlik salfet və dəsmallarla göstərilir. Bizdə isə dəsmalları su ilə yaxalamaq ən yüksək xidmət hesab edilir. Bu gün gözəllik salonlarının xidmətlərindən istifadə edənlər hər an daraq vasitəsilə baş dərisinə düşə biləcək müxtəlif göbələk xəstəliklərindən, saç tökülmə yaradan bakteriyalardan, dəmrov, hepatit, hətta QİÇS-dən sığortalanmayıb.
Üç aydan bir müayinədən keçmək lazımdır!
3 saylı şəhər klinik xəstəxanasının infeksiya şöbəsinin müdiri Namiq Nəbiyev isə hesab edir ki, Hepatit C-dən insanlar özləri-özlərini qorumalıdırlar: "İnsanlar bu virusa əsasən intim münasibətlər, digərlərinin əşya və ləvazimatlardan istifadə, gözəllik salonları, stomatoloji və ya ginekoloji kabinetlərdən istifadə, qan köçürmə zamanı yoluxa bilərlər. Təhlükəli virusdan qorunmanın yolu isə diqqətli olmaq və gigiyenik qayda-qanuna riayət edən obyektlərə müraciət etməkdir. Eyni zamanda ev şəraitində də virusa yoluxma təhlükəsi istisna olunmur. Diş fırçası, qayçı kimi alətlər vasitəsilə virus ötürülə bilir. Ona görə də, ailə üzvlərindən hər birinin ayrıca diş fırçası olmalı və tez-tez dəyişdirilməlidir".
Mütəxəssis xəstəliyin bəzən 10-20 il ərzində özünü büruzə vermədiyini deyir: "Hepatit uzun müddət ərzində heç bir simptom olmadan daxildə inkişaf edə bilər. Bəzən isə özünü sarılıq, yorğunluq, qarın ağrıları, iştahanın itməsi və ürəkbulanması ilə büruzə verir. Xəstəlik gizli formada orqanizmə düşdükdə qaraciyər sirrozu və ya xərçəngə çevrilir. Virus otaq temperaturunda 3 - 4 gün aktiv ola bilir. \"Hepatit C\"nin müalicəsi ən azı 6, yaxud 12 ay fasiləsiz davam etdirilməlidir. Müalicəni yarımçıq qoyduqda xəstəlik "öz işini daxildə görür. Ona görə də, virusdan qorunmaq üçün üç aydan bir müayinədən keçmək məsləhət görülür".
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hepatitin müayinəsi ölkə ərazisində pulsuz aparılır. Ancaq xəstəliyin müalicəsi baha olduğundan problem tam əhatə olunmayıb. Qurumdan bildirildi ki, \"Hepatit C\" qarşısını almaq üçün bütün tibb ocaqları qarşısında xüsusi tələb qoyulub ki, sterilizasiya sistemləri gigiyenik normalara uyğunlaşdırılsın. Bu tələbə əməl etməyən fəaliyyəti üçün lisenziya verilmir. Lisenziyası olanlara qarşı isə tədbir görülür.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə bildirdi ki, bərbərxana, stomatoloji və ginekoloji kabinetlərin hepatit qrupu virusunun yayılmasında əsas yoluxma mənbəyi olduğundan bu tip obyektlərə mütəmadi olaraq monitorinq keçirilir.
Dezinfeksiya edici sterilizəedici məhlullar olmadıqda, sterilizator olmadıqda həmin obyektlər İnzibati Xətalar Məcəlləsinin 65-ci maddəsinə əsasən 100-200 manatadək cərimə olunur. Vəziyyət mütəmadi olaraq nəzarətdə saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB