2010-cu ildən bərpasına start verilən "Azərbaycan ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi artıq 1,5 il öncədən başlanıb. Bu müddətdə layihənin həyata keçirilməsi üçün potensial təbiət əraziləri, yem və su bazası öyrənilib, real təhlükə mənbələrinin aradan qaldırılması üçün zəruri işlər həyata keçirilib, ceyranların tutulması, daşınması və təbii şəraitə adaptasiyası üçün xüsusi metodika müəyyən edilib". Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. ETSN tərəfindən layihənin rəsmi tərəfdaşları olan Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Qafqaz ofisi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan Nümayəndəliyi ilə birlikdə həyata keçirilib. İcra prosesində bilavasitə ukraynalı, almaniyalı mütəxəssislər ölkəmizə səfər edərək lazımi göstərişlərini veriblər. Layihənin icrası üçün tələb olunan avadanlıqlar - ən müasir keyidici silah, tor və tələ avadanlıqları, peyk vasitəsilə siqnalötürücü xaltalar, simsiz rabitə vasitələri alınıb. Bu avadanlıqlardan istifadə edilərək ceyranların həyat təhlükəsizliyi təmin olunur və hərəkətlərinin nəzarəti həyata keçirilir. Həmçinin yerli icma nümayəndələri, xüsusən fermerlərdən ceyranların həyat və təhlükəsizliyinin təminatı üçün məsuliyyət daşımaları barədə iltizamnamələr alınıb. Hazırda Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı əraziyə buraxılmış ceyran sürüsünün hərəkətinə 2011-ci ildə də peyk vasitəsilə mütəmadi nəzarət olunur. Onların hərəkət istiqamətlərindən asılı olaraq su və yemlə əlavə təminatı həyata keçirilib. Bugünədək 120 baş ceyran öz tarixi areallarına buraxılıb.Hazırda layihənin II mərhələsi üzrə işlər davam etdirilir. Buraxılan ceyran sürülərində artım (balavermə) müşahidə olunub. Ağgöl Milli Parkı ərazisinə 19, Qobustan-Cəngiçay ərazisinə 39, Acınohur-Sarıca düzü ərazisinə 40 baş ceyran buraxılıb. Sahəsi təqribən 24 min hektaradək olan Acınohur–Sarıca düzünə buraxılmış ceyran sürüsü hazırda 50 min hektaradək ərazidə hərəkət edir. Son günlərin araşdırmalarına əsasən ərazidə reintroduksiya olunmuş fərdlərdən əlavə, 2011-ci ildə dünyaya gəlmiş 7-10 sayda ceyran balası da müşahidə edilib. Eyni zamanda ceyranların bir il ərzində Samux və Şəki rayonlarının ərazisində də hərəkəti qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB