5 müharibə əlili və şəhid ailəsinə yeni mənzillər, 1 nəfər müharibə əlilinə isə avtomobil verildi

5 müharibə əlili və şəhid ailəsinə yeni mənzillər, 1 nəfər müharibə əlilinə isə avtomobil verildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bir qrup vətəndaşın qəbulu keçirilib. SİA-nın xəbərinə görə, nazir müavini Natiq Məmmədovun sədrliyi ilə baş tutan görüşdə nazirliyin Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonundakı yerli strukturlarının fəaliyyəti ilə bağlı ölkə prezidentinə, Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına şikayət ərizələri ünvanlayan bir qrup vətəndaş iştirak edib.

N.Məmmədov bildirib ki, görüşdə vətəndaşların problemləri dinlənilib, onlara müəyyən köməkliklərin ediləcəyinə dair söz verilib. Onun sözlərinə görə, vətəndaşların müraciətləri əsasən mənzil təminantı, əlillik dərəcəsinin müəyyən edilməsi, maddi yardımların göstərilməsi, əmək münasibətləri və digər məsələləri əhatə edib: "Onları dinlədikdən sonra insanlara geniş izahatlar verilib, qanuna müvafiq qaydada məsələlər həll olunub. Bəzən həssas insanlarla münasibətlərdə yol verilən kiçik bir diqqətsizlik vətəndaşlarda narazılıqlar yaradır. Bəzən sosial cəhətdən həssas insanlarla münasibətlərdə yol verilən kiçik bir diqqətsizlik belə həmin vətəndaşlarda narazılığa, onların müxtəlif instansiyalara şikayət ərizələri yazmasına səbəb olur və bu səbəbdən də strukturlara hər bir vətəndaş müraciətinə diqqət və qayğı ilə, həssaslıqla yanaşılması tapşırılıb. Vətəndaşların müraciətlərinin araşdırılması zamanı aztəminatı ailələrin bir qisminin aktiv sosial müdafiə tədbirlərinə cəlb edilmək üçün potensial imkanlara malik olmaları müəyyən edilib ki, belə ailələrin əmək qabiliyyətli üzvlərinin səmərəli məşğulluğunun təminatına kömək göstərilməsi, eləcə də onların gələcəkdə birdəfəlik ünvanlı yardım-Özünədəstək proqramına cəlb edilmələri qərara alınıb".

Vətandaşların şikayətlərini dinləyən nazir müavini onların həll edilməsi ilə bağlı nazirliyin şöbə müdirlərinə müvafiq tapşırıqlarını verib.

Qəbul zamanı 5 nəfər müharibə əlili və şəhid ailəsinə yeni mənzillərin, 1 nəfər müharibə əlilinə isə minik avtomobilinin açarları və sənədləri təqdim olunub.

Qeyd edək ki, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov və nazirliyin digər məsul şəxsləri Oğuz, Şirvan, Göyçay, Şəki, Ağcabədi, Yevlax, Şabran, Gəncə və digər bölgələrdə olaraq, Naxçıvan MR istisna olmaqla, ölkənin bütün bölgələri üzrə ümumilikdə 560-dan çox vətəndaşı qəbul ediblər. Nazirlikdə yaradılan İctimai Şuranın üzvlərinin də iştirakı ilə aparılan qəbul proseslərində şikayət ərizələrində qaldırılan məsələlər yerində və qanunvericiliyin tələblərinə uyğun tərzdə araşdırılaraq, müvafiq tədbirlər görülüb. Vətəndaşların yaşadıqları bölgədə qəbulu və müraciətlərinin araşdırılması işləri davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə