DYP: Son 3 gündə buzlu yollarda baş verən 23 hadisə nəticəsində 8 nəfər dünyasını dəyişib - STATİSTİKA

DYP: Son 3 gündə buzlu yollarda baş verən 23 hadisə nəticəsində 8 nəfər dünyasını dəyişib - STATİSTİKA

Qarlı və şaxtalı hava şəraiti nəticəsində yolların buz bağlaması ilə əlaqədar respublika ərazisində elə də ciddi hadisə baş verməyib. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev SİA-ya açıqlamasında deyib ki, son 3 gündə yanvarın 27-də 6 hadisə, yanvarın 28-də 14, yanvarın 30-da isə 3 hadisə qeydə alınıb. Onun sözlərinə görə, ümumilikdə, son 3 gündə respublika yollarında 23 hadisə baş verib ki, bunun nəticəsində də 8 nəfər dünyasını dəyişib. 23 nəfər isə yaralanıb. Hadisələrin daha çox rayonlar və rayonlararası yollarda olduğunu deyən K.Əliyev vurğulayıb ki, paytaxtda isə günə bir hadisə olub: "Məsələn, dünən Xətai rayonunda 1 piyadanın vurulması ilə nəticələnən hadisə qeydə alınıb ki, bu da yaralanma il nəticələnib. Binəqədi rayonunda 2 piyadanın vurulması ilə bağlı 1 hadisə, yanvarın 27-də Binəqədidə 1 piyadanın ölümü ilə bağlı hadisə olub. Nizami rayonun da isə xəsarət alanlar olub".


K.Əliyev soyuq və şaxtalı hava ilə əlaqədar sürücülərə bəzi məsləhətlər də verib: "Yaxşı olardı ki, sürücülər məhz belə havalarda kifayət qədər fərdi nəqliyyat vasitələrindən deyil ictimai nəqliyyatdan istifadə etsin. Lakin xüsusi şinlərlə təchiz olunan avtomobillərlə respublikanın bütün yollarında daha rahat hərəkət etmək olar. Artıq qar yağan və buzlaşma gedən gündən Baş Dövlət Yol Polisi İdarəsi gücləşdirilmiş iş rejimində çalışır. Görülən işlər nəticəsində bu gün bütün istiqamətlərdə yollar açıqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə