NİSA-nın qış sessiyası işə başlayıb

NİSA-nın qış sessiyası işə başlayıb

Bu gün Bakıda NATO Azərbaycan Beynəlxalq Məktəbinin (NİSA) qış sessiyası işə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən NİSA-nın direktoru Tamerlan Məmmədov sessiyanın "Ərəb baharı" inqilabları və Yaxın Şərqin gələcəyinə dair məsələlərə həsr olunduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycan NATO-nun ən yaxşı tərəfdaşlarından biridir və bu əməkdaşlıq yüksələn xətlə inkişaf edir.

Rumıniyanın Azərbaycandakı səfiri, NATO-nun Azərbaycandakı koordinatoru Daniel Kristian Çiobanu isə qurumla Azərbaycan arasında gözəl əməkdaşlığın mövcud olduğunu deyib. Diplomat xatırladıb ki, Azərbaycan 1992-ci ilin martında əməkdaşlıq və məsləhətləşmələr üçün forum rolunu oynayan Şimali Atlantika Əməkdaşlıq Şurası (ŞAƏŞ) qoşulub: "NATO-nun Cənubi Qafqaz regionunda yaranmış vəziyyətlə bağlı narahatlığı 1994-cü ilin yanvarında Şimali Atlantika Şurası tərəfindən qəbul edilmiş Bəyannamədə öz əksini tapıb. Bəyannamədə ərazi ələ keçirmək məqsədilə gücdən istifadə edilməsi pislənir və Cənubi Qafqaz dövlətlərinin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə hörmət regionda sülhün, sabitliyin və əməkdaşlığın bərqərar olmasının vacib elementi kimi səciyyələndirilir".

NİSA-nın sessiyaları ildə iki dəfə keçirilir və sessiyalara xarici ölkələrdən gənc tədqiqatçılar, diplomatlar dəvət olunurlar. Ötən sessiya NATO-nun yeni strateji konsepsiyasına həsr olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə