QHT-lər demokratiyanın inkişafı naminə səylərini birləşdirdi

QHT-lər demokratiyanın inkişafı naminə səylərini birləşdirdi

"Sumqayıt Gənclərinin Hüquqi Maaarifləndirilməsi" İctimai Birliyində "Demokratiyanın İnkişafına Vətəndaş Cəmiyyəti Dəstəyi" Regional QHT Koalisiyasının yaranması münasibətilə qurumun təsisçilərinin mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan "Sumqayıt Gənclərinin Hüquqi Maaarifləndirilməsi" İctimai Birliyinin prezidenti, hüquq müdafiəçisi Elçin Məmməd koalisiyanın yaranma səbəbləri və qarşıya qoyulan məqsədlərdən danışıb.

E.Məmməd qeyd edib ki, Azərbaycanda KİV, sərbəst toplaşma və siyasi fəaliyyət azadlığının məhdudlaşdırılması güclənib. Onun sözlərinə görə, qeyd edilən məsələlər beynəlxalq təşkilatların hesabatlarında əks olunub və bu ölkəyə baş ucalığı gətirmir. E.Məmməd həmçinin bildirib ki, artıq cəmiyyətdə inamsızlıq hiss olunur və belə vəziyyət Azərbaycanın regionlarında daha çox baş verir. Ona görə də regionlara diqqət artırılmalı və QHT-lər bu sahədə səylərini birləşdirməlidir.

Naxçıvanda fəaliyyət göstərən Demokratiya və İnsan Hüquqlarini Müdafiə Mərkəzinin həmsədri Asəf Quliyev regionlardakı demokratik vəziyyətdən danışıb və "Freedom House"nin ölkəmizlə bağlı sonuncu hesabatına toxunub. A.Quliyev qeyd edib ki, vətəndaş cəmiyyəti, siyasi partiyalar, qanunun aliliyi və dövlət strukturlarının işləkliyi ilə bağlı mənfi məqamlar qalmaqdadır.

Qeyd edək ki, cəmiyyətə təqdim olunan koalisiya "Sumqayıt Gənclərinin Hüquqi Maaarifləndirilməsi" İctimai Birliyi, Demokratiya və İnsan Hüquqlarini Müdafiə Mərkəzi, "Müasir Dünya" İqtisadi Maarifləndirmə İctimai Birliyi, "Xatun" Qadınların Sosial Problemlərinin Həllinə Yardım İctimai Birliyi, "Yüksəliş naminə" qəzeti və "Sağlam Gələcək Uğrunda" İctimai Birliyi tərəfindən təsis edilib. Koalisiya açıq saxlanılır və gələcəkdə digər regional QHT-lərin buraya daxil olması sərbəstdir.

Bütün xəbərlər Facebook səhifəmizdə