Qarlı və şaxtalı hava şəraiti paytaxtın yollarında nəqliyyat vasitələrinin sərbəst hərəkətini məhdudlaşdırıb. Sürücülər şaxtalı hava şəraitində avtomobili idarə etməkdə çətinlik çəkirlər. Yolların sürüşkən olması üzündən marşrutların interval uzanıb.
Paytaxtda apardığımız müşahidələr zamanı bəzi yollarda qarın təmizləndiyini müşahidə etdik. Yolların buz donması nəqliyyat qəzalarının baş verməsi ehtimalı artır.
Ancaq \"Azəryolservi\" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, gecə saatlarından qurum gücləndirilmiş iş rejiminə keçib: "Bütün respublika əhəmiyyətli və mərkəzi yollara qum və duz səpilib, yollarda buzlaşma olsa da bütün yollar açıqdır. Bakıda 350-yə yaxın texnika çalışır. Ölkənin regionlarında isə yolların təmizlənməsi üçün 700 texnika cəlb olunub.
Mümkün qədər avtomobildən az istifadə edin!
Küləyin təsiri yollarda buzlaşma yaradır. Baş Dövlət Yol Polisi İdarəsi havanın kəskin soyuması, qar yağması və bəzi yolların buz bağlaması ilə əlaqədar olaraq sürücülərə avtomobildən az istifadə etməyi tövsiyə edir. İdarənin şöbə rəisi Kamran Əliyevin verdiyi məlumata görə, Bakı-Quba, Xızı, Qusar, Bakı-Şamaxı rayonları ərazisində yollar buz bağlayıb. Ağsu dolaylarında və İsmayıllı-Muğanlı yolunda da hərəkət zolaqlarında buzlaşma var. Sürücülərdən xahiş olunur ki, bu yollardan mümkün qədər az istifadə etsinlər və hər iki oxu aparıcı olan nəqliyyat vasitələrinə üstünlük versinlər. Müxtəlif tutumlu nəqliyyat vasitələrinin, xüsusən də avtomobillərin təkərlərini adi dişli təkərlərlə əvəzləsinlər və onların hava təzyiqlərini təxminən 1.7 ölçüsünə salsınlar. Çünki belə tədbirlər nəticəsində sürüşmə təhlükəsi və qəzaların yaranma halları xeyli azalar. Yollar sürüşkən olarsa, sürücülər yüksək sürətdən və ötmə əməliyyatından istifadə etməsinlər. Bundan başqa, sürücülərə maşınlarını 50 kilometr/saat sürətlə hərəkət etdikləri anda qarşıdakı nəqliyyat vasitəsilə ən azı 100 - 150 metr ara məsafəsi saxlaması da məsləhət görülür.
Bu cür hava şəraitində yola çıxmaq artıq Daşkəsən rayonunda ağır yol qəzasına səbəb olub. Belə ki, Daşkəsən-Gəncə yolunda Qaratəpə kənd sakini, qarlı hava şəraiti və qatı duman səbəbindən avtomobil 30-40 metr dərinlikli uçuruma aşıb. Sürücü hadisə yerində dünyasını dəyişib.
Paytaxtda buzlaşan yollar
Bakı şəhər Dövlət Yol Polisi idarəsindən isə bildirildi ki, qurum gücləndirilmiş iş rejiminə keçib: "Paytaxt ərazisindəki buz bağlamış yollar təhlükəlidir. Sürücülərə mümkün qədər avtomobildən az istifadə etmək tövsiyə olunur".
Qurumdan o da bildirildi ki, yol polis idarəsinin şəxsi heyəti ərazilərdə xidmətdədir.
Qeyd edək ki, paytaxt ərazisində daha çox buzlaşan yollar Bakının şimal giriş-çıxışında - 20 Yanvar dairəsindən \"Şamaxinka\" istiqamətinə, Yasamal rayonunun dağlıq hissələrində, İnşaatçılar, Parlament, Mətbuat prospektlərində, Şərifzadə, Badamdara gedən yolda və digər yerli əhəmiyyətli yollarda buzlaşma var. Bu yollarda nəqliyyat vasitələrinin sürüşməsi, qəza şəraitinin yaranması və qəzaların baş verməsi təhlükəsi var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumatda isə bildirilir ki, soyuq hava şəraiti yanvar ayının sonuna kimi davam edəcək. Temperaturun iqlim normasından 3-4 dərəcə aşağı düşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB