İri şəhərlərdə daşınmaz əmlakın rəqəmsal kadastr xəritəsi hazırlanır

İri şəhərlərdə daşınmaz əmlakın rəqəmsal kadastr xəritəsi hazırlanır

Bakı, Sumqayıt, Gəncə və respublika tabeli digər şəhərlərdə daşınmaz əmlakın rəqəmsal kadastr xəritəsi hazırlanır. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən aparılan bu işlərə ilk olaraq Sumqayıtdan start verilib. Komitədən SİA-ya verilən məlumata görə, artıq Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi layihəsinin icrasına başlanılıb. Azərbaycanda daşınmaz əmlakın rəqəmsal kadastr xəritələrinin yaradılmasına dair texniki tapşırığa əsasən, Sumqayıt şəhəri üzrə elektron kadastr məlumat bazasının yaradılması üçün açıq tender də elan edilib.

Tenderin qalibi Türkiyənin \"Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş\" şirkəti olub və onunla müqavilə imzalanıb. Layihəyə əsasən, Sumqayıtın daşınmaz əmlakın kadastr xəritəsində bütün növ daşınmaz əmlaklar əks etdiriləcək.


Layihə çərçivəsində şirkət tərəfindən kameral və çöl ölçümü işləri aparılacaq. Çöl ölçmə işlərində mülkiyyət formasından asılı olmayaraq bütün növ daşınmaz əmlak obyektləri, o cümlədən, tikintisi başa çatdırılmamış tikililərin, mühəndis kommunikasiya obyektlərinin coğrafi müəyyənləşmə vəziyyətləri müəyyən ediləcək.


Bununla yanaşı, Sumqayıtda bütün yerüstü daşınmaz əmlak obyektlərinin faktiki istifadə vəziyyətlərinin sərhədləri dəqiqləşdiriləcək. Kameral şəraitdə isə stereomateriallar üzərindən daşınmaz əmlak obyektlərinin koordinatları müəyyənləşəcək.


Layihənin həyata keçirilməsi daşınmaz əmlak idarəçiliyinə, hüquqların qeydiyyatı prosesinin asanlaşdırılmasına, süni əngəllərin aradan qaldırılmasına və s. yardım edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə