Bakı qara bürünüb

Ölkə ərazisində havanın temperaturu xeyli aşağı düşüb və 1-5 dərəcə şaxta təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, bu gündən başlayaraq hava şəraiti daha da kəskinləşib, qar yağmaqla bərabər xəzri küləyinin əsməsi hava şəraitini daha da pisləşdirir. Nazirlikdən bildirildi ki, hazırda paytaxtda 15-20 m/s, şimal-qərb küləyi əsir. Küləyin sürəti arabir güclənərək 23-28 m/s çatacaq.


Hava şəraiti ilə əlaqədar paytaxt nəqliyyatın hərəkəti iflic vəziyyətə düşüb. Əsasən enişli-yoxuşlu yollarda nəqliyyat vasitələri işləmir. Şəhərdə tək-tək avtomobil gözə dəyir. Yollar buz bağladığından nəqliyyatın hərəkəti çətinləşib. Hazırda əhali şəhər daxili hərəkət etmək üçün metrodan istifadə edir. Paytaxt ərazisində qartəmizləyici maşınlar isə gözə dəymir. Yalnız şəhərin mərkəzi hissələrində bəzi yollar qardan təmizlənib.



Hava şəraitinin kəskin pisləşməsinə baxmayaraq Heydər Əliyev adına Beynəlxalq Hava Limanından bildirildi ki, uçuşlar əvvəlki qaydada həyata keçirilir. Ancaq Türkiyə ərazisində də yaranmış əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq İstanbul-Bakı marşrutu üzrə bir neçə gecə aviareysləri gecikmə ilə gəlib. Bəzi gecə reyslər isə ləğv edilib. Qar Beynəlxalq Avtovağzalın işində də problemlər yaranıb. Yolların qar tutması və buz bağlaması ilə əlaqədar olaraq əksər avtobus reysləri də təxirə salınıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirildi ki, qeyri-sabit hava şəraiti yanvarın 30-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə