Azərbaycanda bir sıra beynəlxalq təyyarə reyslərində ləngimələr yaranıb

Azərbaycanda bir sıra beynəlxalq təyyarə reyslərində ləngimələr yaranıb

Türkiyə ərazisində əlverişsiz hava şəraitilə əlaqədar olaraq İstanbul-Bakı marşrutu üzrə bir neçə gecə aviareysləri Bakıya gecikmə ilə gəlib. Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat veriblər.


TK 336 (Bakıya gəlişi yerli vaxtla 01:35-də), J2 078 (Bakıya gəlişi yerli vaxtla 03:30-da) və TK 338 (Bakıya gəlişi yerli vaxtla 04:10-da) nömrəli aviareyslər müvafiq olaraq 3, 1.5 və 2 saatdan çox gecikmə ilə Bakıda eniblər.


Öncə, Türkiyə ərazisində əlverişsiz hava şəraitilə əlaqədar olaraq, "Turkish Airlines" aviaşirkətinin həyata keçirdiyi İstanbul-Bakı və Bakı-İstanbul axşam reysləri ləğv edilib.


"TK 334 (Bakıya gəlişi yerli vaxtla 19:35-də) və TK 335 (Bakıdan gedişi 20:35-də) aviareysləri rəsmən ləğv edilib.


Reyslərin ləğv edilməsinə səbəb Türkiyə ərazisində müşahidə edilən pis hava şəraitidir", - aeroportdan deyiblər.


Aeroportdan bildiriblər ki, hava şəraitinə baxmayaraq, "Azərbaycan Hava Yolları" QSC-nin İstanbul istiqamətində həyata keçirdiyi aviareyslər ləğv edilməyib.


Bir müddət əvvəl hava şəraiti ilə əlaqədar olaraq İstanbul-Bakı aviareysi Bakıya bir saat gecikmə ilə gəlib. Hazırda İstanbula yola salınacaq təyyarəyə sərnişinlər minməkdə davam edir. "Təyyarə yaxın müddətdə Bakıdan uçmaldır", - aeroportdan qeyd ediblər.


Türkiyədə hava şəraiti ilə əlaqədar bir sıra daxili reyslər də ləğv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə