\"Beynəlxalq ictimai qurumlar heç bir zaman Azərbaycana qarşı müsbət münasibət bəsləməyib. Onların bütün hərəkətlərində ölkəmizə qarşı bir qərəz hiss edilir. "Sərhədsiz reportyorlar"ın hesabatı buna bariz nümunə oldu". Bunu
SİA-ya açıqlamasında "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyib. "Azərbaycanda istənilən iqtidar, yaxud müxalifət qəzeti azad şəkildə ölkədə gedən proseslərə öz mövqeyini bildirir, yeri gələndə hökuməti tənqid edir. Bu qeyri-real qiymətləndirmə dünya media sahəsində ölkəmizə qarşı mənfi fikir formalaşdırmaq istəyindən başqa bir şey deyil. "Sərhədsiz repartyorlar"ın ölkəmiz üçün tutduğu əsas nöqsan Azərbaycanda hələ də \"diffamasiya haqqında qanun\"un qəbul edilməməsidir. Lakin onlar nəzərə almayıblar ki, bu qanunun qəbulu ilə bağlı məsələ Milli Məclisin gündəliyindədir. Bunun gecikməsi o tip qurumların əlinə bəhanə vermiş oldu. Digər bir tərəfdən isə Rafiq Tağının öldürülməsi Azərbaycanı sevməyən qüvvələr üçün sanki göydəndüşmə bir fürsət oldu. Hər iki halda bu qərar qeyri-obyektivdir".
\"Bakı Xəbər\" qəzetinin baş redaktoru Aydın Quliyev məsələyə münasibət bildirərək deyib ki, beynəlxalq təşkilatlarda Azərbaycan haqqında qərəzli məlumatlara rast gəlinməsi təəssüf doğurucu haldır: "Apardığımız müşahidələr zamanı məlum oldu ki, verilən bütün məlumatların mənbəyi eynidir. Hər il eyni hesabatlardan qaynaqlanırlar. Bu isə adıçəkilən qurumların mötəbərliyini şübhə altına qoyur. İlk növbədə Azərbaycandakı mənbələrini dəyişsələr, daha yaxsı olar. Məncə, bu siyahının açıqlanmasından heç də narahat olmağa dəyməz. Çünki sözügedən qurumların kim tərəfindən məlumatlandırılması və onlara kimlərin dəstək verməsinin bizim üçün önəmi yoxdur. Önəmli olan odur ki, onlar hər zaman səhvən eyni mənbələrə müraciət edirlər".